“İlhamə Quliyeva dedi ki, haqqını halal elə”

11:04 - 18 Yanvar 2020 - Müsahibə

Nazpəri xanım Dostəliyeva: “Televiziyanı toyxana ilə səhv salmaq olmaz”

“Bəzən günahı olanın əvəzinə günahı olmayan cəzalandırılır. Mən bunu yaşamışam. Çox haqsızlıqla üzləşmişəm. İnanın mənə, balansın pozulmaması üçün o kəslərə cavab belə verməmişəm. Onu da zamanın, vaxtın öhdəsinə buraxmışam. Çünki, ən düzgün balans yarada biləcək vaxtın, zamanın özü olur”. “Üç nöqtə” qəzetinin qonağı xalq artisti Nazpəri xanım Dostəliyevadır.

-Nazpəri xanım, “Nə olar, Allahım, ayırma bizi”. Necə oldu ki, mahnı dillər əzbəri oldu ?
-O zaman internet yox idi, ona görə. Özüm bunu bilə-bilə dedim. Bu gün dinlənilməsi təhlükəli olan elə bir mahnıları “trend” adlandırırlar ki, adam dəhşətə gəlir. O zaman sosial media yox idi, amma yenə də mən bu mahnı ilə sevilir, tədbirlərə dəvət alırdım. “Nə olar, Allahım, ayırma bizi” mahnısının sözlərində yalnız qızın oğlana və ya oğlanın qıza olan sevgisi əks olunmur. Burada Vətənə, anaya, övlada sevgi var.

-Çox əziyyət çəkmisiniz?
-Çox. Mənim sevincimdən çox kədərim olub. Şad, xürrəm günlərimdən çox acılı, iztirablı günlərim olub. Amma mən onun heç birini tamaşaçıma bildirməmişəm. O acıları yaşadıqca möhkəmlənmişəm, ayaq üstə durmuşam, böyük və məsuliyyətli işlərin öhdəsindən gələ bilmişəm.

-Həyatı çox sınayırsınız, ya həyat sizi sınayır?
-Həyat, əlbəttə ki, insanı sınayır və sən bu sınaqlardan necə çıxırsan, budur əsas məsələ. Həyatın nəyini sınayım?! Həyat məni çox sınayıb və mən bu sınaqlardan Allahın mənə verdiyi güc, ağıl ilə alnıaçıq çıxmışam. Bu sınaqlardan çıxa-çıxa həyatımı yaşamışam.

-Həyatda balans yarada bilirsiniz?
-Çalışıram, yaradam. Balansın pozulduğu anlarda olur. Bəzən günahı olanın əvəzinə günahı olmayan cəzalandırılır. Mən bunu yaşamışam. Çox haqsızlıqla üzləşmişəm. İnanın mənə, balansın pozulmaması üçün o kəslərə cavab belə verməmişəm. Onu da zamanın, vaxtın öhdəsinə buraxmışam. Çünki, ən düzgün balans yarada biləcək vaxtın, zamanın özü olur.

-Səhviniz varmı ki, özünüzə bağışlamayasınız?
-Çox səhvlərim var, ki özümə bağışlamıram. Onları deyə də bilərəm, deməyə də. Şəxsi həyatımda da olub, yaradıcılığımda da. Şəxsi həyatdan danışmayım. İncəsənətdə elə adam olub ki, onlara dəyər vermişəm, sonradan çox peşiman olmuşam. Onlara çox yaxşılıqlar etmişəm. Amma elə bil o yaxşılıqlarım bir daşa dəyib, özümə pisliklər şəklində qayıdıb. Bunları öz səhvim kimi qəbul edirəm. Deməli, mən o insanları yanlış tanıyıb ətrafıma buraxmışam.

-İnsanlardan zərbələr alanda tək-tənha qalmaq istəyirsiniz?
-Bu sualın cavabını necə izah edim, bilmirəm. Bəzən istəyirəm elə bir yerə gedim ki, orada heç kəs olmasın, yalnız sakitlik olsun. Belə anlarım çox olub. Özümə qapanıb hər şeydən çox uzaqlaşmışam. Amma həyatdır, biz yaşayırıq. İnsan necə ömür boyu tək-tənha qala bilər ? Depresiyalı anlarımda özümü toparlayıb ayağa qalxa bilmişəm. Buna səbəb mənim sevənlərim olub. Mənim haqqım yoxdur ki, onlardan uzaqlaşım. Bunları nəzərə alıb yenidən sənətə qayıtmışam. Bu sevgilərə qarşı nankor ola bilmərəm.

-Özünüzü güclü qadın hesab edirsinizmi?
-Hesab etmirəm. Mən, həqiqətən güclü qadınam. Həyatımda aldığım zərbələr, üzləşdiyim böhtanların fonunda mən düşünürdüm ki, məhv olacam. Amma iradəmi toplayıb daha da möhkənləndim. Möhkəmlənib sevənlərimin qarşısına çıxdım. Zərbələr məni əymədi, sındırmadı. İnanın, çox istədilər ki, bu sənətdə olmayım. Amma mən Allaha sığındım və ondan bir şey istədim, səbr.

-Yolunuzu kəsən insanlara haqqınızı halal edirsiniz?
-Əgər böyük Allahımız bağışlayandırsa, mən niyə halal etməyim ? Əlbəttə, edirəm. Mən ürəyi yumşaq insanam. Aldığım zərbələr də elə ürəyimin yumşaqlığındandır. Kimdənsə zərbə alanda deyirəm ki, daha etməyəcəm yaxşılıq. Amma yenə də edirəm. Çünki ürək imkan vermir. Mən İlhamə Quliyevaya da haqqımı halal etmişəm. İlhamə Quliyeva bir neçə dəfə yuxumda mənə dedi ki, haqqını halal elə. Əlimi Allaha açıb söylədim, ey Allahım, sən özün onu bağışla.

-Müsahibələrinizdən birində demisiniz ki, mən layiq olduğum insanlarla düşmən ola bilərəm...
-Mən qalmaqaldan qaçan insanam, amma təəsüf ki, qalmaqal məni gəlib tapır. Mənim adımdan istifadə edib özlərini elə reklam edirlər ki. Mən o kəslərə önəm və əhəmiyyət verirəm ki, onlar mənim səviyyəmdədirlər. Mənim səviyyəmdə olmayan insanlara nə cavab verim?

-Üslübunuzu dəyişib gənc stomotoloqla bir mahnı oxudunuz. Bir az da ondan danışaq.
-Mahnının musiqisi Nailə xanım Mirməmmədliyə, sözləri isə Eltəkin Səfərova məxsusdur. Mən bu sahədən kənar şəxsə-bir stomotoloqa belə gözəl sözlər yazdığı üçün çox minnətdaram. Eltekinin özü ilə oxumağım isə tamam başqa bir gözəllik gətirdi mahnıya. Eltəkin öz sahəsində işinin peşəkarıdır, amma incəsənətdə də özünü uğurlu təqdim etdi. Əgər bir əsər ortaya qoya bildiksə, demək ki, nələrisə bacardıq.

-Mahnının nəqarət hissəsindən söz açaq.
-Deyirsiniz ki, nəqarət hissə daha qüvvətli səslənir. Bu ondan irəli gəlir ki, iki səs və qarmoniyalar düzgün üst-üstə oturub. Nailə xanım bunu daha yaxşı izah edər, amma sual verirsinizsə, izah etməliyəm. Dediyim kimi, burada kişi səsinin qadın səsi ilə uzlaşması və qarmoniyalar çox mühüm rol oynayır və bu vəhdət musiqiyə gözəllik verir.

-Efirdə toy musiqilərinin səslənməyinə necə münasibət bildirirsiniz?
-Bəzi müğənnilər var ki, toyları əlindən çıxmasın deyə toyda oxuduğu mahnını da gətirib efirə çıxarır. Bu düzgün deyil. Səhnə adət-ənənələri var. Televiziyanı toyxana ilə, toyxananı televiziya ilə səhv salmaq olmaz. Toyda sifarişlə oxuyursan, amma televiziyada belə deyil. Sən dinləyiciyə nəyi təqdim edirsənsə, onu da qəbul edirlər. Ona görə də dinləyicilərin zövqünü korlamaq olmaz.

-Musiqilərdə bayağılaşma gedir. Bunun qarşısını necə almaq olar?
-Bayağı ifaçıların sayı artdıqca sənətkarlar uzaqlaşır. Amma bizlər uzaqlaşmamalıyıq. Sənəti olan, şəxsiyyəti olan ifaçılarımız, hətta belə deyim ki, düz çıxsın, sənətkarlarımız onları tənqid etməlidir və qoymamalıdır ki, musiqilərimizi bayağılaşdırsınlar.

-Gənclərə çox dəstək olursunuz?
-Bu gün elə gənclərimiz var ki, mən onlarla eyni səhnəni bölüşürəm, onlara dəstək oluram. Təbii ki, istedadı olan ifaçılardan gedir söhbət. Gənclərlə oxumaram, deyib də özümü kənara çəkmirəm. Əgər ifaçının sənəti varsa, niyə oxumayım ? Sənəti olan gənclər sənətkarlara hörmət edirlər. Onların bu hörmətlərinin qarşılığında mən də onlara dəstək oluram. Amma sənəti olmayan, özünə hörmət etməyən ifaçılarla heç vaxt duet oxumaram. Tək mən deyil, heç digər sənətkarlarımız da oxumaz.

-Bəs gənclər tənqid qəbul edirlərmi?
-Əfsuslar olsun ki, xeyr. Bu günkü gənclər tənqidə açıq deyillər. Özümdən nümunə çəkim. Mənə bu gün belə hansısa sənətkar desə ki, mahnının bu hissəsi səhvdir, düzəltməyə çalışaram. Lakin gənclərimiz bunu etmirlər. Tənqidi başqa cür qəbul edirlər. Elə bilirlər qərəzliyik. Bu belə deyil. Biz çalışırıq ki, tənqid edib inkişaf etdirək. Atam həmişə mənə deyərdi ki, səni ağladan müəllimlə dost ol, onu daha çox sev, onun yanında daha çox ol. İndi bu sözlərin mənasını daha dərindən dərk edirəm.

-Nazpəri xanım, dəvətimizi qəbul edib gəldiyiniz üçün çox sağolun.
-Mən də sizə minnətdaram.

Rövşən Tahir

Xəbər xətti