Bakı yol polisi yağışlı hava ilə bağlı sürücülərə müraciət edib.
Paytaxtın Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sürücülər digər günlərə nisbətən yağışlı havalarda daha diqqətli olmalı, sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar:
“Avtomobillərini meteoroloji şəraiti nəzərə almaqla idarə etməlidirlər. Günün pik saatlarında havaların yağışlı olması, səhər havanın gec işıqlanması, axşam isə tez qaralması hərəkət iştirakçılarının görmə qabiliyyətini məhdudlaşdırır. Yağış yağdığı üçün asfalt səthində sürüşmə yaranır. Sürücülər bunu nəzərə alaraq sürət qutusundan və əyləc sistemindən düzgün istifadə etməlidirlər. Eyni zamanda, nəqliyyat vasitələrinin dövlət nömrə nişanları, işıq cihazları təmiz saxlanılmalıdır.
"Yol hərəkəti haqqında" qanuna əsasən, yol və meteoroloji şəraiti nəzərə almamaqla törədilən qəzalarda sürücülər məsuliyyətə cəlb oluna bilər".