“Rəqs edəndə özümü bu dünyada hiss etmirəm”

Fatimə Fətəliyeva: “Millətimi çox sevirəm”

“Həyat qəribədir. Qəribə olmasaydı, biz yaşamağı bacarmazdıq. O, həm qəribədir, həm də maraqlıdır. Bu qəribəlik içində insan özünü gərək tapsın. Özünü tapmayanda, o deyillər ki, səhv düşəndə yeri, bax o zaman müsibət olur”. Ucnoqta.az saytının qonağı Fatimə Fətəliyevadır.

-Özünüzü cazibədar xanım hesab edirsiniz?
-İlk olaraq onu qeyd edim ki, özümü o kateqoriyaya aid insan hesab etmirəm ki, tərif edim, “məndən yoxdur” deyim. Nə də gözəlliyimlə öyünməmişəm. Əksinə həmişə özümdə qüsurlar axtaran insan olmuşam və onları düzəltməyə çalışmışam. Həm görüntü baxımından, həm də digər baxımdan olan düzəlişləri deyirəm. Cazibədar deyəndə hər bir xanımın özünəməxsus şarmı olduğu kimi mən də özüməxsus şarma malikəm.

-Oksana Rəsulova ilə hazırda münasibətiniz necədir?
-Çox yaxşıdır. Oksana ana olanda onu təbrik də etmişəm. Oksana ilə hər hansısa bir tədbirdə, hansısa məkanın açılışında üz-üzə də gəlirik. O zaman onunla çox mehribancasına və isti münasibət çərçivəsində salamlaşıb görüşürəm.

-Daha çox nəyə pul xərcləyirsiniz?
-Öz sənətimə ən çox pul xərcləyirəm. Elə bir sahədəyəm ki, mütləq pul xərcləməliyəm. Çünki kapital yatırmasam, onun bəhrəsini görə bilmərəm. Yeganə rəqqasəyəm ki, rəqsləri ifa edəndə bəstəkarlara müraciət edib mənə musiqi yazmalarını xahiş edirəm. Bu gün çox musiqilər var ki, özüməməxsus rəqslərimin fonundadır. Adətən görmüşük ki, müğənnilər mahnıya pul xərcləyər, amma mən də bəstələrə pul xərcləyirəm.

-Həm rəqs etmək, həm də xınayaxdı tədbirləri aparmaq. İki işi bir yerdə görmək çətinlik yaradır?
-Əlbəttə. Tez-tez mənə deyirlər ki, Fatimə xanım, bu enerji hardandır sizdə ? Deyə bilmirəm ki, nə edim, çalışmalıyıq da ?! Mən də insanam. Hərdən güzgüyə baxanda özümə yazığım gəlir. Amma səhnəsiz, sənətsiz qala bilmirəm. Mən mikrafon, kamera, səhnə görəndə enerjim tükənmiş olsa belə, mənə bir enerji gəlir. Bu gün sizinlə danışıram, amma bir daxili dünyama daxil olub görsəniz ki, nə qədər yorğunam. Lakin mən bunu sizə biruzə vermirəm. Vermərəm də. Çünki məni Fatimə Fətəliyeva edən jurnalist qələmi və Fatiməni xalqa tanıdan yazıları olub. Yorğun olsam da, sualları cavablandırdıqca, sanki, mənə bir enerji gəlir.

-Nə zaman qərara gəldiniz ki, xınayaxdılar aparmalısınız?
-Mən milli ruhda olan insanam. Millətimi, adətimi, ənənəmi çox sevirəm. Heç bir zaman düşünməmişəm ki, nə zamansa xınayaxdı apararam. Amma tale elə gətirdi ki, apardım. Necə oldu ki, xınayaxdı apardım? Birinci mən xonça dükanı açmışdım. Heç yadımdan çıxmaz, xonçaları səhərə qədər ilk dəfə özüm hazırlamışdım. Xonçaların bəzəyini düzəldəndə yoldaşım gəlib mənə dedi ki, sən bunun bəhrəsini görəcəksən. Daha sonra xına şirkəti yaratdım. Amma ilk vaxtlar özüm aparmırdım. Başqalarına deyirdim, tədbirləri onlar aparırdı. Sonra fikirləşdim ki, axı mən niyə aparmayım? Beləcə, başladım özüm aparmağa və uğurlu da alındı.

-Xınayaxdılara neçəyə gedirsiniz?
-Qiyməti açıqlamayacam. Niyə? İnsanlar var ki, xınayaxdılarını pulsuz aparmışam. Mənə ayıb olar, durum deyim ki, bu qiymətə aparıram, vəssalam. Bəlkə, kimsə məni öz xınayaxdısında görmək istəyir. Məbləğ deməklə mən onun istəyinə qarşı ola bilərəm. Ola bilər ki, mənim dediyim məbləğə onun gücü çatmaz. Ona görə də məbləğ demirəm.

-Hansı milli rəqs sizə doğmadır?
-Mənim üçün bəzi milli musiqilər var ki, çox özəldir. Buraya “Turac”, “Sarı gəlin”, “Uzundərə” və bir neçə musiqilər aiddir. Onları rəqs edəndə başqa aləmdə oluram. Mən, ümumiyyətlə, rəqs edəndə özümü bu dünyada hiss etmirəm. Pərvazlanıram. Sanki, elə bilirəm ki, dünya mənimdir. Səhnədə olanda ətrafımda nə baş verirsə, versin, onu görmürəm. Məni bərkdən belə çağırsınlar, yenə də eşitmərəm.

-Yaxşı və pis günlərinizi tərəziyə qoysaq, hansı daha ağır gələr?
-Həyatda pessimist olmaq lazım deyil. Yəni pis günlərini yadına salıb onunla yaşa, bu düzgün deyil. Demirəm, kimsə keçmişini unutsun. Əsla. Amma pis günlərin xatirələri ilə yaşamaq insana nə verəcək? Yalnız mənəvi sarsıntı. Mənim keçmişim çox gözəl olub. Elə bir ailədə dünyaya göz açıb böyümüşəm ki. -Amma həyatdır bəzən insana zərbələr də vurur. Bildiyiniz kimi, mən Tibb Universitetini 4-cü kursdan tərk etmişəm. Atam rəhmətə getdikdən sonra həyat mənə qarşı çöndü. Amma bu müəyyən bir müddət oldu. Sonradan Allah yenidən mənə qapılar açmağa başladı və mən yavaş-yavaş, pillə-pillə sənətdə uğurlar əldə etdim.

-Daxili aləminiz hansı rəngdədir?
-Al-əlvandır. Mən işiqlığı, rəngarəngliyi sevən insanam. Sevirəm ki, insanlar pozitiv olsun, bir-birlərinə sevgi bəxş etsin. Görəndə ki, insan səmimi deyil, ondan uzaqlaşıram. Düzdür, əvvəl insanları tanımırdım, amma həyat mənə çox şey öyrətdi.

-Həyat qəribədir. Bu fikirlə razısınız?
-Həyat, əlbəttə, qəribədir. Qəribə olmasaydı, biz yaşamağı bacarmazdıq. O, həm qəribədir, həm də maraqlıdır. Bu qəribəlik içində insan özünü gərək tapsın. Özünü tapmayanda, o deyillər ki, səhv düşəndə yeri, bax o zaman müsibət olur.

-İnsanları niyə sevmək lazımdır?
-İnsan olduqları üçün. Bəzi insanlar var ki, ağı qara görür. Amma ağı qara görmək lazım deyil, onu elə ağ olaraq görmək lazımdır. Hər kəs çalışmalıdır ki, daxili dünyası təmiz olsun. Bir az öncə dedim axı, insanlara sevgi vermək lazımdır.

-Sevgi nədir, sizcə?
-Sevgi dəhşətli bir şeydir. Mən sevəndə müsibətcəsinə sevirəm. Böyüklərdən üzr istəyirəm, yoldaşımı sevəndə dediyim kimi sevmişdim. Amma bu gün o sevgi yoxdur. Onun yerini hörmət tutub. Sevgi heç kimdən soruşmur ki, bu zaman gəlirəm. O, birdən gəlir, qapını döyür və içəri daxil olur. Hər adam da sevə bilmir. Sevgi müqəddəs bir məfhumdur.

-Qəlb sınması...
-Çox pis şeydir. Qəlbimi sındıran kəslər də olub. Amma buna görə zərrə qədər də peşiman olmamışam. Niyə axı peşiman olum ? Qoy qarşı tərəf pis olsun ki, məni itirir. Qəlbim sınanda kimdənsə ona kin də saxlamıram. Sadəcə qəlbimi qırandan uzaqlaşıram. Ona nə pislik edirəm, nə də yaxşılıq.

-Nədən qorxursunuz?
-İtirməkdən. Sizə bir şey deyimmi ? Mən özüm üçün yaşamıram.  Buna görə də atdığım hər bir addımı fikirləşirəm. Çünki ailəm var, övladlarım var, anam var.

-Bu gün ananıza hesabat verirsiniz?
-Belə bir şey deyəcəm, biləcəksiniz, hesabat verirəm ya yox. Axşam saat 11 tamamı keçən kimi anam zəng edir ki, hardasan? Anam məni dəhşət çox istəyir. İnanın səmimiyyətimə, məni az qalsın ki, divara, daşa da qısqansın.

-Həyatda uğursuz şəkildə nəyisə gözləmək lazımdı ya tez-tələsik cəhd etmək?
-Mənim fikrimcə səbr edib gözləmək lazımdır. Səbr o qədər gözəl bir şeydir ki. Deyim ki, oturub ancaq gözləmək lazımdır, bu düzgün olmaz. İnsan cəhd də etməlidir. Amma dediyim kimi səbrlə, təmkinlə hərəkət edərək.

-Mübarizə aparan qadınsınız?
-Bəli. Hər şey üçün mübarizə aparıram. Qoç bürcündə, at ilində dünyaya göz açmışam. Sizcə, necə bir insan ola bilərəm ? Ömür boyu bu iki ünsürün-bürcün və ilin keyfiyyətləri ilə hərəkət etmişəm.

-Kiməsə qarşı ədalətsiz olmusunuz?
-Olub. Kiminsə xətrinə dəymişəm, amma sonra düşünmüşəm ki, mən ona qarşı ədalətsiz olmuşam. O zaman gedib ondan üzr də istəmişəm. Mən günahkar olanda “bağışla” sözünü deməkdən utanmıram. Özüm də bağışlamağı bacaran insanam.

Rövşən Tahir

Tarix
10 Fevral 2020 [17:21]
Müəllif
Üç nöqtə
2020-02-10 17:21:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin