“Hər tamaşa mənim üçün böyük sevinc və qürur mənbəyidir”

Arzu Soltan: “İndi teatrı başa düşən tamaşaçı azdır”

Deyir ki, ssenari həyat məntiqini aşmamalı, həyatın harmoniyasını pozmamalıdır. Hadisələr sifarişlə, yəni məhz ssenarist belə istəyir deyə inkişaf etməməlidir: “Ssenari yazanda çalışıram ki, səhnələşdiriləcək materiala tamaşaçı gözü ilə baxım. Mən səhnədə nə görmək istəyərdim və nədən zövq alardım, onu nəzərə almağa çalışıram. İstəyirəm ki, hər bir tamaşaçı bizim tamaşaya baxandan sonra daha əvvəlki adam olmasın. İçində bir kəşf, bir yenilik, bir işıq aparsın özü ilə”.

“Üç nöqtə” qəzetinin qonağı Bakı Uşaq Teatrının Ədəbi hissə müdiri, ssenarist, yazar Arzu Soltandır. Arzu xanımla ümumi fəaliyyətindən və teatrda gedən proseslər barəsində söhbətləşdik.

- Söhbətə hazırkı fəaliyyətinizdən başlayaq. İşləriniz necə gedir?
- Təşəkkür edirəm, Könül xanım. İşlərimiz ümumi ahəngə uyğun gedir.

- Jurnalistika sahəsini bitirsəniz də bu gün fərqli sahələr üzrə çalışırsınız. Jurnalistikadan ayrılmağınıza səbəb nə oldu?
- Əslində jurnalistika sahəsindən ayrılmış hesab etmirəm özümü. Aktiv jurnalistika ilə məşğul olmasam da mən ruhən jurnalistəm və hadisələrə, ətrafa həmişə jurnalist gözü ilə baxıram. Yazmaq ehtiyacı hiss edəndə yazıram da. Ayrı-ayrı vaxtlarda müxtəlif jurnal, qəzet, internet portalı istehsalı ilə də məşğul olmuşam. Hərdən şəxsi bloqumda yazılar paylaşıram. Amma bir yerdən sonra jurnalist olaraq öz dilimdən yazdıqlarımı, dediklərimi personajların dili ilə deməyin daha effektli və daha miqyaslı olduğunu hiss etdim. Odur ki, mənim yazdığım pyeslərdə, film, serial ssenarilərində, hətta uşaq verilişlərində belə, obrazların içində heç olmasa biri dünyanı dəyişmək arzusunda olan jurnalist kimi davranır. Bir də ki, məni jurnalistika sahəsindən necə ayrılmış hesab etmək olar ki, hələ də Şimali Kiprin Doğu Akdeniz Universitetində bu sahə üzrə doktorantura təhsilimi davam etdirirəm. Bu yaxınlarda “Sosial media savadlılığı” mövzusuna həsr etdiyim elmi işimi müdafiə etməyə hazırlaşıram və Azərbaycanda çox az sayda olan media üzrə fəlsəfə doktorlarından biri olacağam.

- Uşaqlarla işləmək elə də asan məsələ deyil. Bu günün uşaqları nələrə maraq göstərirlər?
- Haqlısınız, uşaqlarla işləmək asan məsələ deyil. Ona görə ki, hər bir uşaq özündən əvvəl uşaq olmuş bir nəslin məhsuludur və sələflərinin bütün yaxşı və çatışmayan cəhətlərinin daşıyıcısıdır. Uşaq cəmiyyətə artıq müəyyən keçmişlə yüklənmiş vəziyyətdə daxil olur və onunla işləmək fərdi münasibət tələb edir. Odur ki, bu günün uşaqlarının maraqları da fərqli və fərdidir. Düzdür, müəyyən ümumiləşdirmələr aparmaq olar. İndiki uşaqların telefona, internetə, şəbəkə oyunlarına maraqlarından danışmaq olar. Bunu hamı bilir. Amma şəxsi müşahidəmə əsaslanıb onu deyə bilərəm ki, indiki uşaqların belə kommunikasiyadan daha çox canlı ünsiyyətə ehtiyacı var. Mən illərdir Bakı Uşaq Teatrının bazasında  Forum teatrı metodu ilə müxtəlif mövzularda təlimlər verirəm. Bakıda, regionlarda, cəbhəyanı bölgələrdə məktəblilərlə işləyirik. Və hər yerdə, hər dəfə bunun şahidi oluram ki, uşaqlarla danışan, onların maraqlarını nəzərə alan azdır. Hər layihədən sonra uşaqların gözlərində necə parıltı yarandığını, içlərində işıq yandığını görürəm.  Bu ünsiyyətin davamlı olmasını necə arzuladıqlarını hiss edirəm. Bu məni sevindirir. Bir də hər dəfə işlədiyimiz uşaqların valideynləri, müəllimləri, məktəblərin rəhbərləri etiraf edirlər ki, biz bu uşaqların belə qabiliyyətli olduqlarını bilmirdik. Bu isə, məni təəssüfləndirir. “Rəqəmsal yerlilər” adlandırılan indiki nəslin nümayəndələri rəqəmsallıqdan kənardakı münasibətlərə həqiqətən acdırlar.

- Bəzən deyirlər ki, “uşağı aldatmağa nə var ki?”. Siz necə düşünürsünüz, uşaqları aldatmaq olurmu?
- Hazırda üzərində işlədiyim elmi iş məni məcbur edir deyim ki, əslində istənilən növ media (qəzet, jurnal, TV, kino, tamaşa, reklam, sosial şəbəkə, İnternet oyunları və s.) qurmadır və oxucunu, izləyicini, tamaşaçını yumşaq desək, yönləndirmək məqsədi daşıyır. Odur ki, Qərbdə media savadlılığı, yəni mediadan düzgün istifadə, medianın verdiyi mesajları doğru anlamaq, təhlil etmək, tənqidi yanaşmaq, rəy vermək və cavablandırmaq, yenilərini yaratmaq bacarıqları uzun illərdir ki, tədris olunur. Türkiyədə də artıq bu fənn orta məktəb proqramlarına salınıb. Bizdə isə hələ ki, nəinki uşaqları, böyükləri də aldatmaq çətin deyil. Çünki, belə bir hazırlıq keçilmir və hər gün yenilənən, inkişaf edən medianın qarşısında silahsız kimiyik. O ki qaldı uşaqları aldatmağa, bizim məqsədimiz onları aldatmaq yox, əksinə,  inandırmaqdır. Öz güclərinə, bacarıqlarına, həqiqətə, ədalətə, dünyanın gözəlliyinə, uğurun və xoşbəxtliyin öz seçimlərinə bağlı olduğuna inandırmaq.

- Ssenari yazarkən üstünlük verdiyiniz xüsusi məqamlar varmı?
- Təbii ki, var. Belə məqamlar çoxdur. Məsələn, ssenari həyat məntiqini aşmamalı, həyatın harmoniyasını pozmamalıdır. Hadisələr sifarişlə, yəni məhz ssenarist belə istəyir deyə inkişaf etməməlidir və s. Ssenari yazanda çalışıram ki, səhnələşdiriləcək materiala tamaşaçı gözü ilə baxım. Mən səhnədə nə görmək istəyərdim və nədən zövq alardım, onu nəzərə almağa çalışıram. İstəyirəm ki, hər bir tamaşaçı bizim tamaşaya baxandan sonra daha əvvəlki adam olmasın. İçində bir kəşf, bir yenilik, bir işıq aparsın özü ilə.

- Yazdıqlarınızı  aktyorlarımiz layiqincə oynaya bilirlərmi?
- Xoşbəxtlikdən teatrda işləyirəm və aktyorlarla birbaşa ünsiyyət imkanım var. Bakı Uşaq Teatrının aktyorları ilə bir-birimiz başa düşürük və ahəngdar işləməyə çalışırıq. Aktyorlarımızın hamısı istedadlı və uşaqlararla işləməyə hazırlıqlıdırlar. Başqa teatrlarda da tamaşalarım qoyulub və həmişə razı qalmışam. 1990-cı ildən bəri müxtəlif işlərim səhnələşdirir və hələ də hər tamaşa mənim üçün bayram, böyük sevinc və qürur mənbəyidir.

- Gənc aktyor və aktrisaların işi sizi qane edirmi?
- Sənəti sevməyən teatrda qala bilmir. Sənəti sevənlərin isə, işlərindən razı qalmamaq mümkün deyil. Bu yaxında, analara və oğullara ithaf etdiyim “Ballı” adlı tamaşamın premyerası oldu. Tamaşada baş rolu Bakı Uşaq Teatrının gənc aktyoru Sənan Fərzəliyev ifa edir. Premyeradan sonra teatrımızn bədii-rəhbəri-direktoru, əməkdar artist İntiqam-Soltan mənə dedi ki, “sən Azərbaycan teatrına daha bir aktyor qazandırdın”. İntiqam müəllimə bu yanaşmasına minnətdar olduğum qədər Sənana və teatrımızda yetişən bütün aktyorlara da minnətdarlığım sonsuzdur.

- İllər öncə uşaq hüquqlarına həsr olunmuş “Baş rolda hüquqlarımız” kitabınız işıq üzü görüb. Yeni kitab yazmaq fikriniz varmı?
- “Baş rolda hüquqlarımız” mənim yeganə kitabım deyil. Kitab yazmağı qarşıma xüsusi məqsəd olaraq qoymasam da, 2016-cı ildə Bakı Uşaq Teatrının təşəbbüsü ilə “Birpərdəli uşaq pyesləri” adlı kitabım işıq üzü görüb. Kitabda uşaqlar və yeniyetmələr üçün yazdığım, əsasən doğma teatrımızda səhnələşdirilmiş pyeslərim yer alıb. Tələbəm, PR mütəxxəssisi Cəfər Mənsimi ilə birlikdə 2015-ci ildə “Uğur kitabı”, 2019-cu ildə “Öncəki sən olma”, “Yeni sən yarat” kitablarını yazmışıq. Çalışdığım çeşidli tarixi, sosial layihələrin nəticəsi olan kitablar var. Bu yaxınlarda işıq üzü görən “Cəsur qızlar” adlı kitabda Azərbaycanın örnək qadınları, ilk gəmi kapitanımız Şövkət Səlimova, bəstəkar Şəfiqə Axubdova, xalça ustası, sahibkar Fatimə Ağamirzəyeva haqqında hekayələrim yer alıb. Hazırda üzərində işlədiyim dissertasiyanın kitab şəklində çap olunmasını planlaşdırıram. Bununla belə, beynimdə saysız-hesabsız süjetlər, tövsiyələr, texnikalar, hətta roman ideyası olsa da, çox səbirsiz adamam. Böyük həcmli kitab yazmaq üçün isə səbr lazımdır.

- Həyat yoldaşınızla eyni teatrda çalışırsınız. Bunun nə kimi müsbət və mənfi tərəfləri var?
- Bəli, Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, respublikanın əməkdar artisti İntiqam Soltan mənim həyat yoldaşımdır. Həyatda və sənətdə həmişə arxalandığım, örnək hesab etdiyim insandır. Bizi birləşdirən yüksək ideyalar, dəyərlər var və onlara çiyin-çiyinə xidmət etmək daha gözəldir.
Amma birlikdə işləməyimizin nə mənfi, nə də müsbət cəhəti yoxdur. Hamı necə, biz də elə. İşdə sadəcə iş yoldaşıyıq.

- Fikrinizcə, bu gün teatrlarımızda nələr çatışmır?
- Tamaşaçı. Söhbət saydan yox, intellektual səviyyədən, teatr mədəniyyətindən gedir. Səbəb də odur ki, teatrın insanın formalaşmasındakı əlahiddə rolunu başa düşən nəsillərlə indiki nəsillər arasında körpülər qırılıb. İndi teatrı başa düşən tamaşaçı azdır.

- Əvəllər hər il Bakı Uşaq Teatrında əsərləriniz, hekayələriniz səhnələşdirilirdi. İndi niyə səhnələşdirilmir?
- Əvvəlki qədər olmasa da, indi də səhnələşdirilir. Dekabrın 8-də Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “2+1” Eksperimental Teatr Festivalında “Ballı”nın premyerası oldu. Daha əvvəl qeyd etdiyim kimi, bu tamaşa mənim analara və oğullara ithaf etdiyim “Ballı” pyesim əsasında səhnələşdirilib. Tamaşa həm də teatrımızın  aktyoru Mehman Dilqəmoğlunun rejissor kimi debütüdür. Hazırda teatrın repertuarında uşaqlar və gənclər üçün olan daha  6-7 tamaşam var. Və görünür, əvvəlki sualın cavabında dediyim bir məqamı inkar etmiş olacağam. Belə ki, həyat yoldaşımla eyni teatrda işləməyimin yaratdığı əngəl odur ki, mənim əsərlərimin tez-tez səhnələşdirilməsi müəyyən söz-söhbətə səbəb olur. Məntiqsiz olsa da, bu belədir.

- 2020-ci ilə sayılı günlər qalıb. Yeni ildə tamaşaçilar sizdən nə gözləsinlər?
- Teatr olaraq yenə də zamanın aktual mövzuları ilə ayaqlaşmağa, uşaq və gənclərin əyləncəsini təşkil etməklə bərabər, onların şəxsiyyət kimi formalaşmasına, maariflənməsinə xidmət edən layihələr gerçəkləşdirməyə çalışacağıq. Uşaq və gəncləri zəmanənin bəlalarından, qlobal problemlərdən qorumaq, onları yüksək bəşəri duyğularla bəsləmək vəzifəsini çiynimizdən atmayacağıq. Təzə ildə yol hərəkəti təhlükəsizliyinə həsr etdiyim “Yaxşı yol” pyesimin tamaşasının  də gənc tamaşaçıların ixtiyarına verilməsi nəzərdə tutulur. Onu da deyim ki, teatrın adının da bu yaxında Bakı Uşaq və Gənclər Teatrı olaraq dəyişilməsi planlaşdırılır.

Könül Oruc

Tarix
27 Dekabr 2019 [18:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-12-27 18:42:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin