Bakıda plastik tullantılardan Yeni il ağacı hazırlanıb

14:08 - 10 Dekabr 2019 - Xəbər

İctimaiyyətin diqqətini ətraf mühitin qorunmasına yönləndirmək, cəmiyyəti tullantıları düzgün idarə edilməsi istiqamətində maarifləndirmək, həmçinin tək istifadəlik plastik əşyalardan istifadənin azaldılmasını, alternativ və bərpa olunan enerji mənbələrindən istifadəni və sağlam həyat tərzini təbliğ etmək məqsədilə 6 dekabr 2019-cu il tarixində AZGREEN Mühəndislik və Ətraf Mühit Xidmətləri şirkətinin və Bakı Xəzər Rotari Klubunun birgə təşkilatçılığı, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı Səfirliyinin, Park Bulvar Ticarət Mərkəzinin və Azersun Holdinqin dəstəyilə Park Bulvar Ticarət Mərkəzində “Plastik tullantılardan Yeni il ağacının hazırlanması” layihəsinə start verilib.

Yeni il ağacının hazırlanması prosesində ABŞ-ın Azərbaycandakı səfirinin müavini cənab Maykl Dikerson da iştirak edib. Karton tullantılarından düzəldilmiş robot və plastik butulkalardan hazırlanmış qar adamı uşaqları əyləndirmək, Yeni il ağacının işıqları üçün enerjinin velosiped pedallarının çevrilməsiylə təmin edilməsi isə insanlarda alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə maraq artırmaq üçün nümayiş etdirilir.

Qeyd etmək istərdik ki, ziyarətçilər dekabr ayının ortalarına qədər Park Bulvar Ticarət Mərkəzində nümayiş etdirilən Yeni il ağacını işıqlandırmaq məqsədilə təyin olunan vaxtlarda velosipeddən istifadə edə bilərlər.
“Plastik tullantılardan Yeni il ağacının hazırlanması” layihəsi 2017-ci ildə Rotari Klubunun Azərbaycandakı nümayəndəlikləri, ABŞ-ın Azərbaycandakı səfirliyinin və Saritanın Ekoloji Yaradıcılığının təşəbbüsü ilə başladılıb.


Xəbər xətti