Nizami Paşayev 10 ildən sonra dünya çempionu adını qazandı - FOTO

10:43 - 7 Dekabr 2019 - İDMAN

Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayev üçqat dünya çempionu adını qazanıb.

Artıq karyerasını başa vurmuş titullu idmançı buna 10 ildən sonra nail olub. Paşayevin 2009-cu ildə Cənubi Koreyanın Koyan şəhərindəki dünya çempionatında 94 kq çəki dərəcəsində əldə etdiyi gümüş medal "qızıl"la əvəzlənib. Buna səbəb həmin mundialın qalibi olmuş qazaxıstanlı Vladimir Sedovun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsidir. Sedov 8 il müddətinə diskvalifikasiya olunub və onun 2016-cı ilədək olan bütün nəticələri ləğv edilib.

Artıq bu dəyişiklik Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəsmi saytında da əksini tapıb.
Beləliklə, Paşayev birinci pilləyə qalxıb və Azərbaycanın ağırlıqqaldırma idmanı tarixində 3 qat dünya çempionu adını qazanmış ilk idmançısı olub.

Qeyd edək ki, Nizami Paşayev 2002 və 2009-cu illərdə də dünya çempionu olub. Onun aktivində 2001-ci ilin Avropa çempionluğu da var. Bununla yanaşı, Paşayevin dopinq-testi müsbət nəticə verdiyi üçün 2006-cı il Avropa çempionluğu və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarındakı nəticəsi (5-ci yer) ləğv olunub. /report


Xəbər xətti