“Musiqidə hakimlik etmək üçün gərək məndən çox bilsinlər”

Xalq artisti Faiq Sücəddinov: “Yaradıcı insan duyğusal olmalıdır”

“Elə bir insanlarla ünsiyyətdə deyiləm ki, onlardan küsüm və ya kimsə mənə qiymət verməsin. Mən kiməsə qiymət verə bilərəm. Çünki, buna yaşım imkan verir. Məsələ ondadır ki, musiqidə hakimlik etmək üçün gərək məndən çox bilsinlər. Demirəm ki, zirvədəyəm, amma musiqidə öz sözümü demişəm. Mən Konservatoriyanı beş qiyməti ilə bitirmişəm. Bir də mən xaricdə 7 il dərs demişəm. Təkcə sadaladığım iki sadə amil mənim sənətimin qiymətini müəyyən edir. Sənəti biləndən sonra sənə yaşıl işıqdır”. Ucnoqta.az saytının qonağı Respublikanın xalq artisti, “Şöhrət” ordenli bəstəkar Faiq Sücəddinovdur.

-Hazırda özünüzü neçə yaşda hiss edirsiniz?
-Məsələ ondadır ki, mənim yaşım 72-dir və desəm ki, bu yaşda özümü cavan hiss edirəm, doğru olmaz. İnsan özünü hər gün ayrı cür hiss edir. Əhvalı gah yaxşı olur, gah da ki, pis. 72 yaşım olmasına baxmayaraq hər gün gəzirəm, yüngül idman edirəm ki, sağlamlığım qaydasında olsun.

-Bu yaşınızda arxaya çevrilib baxanda uşaqlıq illərinizdə olan Faiq Sücəddinovu necə xatırlayırsınız?
-Hər bir insanın həyatında mərhələlər var. Onların hər birində fərqli həyat tərzi olur. Uşaqlıq illəri də o mərhələlərdən biridir və mənim hazırkı həyat tərzim o dövrdə olduğu kimi ola bilməz. Amma bir şey o zaman olduğu kimidir. Musiqiyə olan sevgi. Bilirsiniz, musiqi elə bir sənətdir ki, o daim özünə qayğı tələb edir, daim üzərində çalışılsın, istəyir. 6-7 yaşımdan demək olar ki, musiqi ilə məşğulam. Düzdür, futbol və digər oyunları da oynayırdım. Ancaq sənətə daha çox zaman ayırırdım. Saatlarla pianoda ifa edirdim. Anama minnətdaram ki, düzgün qərar verərək məni bu sənətə yönləndirib.

-Dünənki Faiq və bugünkü xalq artisti Faiq Sücəddinov. Həyatınızda uğurlarınız nəyi dəyişdi?
-İlk olaraq bunu deyim ki, insan dəyişməməlidir. Amma yaş müəyyən dərəcədə insanın dəyişməsinə səbəb olur. Necə dəyişməsinə? Deyim. Sənin həyat təcrübən daha da zənginləşir və həyatda müşahidə etdiklərin istər-istəməz sənin baxışına və dünyagörüşünə təsir edir, eləcə də bəstələdiyin musiqilərə.

-Niyə məhz fortepiano alətini seçdiniz?
-Birincisi, fortepiano çox mükəmməl bir alətdir. Dahi adamların sözüdür ki, fortepiano bəşəri bir alətdir. Bu alətə çox əsərlər yazılıb və hazırda da yazılır. Anam da mənim fortepiano üzrə təhsil almağımı istədi və mən bu aləti öyrəndim. Oxuduğum zaman fortepiano üzrə təhsil alan azərbaycanlılar az idi. Mən bu sənəti öyrəndim və beləcə həyatım dəyişdi.

-Barmaqlar o ağ-qara dillərə toxunanda nə hiss edir?
-Pianoda ifa edəndə başqa bir dünya gözümün önündə canlanır. Bu alət mənə doğmadır. Ona görə də, onun dillərinə toxunanda heç nə duymuram, yalnız sənətdən başqa. Hər gün bu alətlə baş-başa qalıram. Bir də görürsən, o yanımda olmayanda və mən musiqi yazmaq istəyəndə hansı notun hansından sonra gələcəyini müəyyən edirəm. Yəni alət olmasa belə, onu ruhumda daşıyıram.

-Faiq müəllim, hazırda gənc bəstəkarların yaradıcılığı qənaətbəxş hesab edilə bilərmi?
-Musiqi varsa, yaradıcılıq da davam edəcək. 100 ildən sonra da, 200 ildən sonra da davam edəcək. Hər bəstəkar öz musiqisini yazır. Ona görə də onu bəyənib-bəyənməmək düzgün çıxmır. Bəlkə, Üzeyir bəydən soruşsaydılar ki, Qara Qarayev, Fikrət Əmirov kimi bəstəkarların əsərləri sizi qane edirmi, o da mənim dediklərimi deyərdi ki, hər kəsin öz dəsti-xətti var.

-Sizcə, nəyə görə çox insanların əsl sənət əsərlərinə olan marağı azalıb?
-Əgər yaxşı əsər versəniz, ona qiymət veriləcək, əmin olun. Düzgün deyil ki, maraq azalıb. Düzdür televiziyalarda bəzi ifaları verirlər və buna alqışlar da çalınır, amma o mahnılar əsl sənət əsəri qədər tarixin yaddaşında qala bilmir. Bayağı mahnı həmişə bayağı olaraq qalır. O, mədəniyyətdə heç bir iz qoymur. Azərbaycan musiqisini bayağılaşdırmaq mümkün deyil, çünki, bizim mayak hesab etdiyimiz muğamımız var. Bax o muğam imkan vermir ki, bayağı ifalar önə keçsin.

-Bəstələrdə özünüzü ifadə edirsiniz?
-Bəli. Çünki, onlarda mənim fikirlərim, düşüncələrim və dəsti-xəttim var. Onlarda mənim hiss etdiklərim öz əksini tapıb. Yaradıcılıq bele bir işdir ki, xarakterə uyğun olmayanda sən onu yarada bilmirsən. Ümumiyyətlə, yaradıcılıq çox çətin bir prosesdir və hər yaradılan bir şeyə də yaradıcılıq məhsulu demək olmaz.

-Adətən yaradıcı insanlar çox kövrək olurlar. Onlara edilən xırda kobud bir hərəkət qəlblərini incidir. Bu zaman  onlar insanlardan küsüb öz musiqi alətləri ilə, yaxud da kağız-vərəqlə baş-başa qalırlar. Sizdə necə?
-Bunu deyim ki, mən elə bir insanlarla ünsiyyətdə deyiləm ki, onlardan küsüm və ya kimsə mənə qiymət verməsin. Mən kiməsə qiymət verə bilərəm. Çünki, buna yaşım imkan verir. Məsələ ondadır ki, musiqidə hakimlik etmək üçün gərək məndən çox bilsinlər. Demirəm ki, zirvədəyəm, amma musiqidə öz sözümü demişəm. Mən Konservatoriyanı beş qiyməti ilə bitirmişəm. Bir də mən xaricdə 7 il dərs demişəm. Təkcə sadaladığım iki sadə amil mənim sənətimin qiymətini müəyyən edir. Sənəti biləndən sonra sənə yaşıl işıqdır.

-Duyğusal insansınız?
-Təbii ki. Yaradıcı insan duyğusal olmalıdır. Yaradıcı insan hər şeyi görməli, hiss etməli və ona özlüyündə qiymət verməlidir. Mənim əsərlərimdə duyğusal məqamlar var. “Kaman” mahnısını nümunə çəkə bilərəm.

-Duyğularınız canınızı çox ağrıdır?
-Düşürsən tez-tez yada,
Demirəm dosta, yada,
Olmaz səni sevdiyim
Sevən dünyada...

Bu ifa kimi bir çox mahnılarım duyğularla və hisslərimlə bağlıdır. Mən Bəxtivar Vahabzadə, Cabir Novruz, Nəbi Xəzri kimi böyük şairlərlə təmasda olmuş bəstəkaram. Onlar yazanda möhtəşəm bir əsər yazırdılar. Onların əsərlərinə mən musiqilər bəstələmişəm. O əsərlərə ki, onlarda da həmin dahi şairlərin duyğuları öz əksini tapıb. Dediyim odur ki, şair də, yazıçı da, bəstəkar da zərif olmalıdır. Zərif olmasan, duyğusal olmasan, sən nəsə yarada bilməzsən.

-Sənət sevgisi, ona olan qayğı, diqqət digər şeylərə mane olmur ki?
-Sənətim mənim həyat tərzimdir. Evdə piano ilə məşğul olanda oğlum belə sakit dayanır ki, atam sənətlə məşğuldur. Musiqi mənim həyatımdır. Həyatımda 60-70 faiz yeri musiqi tutur, qalanını isə ailəm. Görün, nə qədər yer ayırıram ona? Mən bu sənətə borcluyam. Çünki, o, məni haralara aparıb?! Onun sayəsində mən öz bəstələrimi nümayiş etdirmişəm.

-Elə anlar olubmu ki, özünüzdən üz döndərəsiniz?
-Belə bir şey yoxdur. Çox seriyalı filmlərdə belə hal ola bilər. İnsan güclü olmalıdır, mənə görə. Zəiflik nəyə görə nümayiş etdirməlisən? Sən əzmli olub sənətinlə, peşənlə məşğul olmalısan.

-“Kaş bunu etməyəydim” dediyiniz nəsə varmı?
-Həyatda səhvsiz insan olmur. Səhvlərə də yol verməlidir insan. Çünki, həyat səhvlərdən də ibarətdir. Həyatda hər şey olur. Həyat məhz buna görə həyatdır. Hər şey düz olsa, marağı olmaz heç nəyin. Mənim də səhvlərim olub.

-Taleyinizdə nədən narazısınız?
-Mən həmişə Yaradana və valiyenlərimə təşəkkürlə yaşamışam. Şükr etməyi bacaran insanam. Fikrimcə, şükr edib yaşamaq lazımdır.

-Yaradıcılıq qabiliyyəti dayanırmı? Heç olubmu ki deyəsiniz daha bəsdir?
-Xeyr, olmayıb. Əsl yaradıcılıq dayanmaq sevmir. O davam edir. Bir də yaradıcı insanın yaratmaq eşqi heç bir zaman sönmür. Bir tək insan bu dünyada olmayanda yaradıcılığı dayanır və yaratdıqları yaşayır. Bunu dünya təcrübəsinə əsasən dedim.

Rövşən Tahir

Tarix
26 Noyabr 2019 [12:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-26 12:38:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin