Vergili şair Hüseyn Saraçlının nakam taleyindən bir əhvalat

11:44 - 15 Noyabr 2019 - Ədəbiyyat

Rəşad Saraclı (Əliyev)

XX  əsrin əvvələrində Borçalıda Vergili şair Hüseyn (Nəbiyev Hüseyn Əhməd oğlu) kimi ad çıxarmış, ancaq qısa ömürlü, nakam taleli bir şair olub. O, bu gün də şeirləri və haqqında danışılan əhvalatlar vasitəsilə hörmət-izzətlə xatırlanır.

Şair Hüseyn 1917-ci il aprelin 7-də Saraçlı kəndində anadan olmuş və 7-8 yaşlarından kəndin savadlı mollaları İsa Əfəndi və Şeyx Sədidən dərs almış və ərəb-fars dilində yazıb-oxumağı öyrənmişdir. Ancaq gənc ikən vergi verilməsi anında gözlərinin tutulması səbəbindən şeirlərini kağıza köçürə bilməmişdir. Bizə qədər gəlib çatan şeirlər isə yaddaşlarda qalanlardır.

Həyatdan çox erkən gedən Hüseyn Borçalıda bədahətən şeirlər söyləyən, ustad aşıqlarla dostluq edən, deyişən vergili şair kimi tanınıb. O,1936-cı ildə Sarvanda məşhur şair-aşıq Ağacanla deyişib, deyilənə görə, onu bağlayıb da. Ustad aşıq bu gənc şairin istedadına bələd olduqdan sonra haqqında yüksək fikir bildirib.
Şair Hüseynin  bir çox  şeirləri, haqqında xatirələr var ki, qələmə alınmayıb, amma indi də dillərdə söylənir. Bu xatirələrdən biri də şair Hüseynin gözlərinin tutulması və vergi verilməsi haqqındadır.

Hüseynin həmyaşıdları  və uşaqlıq dostları Nazıyev İlyas və Namazov Qara  onun gözlərinin necə tutulmasına və vergi verilməsinə şahid olublar.  Hadisə onların  Saraçlı meşəsində birlikdə mal-qara otardıqları zaman baş verib...

1934-cü ilin bahar çaği günlərin birində İlyasla (İlyas bir müddət Aşıq Hüseyn Saraçlı ilə bərabər ustad aşıq Quşçu İbrahimin yanında şəyird olub) Molla İbrahim dərəsində mal qara otarırmışlar. Hüseyn İlyas kişiyə deyir: “Ay İlyas, yaman yuxum gəlir, gözlərim yanır, sən heyvanlara bax, mən bir az yatım.” Aradan veyli vaxt keçir, İlyas Hüseynin oyanmadığını görüb, aralıdan səsləyir. Ancaq Hüseyndən səs-səmir çıxmır ki, çıxmır. İlyas yaxına gəlib bərk yuxuya getmiş dostunu silkələyərək oyatmağa çalışır. Handan-hana gözlərini açan Hüseyn deyir: “Ay İlyas, a qıvlasız, axşam olub ki, bəs məni niyə oyatmamısan?”

İlyas təəccüblənərək cavabında - “Axşam olmaq nədir, ay Hüseyn?! Hələ heç mal-qaranı günorta suyuna aparmamışam, bəlkə yuxulusan yaxşı-yaxşı bax!” Hüseyn gözlərini ovxalayıb deyir:”Ay İlyas, vallah, heç səni də görmürəm. Bir də bilirsənmi sən məni oyadanda yuxu görürdüm,  o da yarımçıq qaldı. Gördüm ki, ağ saçlı, ağ saqqallı nurani bir kişi Hacıyev Qurban kişinin qızı Nazlını mənə buta verdi. Üstəlik bir çörək verib dedi ki, birdən aclığın olar, götür, yeyərsən. Mən isə götürmək istəməsəm də, o çörəyi zor-xoş mənə verdi.  “Sağ ol” demək istəyəndə qocanı yerində görmədim, qeybə çəkilmişdi. Çörəyin yarısını yemişdim ki, bu zaman  sən məni oyatdın və çörəyin yarısı qaldı, tam yeyə bilmədim.”

Bu söhbətdən sonra Nələr baş verdiyini anlamayan İlyas mal-qaranı orada qoyub Hüseyni evlərinə gətirir. Hüseyni bu vəziyyətdə görən anası Qaragöz, atası Əhməd, qardaşı Paşa, nə baş verdiyini soruşurlar. Hüseyn başına gələnləri evdəkilərə də danışır. Əhməd kişi tez kəndin loğmanı olan Şair Əhmədi köməyə çağırır. Şair Əhməd Hüseyni görən kimi qalır mat-mətəl və nə baş verdiyindən hali olandan sonra deyir: “Hüseynə vergi verilib, dəyməyin, qoyun bir-iki gün dincəlsin, görək axırı nə olur.”

Aradan bir-iki gün keçir, Hüseynin səhhətində heç bir dəyişklik olmur və atası Hüseyni ulaq arabasıyla Qazağa tanınmış ara həkiminin yanına gətirir. Həkim şair Hüseynə diqqət eləyib deyir: “Buna vergi verilib, nahaq yerə yuxudan yarımçıq oyatmısız, keşkə özü oyanana kimi yataydı. Vergi yuxusu o qədər güclü olub ki, Hüseyni oyadarkən təzyiq  gözlərinə tor gətirib. Müalicə edərəm, gözləri açılar, inşallah. Ancaq gərək müalicə bitənə kimi Hüseyn bizim evdə qalsın”.

Əhməd kişi həkimlə razılaşır və Hüseyni Qazaxda qoyub Saraçlıya qayıdır. Həkim isə türkəçarə ilə müalicəyə başlayır. Hüseynin gözlərinə məlhəm qoyub sarıyır və ona deyir ki, nə olursa olsun, mən izn vermədən qəti gözlərinin sarğısını açma. Hüseyn də: “Baş üstə” deyib, həkimin tapşırığına bir müddət əməl edir. Həkimin həddi-buluğa çatmış, gözəl bir qızı varmış. Bu qızın da istəyənləri çox olsa da, qız heç birini bəyənmirmiş. 

Bir gecəyarısı qızı qaçırtmaq istəyənlər - qonşu kənddə xəstə var, gedək ona bax vəziyyəti pisləşib deməklə həkimi aldadıb aparırlar. Həkim getdikdən sonra qızı istəyənlər evə basqın edirlər. Qızı qaçırtmaq istəyərkən qız qışqırıb hay küy salır. Qızın səsini eşidən Hüseyn məsələnin nə yerdə olduğunu anlayıb gözündəki sarığı çıxarıb atır və qızı qaçıranların əlindən qurtarır. Hüseynin gözü tək bircə bir dəfə o zaman görür. Ancaq  bu dəfə gözləri tamamilə və həmişəlik tutulur.

Həkim evə qayıdanda Hüseynin gözlərinin sarğısız olduğunu görür. Səbəbini soruşanda Hüseyn həkimi hadisədən hali eləyir.  Həkim Hüseynin  bir daha görə bilməyəcəyin anlayıb təəssüflənir. Deyir: “Kaş qızı qaçıraydılar, ancaq gözlərinin sarğısını açmayaydın. Mən ki, sənə tapşırmışdım, nə olur olsun, sarığını mənsiz çıxartma. Daha sənin müalicən mənlik deyil”.

İş işdən keçdiyinə görə həkim naəlac qalıb Hüseynin atası Əhməd kişiyə ismarlayır ki, gəlib oğlunu aparsın, daha bunun dərdina çarə yoxdur.
Əhməd kişi oğlunun dalıyca Qazağa gəlir, bir az da həkimə hiddətlənir ki, “Bəs söz vermişdin,  sağaldacam. İndisə deyirsən ki, mümkün olmayacaq”.

Əhməd kişinin həkimə hiddətləndiyini görən Hüseyn atası Əhməd kişiyə deyir: “Ata, daha nə sən hiddətlən, nə də ki, həkim təəssüflənsin”. Həkim əlindən gələni elədi, ancaq mən tapşırığını pozdum. Daha mənimki həkimlik deyil, Allahlıqdır.”
Bundan sonra Əhməd kişi Hüseyni Qazaxdan Saraçliya gətirir və elə o vaxtdan da Hüseyn  şairliyinə başlayır, bədahətən şeirlər söyləyir. Hətta deyilənə görə, bir gün şair Hüseyn dostu Qarayla binədən evə qayıdanda  kəndin “Kilsəli dərə” deyilən yerində harasa köc eləyib gedən durna qatarını avazlı şeirlər oxumaqla  geri qaytarır.

Daha sonra el içində söz xridarı kimi tanınan Hüseyn Aşıq Hüseyn Saraçlı ilə bərabər toylara getməyə başlayır.  Qoşmaları, qıfılbəndləri ilə toy məclislərinin marağını ələ alır. Onun səs-sorağı bütün Borçalıya yayılır. Aşıq Hüseynlə bərabər kəndbəkənd gəzib birlikdə toy-düyün yola salırlar. Beləliklə, Hüseyn həm eldə, həm də aşıq və şairlər  arasında vergili şair kimi yaxşı tanınır...

Şair Hüseynlə butası Nazlı bir-birlərini sevsələr də, muradlarına çata bilmirlər.  Çünki Vergili Şair Hüseyn1937-cil il aprelin 21-də  gəncliyinin parlaq vaxtında, şair kimi püxtələşdiyi bir zamanda, 20 yaşındaykən  dünyasını dəyişir... Məkanı cənnət olsun.

Təəssüf ki, Şair Hüseynin şeirlərinin çoxu üzdə deyil, bəlkə də hardasa kiminsə arxivində qalmış ola da bilər.  Şair Hüseyn dünyasını dəyişdikdən sonra Aşıq Hüseynlə Şair Hüseynin qardaşı Paşa arasında yaranan narazılığa görə Aşıq Hüseyn bir daha heç vaxt Vergili şair Hüseynin şeirlərini heç yerdə saz havaları üstə oxumur. Beləliklə, bir zaman el məclislərində oxunan o şeirlər də unudulub gedir...

(Bu əhvalat qələmə almaqda  yardımçı olan aşıq Sabir Saraçlıya və şair Hüseynin adını daşıyan Saraçlı orta məktəbində 19 il direktor işləmiş şairin qardaşı oğlu Hüseyn Nəbiyevə təşəkkür edirik.)

Xəbər xətti