Uşaqların fiziki və mənəvi inkişafı

18:29 - 1 Noyabr 2019 - KİVDF

İlham Əliyev: “Uşaqlar cəmiyyətimizin sabahıdır, onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün onlara zəruri şəraitin yaradılması bizim əsas məqsədimizdir”.

Bəli, yeniyetmə və gənclərin fiziki və mənəvi inkişafının səviyyəsi onların yaşadığı ölkənin, fəaliyyət göstərdikləri cəmiyyətin və məxsus olduqları xalqın inkişaf göstəricisidir. Bizim ölkəmizdə də bu istiqmətdə mühüm işlər görür, uşaqların fiziki və mənəvi inkişafı üçün vacib addımlar atılır. Ölkə Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş uşaq problemlərinin həllinə xidmət edən dövlət proqramları, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri, hər bir sahədə geniş vüsət almış quruculuq işləri onların təhsil almasına, intellektual inkişafına və sağlam şəkildə böyüyüb inkişaf etməsinə yönəlib.

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən fiziki tərbiyə müəllimi Baloğlan Quliyev bildirir ki, uşaqların mənəvi vəz fiziki keyfiyyətlərinə təsir edən mühüm vasitələrdən biri də bədən tərbiyəsi və idmandır: “İdman şagirdlərdə vətənpərvərlik hissinin yaranmasına xidmət edərək, Vətənə və ictimai əməyə şüurlu məhəbbət yaradır. Əsası məktəb yaşından qoyulmuş vətənpərvərlik hisslərinə malik gənclərimizin beynəlxalq yarışlarda ölkəmizin idman şərəfi və ləyaqəti uğrunda apardığı mübarizə buna canlı sübutdur. Bədən tərbiyəsi və idman uşaqlarda vətənpərvərliklə bərabər, beynəlmiləlçilik hissləri də tərbiyə edir. Məktəbdaxili, şəhər və rayonlararası keçirilən idman yarışlarında müxtəlif millətlərdən olan uşaqlar iştirak edirlər. Belə yarışlarda hər bir komanda öz komandasının qalib gəlməsinə çalışır. Bunun üçün də məktəb, rayon, şəhər yığma komanda üzvləri illərlə birgə məşq edir və dostlaşırlar. Yarış vaxtı isə bir-biri ilə daha mehriban olur, qalib adı uğrunda qətiyyətlə mübarizə aparırlar. Demək, məqsəd birdir. O da birləşmək, hamılıqla səy göstərmək və qalib gəlmək, dəstə-dəstə oynamaq vacibdir”.

B.Quliyev nəzərə çatdırır ki, fiziki və mənəvi cəhətdən inkişaf etmiş şəxslər ictimai həyatda başqalarından fərqlənir: “Onlar daha yaxşı işləyir, işə olan həvəsi daha güclü olur, işləmək qabiliyyəti, yaradıcılıq və çalışqanlıq hissi yüksəlir, beləliklə, həm də onların əmək məhsuldarlığı lazımi səviyyəyə qalxır. Fiziki tərbiyə vasitəsi ilə sağlamlığını möhkəmləndirən məktəblilər şən və fərəhli olur, zehni işdən bezikmir, müstəqil surətdə öz üzərində daha çox və səmərəli mütaliə edirlər. Mütaliə uşaqlarda bir çox mənəvi keyfiyəttlərin formalaşmasına gətirib çıxarır. Onlar həyatda mübariz olurlar. Fiziki keyfiyyətlərə malik olan uşaqlar gələcəkdə vətənin müdafiəsində, əsgəri xidmətdə, hərbi vətənpərvərlik nümunələri də göstərirlər, düşmənə qarşı mübariz və amansız olur, öz vəzifələrini layiqincə yerinə yetirirlər. Fiziki tərbiyə prosesində, idman, turizm ilə məşğul olduqda bu məktəblilərin əxlaqi hisslərinin inkişafına, beynəlmiləlçilik ruhunda böyüməsinə, estetik baxımdan inkişafına da müsbət təsir göstərir. Bədən tərbiyəsi görmə, eşitmə kimi duyğu üzvlərinə, qavrayışa, diqqətə, iradəyə və eləcə də təfəkkürə müsbət təsir göstərir, bilik, bacarıq və vərdişləri inkişaf etdirir. Hərəkətlərin icrası şagirdlərin duyğu hissələrinin inkişafına səbəb olur. Həm də, bu vaxt beyin tərəfindən qəbul olunmuş müxtəlif hisslər onun fəallığının artmasına və iş qabiliyyətlərinin yaxşılaşmasına kömək edir”.

Müsahibim bildirir ki, şagirdlərin zehni inkişafına müsbət təsir göstərən mühüm vasitələrdən biri də oyunlardır: “Oyunlar uşaqların həyatı dərk etmələrinə kömək edir. M.Qorkinin təbiri ilə desək, uşaq on yaşına qədər əyləncələr tələb edir və onun tələbi bioloji cəhətdən qanunidir. O, oynamaq istəyir, bütün şeylərlə oynayır, onu əhatə edən dünyanı, hər şeydən əvvəl və hər şeydən asan oyunda, oyunla dərk edir”.

Oyunların uşaqların fiziki inkişafında mühüm rol oynadığını nəzərə çatdırna B.Quliyev deyir ki, bəzi oyunlar heyvan və quşların adlarını, onların fayda və zərərini şagirdlərə öyrədir: “Onları təbiətin nemətlərini sevmək və qoruyub saxlamaq ruhunda tərbiyə edir. Didaktik oyunların nəinki köhnə biliklərin möhkəmləndirilməsində, hətta yeni biliklərin qazanılmasında da böyük rolu vardır. Hazırkı məktəb proqramına müasir oyunlar daxil edilmişdir ki, bunlar da cisim və hadisələrlə, elm və texnikanın yeni nailiyyətləri ilə məktəbliləri tanış edir, kainatın sirlərini açan, kosmik fəzanı fəth edən iradəli, möhkəm və səbatlı adamları onlara sevdirir. Bu oyunlar müxtəlif biliklər verməklə bərabər, uşaqları qəhrəmanlıq ruhunda tərbiyə edir. I sinifdə keçilən “Kosmonavtlar” oyunu məhz belə məqsəd daşıyır. Uşaqlar bu oyunda xəyalən planetlərə uçur, onlarda elm və texnikanın, habelə təbiətin sirlərini öyrənməyə maraq yaranır. Bundan başqa, kiçikyaşlı uşaqlar texniki adlar və göy cisimləri haqqında müəyyən biliklərə yiyələnirlər. Bu da onların təfəkkür və təxəyyülünün inkişafına müsbət təsir göstərir”.

Müsahibimin sözlərinə görə, oyunların bir qismi mahnılarla müşayiət edilir, müsahibə xarakteri daşıyır, uşaqlar şer əzbərləyir, mahnı oxuyurlar: “Bu cür oyunlar uşaqlarda şən əhval-ruhiyyə yaradır, onları zehni gərginlikdən azad edir. Bu da zehni fəaliyyət tələb edən dərs üçün zəmin yaradır. Müsahibə xarakterli bəzi oyunlar uşaqlara ilin fəsillərinə dair sadə, elmi məlumatlar verməklə, onları həm də əməyə və əməli həyata hazırlayır. Belə oyunlardan biri də “İki şaxta” oyunudur. Uşaqlar bu oyunda qışın şaxtalı, sərt və soyuq olmasını, bədənə mənfi təsir göstərməsinə, xüsusən burnun qızarmasını və göyərməsini öyrənirlər. Eyni zamanda, uşaqlara üzün səthindəki kiçik damarlarda qanın hərəkətinin çətinləşməsinə və ya donmasına soyuğun təsir etməsi səbəbi və onunla mübarizə yolları da öyrədilir. Uşaqlara bədən quruluşu, daxili üzvlərin vəzifəsi, onların iş qabiliyyətlərinin artırılması və sağlamlığının möhkəmləndirilməsinə dair bəzi biliklər də mənimsədilir”.

B.Quliyev vurğulayır ki, şagird təfəkkürünün inkişafına və onların fiziki hazırlığının artmasına nişanalma, atıcılıq və məsafənin gözəyarı təyin edilməsi ilə əlaqədar hərəkət və oyunların öyrədilməsi də müsbət təsir göstərir: “Elə oyunlar da vardır ki, bunlar uşaqların nitqini inkişaf etdirir, onlara say və hesab öyrədir, hazırcavablığa hazırlaşdırır.  Azərbaycan xalq oyunları haqqında məlumatların verilməsi bu baxımdan böyük əhəmiyyətə malikdir.  Xalq oyunları uşaqların təfəkkürünü inkişaf etdirib onları düşündürür. Məsələn, “Darı-darı”, “Tapmaca” və s. oyunları göstərmək olar. “Tapmaca” oyununda uşaqlara sual-tapmaca verirlər. İştirakçılar düşünüb tapmacanı tapırlar və oyun bu cür davam edir. İştirakçılar ədəbiyyat, incəsənət, elm və müxtəlif hadisələr haqqında düşünür, yeni bilik və məlumatlar əldə edirlər.  Eyni zamanda xalq oyunları nitq mədəniyyətini də inkişaf etdirir. Əksər xalq oyunları danışıq, şer xarakterli, şer ahəngli, hətta bəziləri də mahnılardan ibarət olur. Məsələn, Azərbaycanda geniş yayılmış “Bənövşə” belə oyunlardandır”.

B.Quliyev deyir ki, bədən tərbiyəsi və idman sağlamlığı uzun müddət saxlayan, ömrü uzadan faydalı vasitədir. Həm də o, daxili üzvləri məşq etdirərək fəallaşdırır: “İdman adamda sevinc hissi oyadır, əzələləri möhkəmləndirir, enerjini artırır, adama gümrahlıq və şən əhval-ruhiyyə gətirir”.

Vaxtı ilə çox gözəl söylənilmiş kəlamlardan birində deyilir ki, əgər insan sağlamdırsa və bədənin bütün əzələləri düzgün işləyirsə, o, həyatın bütün məşəqqətlərinə daha asanlıqla dözə bilər. Buna görə də sağlam olmaq və həyatdan daha çox ləzzət ala bilmək üçün siz bədən tərbiyəsi ilə məşğul olmalısınız. Bəli, uşaqların fiziki və mənəvi inkişafı, sağlam şəkildə böyüməsi üçün onlar idmanla məşğul olmalı, kiçik yaşlarından oyunlar oynamalıdırlar.

Könül Oruc

 

Xəbər xətti