Baş katib: "Qoşulmama Hərəkatı BMT-nin işinə böyük töhfə verir"

13:23 - 25 Oktyabr 2019 - SİYASƏT

BMT baş katibi Antoniu Quterreş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünün iştirakçılarına müraciət ünvanlayıb.

APA-nın xəbərinə görə, müraciəti BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo səsləndirib. BMT baş katibi Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürməsi münasibətilə Azərbaycanı təbrik edib.

A. Quterreş Qoşulmama Hərəkatının beynəlxalq aləmdə vacib rol oynadığına diqqət çəkərək Hərəkatın BMT-nin işinə böyük töhfə verdiyini vurğulayıb.
O bildirib ki, QH-nin üzvlərinin üçdə ikisi BMT üzvüdür və BMT sülhməramlılarının 80 faizi bu ölkələrin hesabına formalaşır.

BMT baş katibi sülh quruculuğuna davamlı inkişaf və s. kimi məsələlərdə Qoşulmama Hərəkatına üzv ölkələrin aktiv rol oynadığını qeyd edib.
Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatların daxilində ölkələrin sıx şəkildə əməkdaşlığının əhəmiyyətini vurğulayan A. Quterreş dünyanın qeyri-müəyyənlikdə olduğunu, qloballaşma prosesində bəzi ölkələrin geridə qaldığını və nəticədə vətəndaşların hökumətlərə inamının itdiyini söyləyib.

O bildirib ki, belə şəraitdə ölkələrdə milliyyətçilik və populizmin güclənməsi hiss olunur, yeni təhdidlər meydana çıxır.
“Münaqişələrin qarşısının alınması istiqamətində işlər görülsə də, bu problem hələ də dünyanı narahat edir. Hazırda çoxtərəfliliklə bağlı sketptik yanaşma hökm sürür, təcridolunma meylləri meydana çıxır. Bütün bunlar BMT-nin 75 illik prioritetlərini sual altına qoyur. Biz insanların qarşılaşdığı problemlərə cavab verməliyik”, - deyə BMT baş katibinin müraciətində qeyd olunub.

Xəbər xətti