“Qonarar yüksək olarsa yataq səhnələrinə çəkilərəm”

Mələk Heydərova: “Mən dinə inanmıram”

“Bu vaxta qədər elə bilirdim ki, bizdə yengəyə ehtiyac duyulmur. Yengə sadəcə tarixdən gəlmə bir ənənədir ki, dillərdə gəzir. Yəni yengədən heç kim istifadə etmir. Amma bəzi bölgələrdə yengə adəti hələ də var imiş”. “Üç nöqtə” redaksiyasının qonağı aktrisa Mələk Heydərovadır.

- Uşaqlıq illərinizi xatırlasanız, nə deyərsiniz?
- Uşaqlıq illərim çox maraqlı keçib. Sevgi içində böyümüşəm, valideynlərim hər zaman məni sevib, əzizləyib. Yeniyetmə dövrünə qədər çox yaxşı yaşamışam, ondan sonra isə problemlərim başlayıb. Odur ki, uşaqlıq illərim ən yaxşı illərimdir. Hər zaman düşünmüşəm ki, mənə bir şans verilsəydi ki, uşaqlığına qayıt, düşünmədən geri dönərdim.

- İnsanlara çoxmu bağlısınız?
- Əvvəllər insanlara çox bağlanırdım. Ümumən canlılara (fərq etmir bu insandır, ya heyvan, bitki) çox tez bağlanırdım. Bir il yarıma qədər kimdənsə ayrılanda, hətta iş yerimi dəyişəndə belə pis olurdum, depressiya keçirirdim. Amma gördüm ki, bu mənə ziyandır. Qərar verdim ki, daha insanlara bağlanmayım. Biz bu həyata tək gəlmişik, tək də gedəcəyik. Hazırda kiməsə və nəyəsə bağlılıq olmadan yaşayıram.

- Gözəllik aşiqisiniz?
- Gözəl insanları sevirəm. Vacib deyil ki, o, mənim yanımda olsun. Ola bilər, mən restorana gedərəm, ofsiant yaraşıqlı olar, ona baxaram. O demək deyil ki, o, yaraşıqlıdır, mən ona vuruldum. Sadəcə fikrimi bildirirəm ki, yaraşıqlısınız.

- Mələk xanım hamı sizi güclü sanır. Bəs özünüz necə?
- Qətiyyən güclü deyiləm. Amma görünmək istəyirəm. Çünki, biz məşhurlar üzdə oluruq. Fikirləşirəm ki, qoy mən güclü olduğumu, gülərüz olduğumu göstərim, insanlar düşünsün ki, hər şey yaxşıdır. Əslində, həyatımda hər şey yaxşıdır, lakin gecə ki, evə gəlirəm, içəri girirəm, daxili bir tənhalıq özünü hiss etdirməyə başlayır. Güclü Mələk qalır qapının çöl tərəfində, içəriyə zərif və zəif Mələk daxil olur. Həyatda baş verən istənilən hadisə mənə təsir edir. Fərq etməz ki, bu mənimlə bağlıdır, ya yox, ancaq o hadisəyə biganə qala bilmirəm.

- Mələk xanım, dediniz ki, hər şeyi gecələr anazliz edirəm və çox şey mənə təsir edir. Sosial şəbəkələrdə fotolarınıza yazılan rəylər necə sizdə qıcıq yaradırmı?
- Yeni-yeni fotolarımı paylaşanda daha çox təhqirlər gəlirdi və bu mənə təsir edirdi ki, axı mən kimisə öldürməmişəm, məni təhqir edirsiniz. İndi bir o qədər də reaksiya vermirəm. Artıq bu təhqirlərə alışmışam. İnsan özü necədirsə, qarşısındakına da onu göstərəcək. Əgər bir insanın içi gözəldirsə, o qarşısındakına yalnız sevgi, məhəbbət verəcək. Yox, kin-küdurətlə doludursa, qarşındakı insan nə qədər gözəl olsa da, yenə də ona qarşı aqressiv olacaq. Sizə deyim ki, heç açıq-saçıq geyimdə olan şəkilləri demirəm, normal fotolara qarşı da insanlar tənqid, təhqir yazırlar. Bilirəm ki, bu mənimlə bağlı deyil. Niyə? Sosial şəbəkələrə girən insanlar görürlər ki, mən azad insanam, özümə icazə verdiyim hərəkətləri edirəm, bu onlarda qıcıq yaradır. Çünki, onlar bunu edə bilmirlər və mənim kimi azad olmaq istəyirlər.

- Bir də o rəylərin içərisində əxlaqsız təkliflər olur. Bu nədən irəli gəlir? Seksual aclıqdanmı?
- Əlbəttə, cəmiyyətimizdə seksual aclıq var. Biz seksual azadlıq tələb edirik. Amma sual olunur, o azadlıqda biz özümüzü normal apara biləcəyikmi? Biz azad olmağı bacaran insanlar deyilik. Bizə bir az azadlıq ver, onun ağını çıxaracağıq. Seksual aclığın aradan qaldırılmasını deyə bilmirəm ki, necə edək, aradan qalxsın ki, bu təkliflərdən canımız qurtarsın.

- Bu yaxınlarda yengə ilə baglı açıqlama vermisiniz. Bu cəmiyyətdə geniş səs-küyə səbəb oldu. Belə reaksiya veriləcəyini gözləyirdiniz?
- Əslində, mən bu vaxta qədər elə bilirdim ki, bizdə yengəyə ehtiyac duyulmur. Yengə sadəcə tarixdən gəlmə bir ənənədir ki, dillərdə gəzir. Yəni yengədən heç kim istifadə etmir. Amma bəzi bölgələrdə yengə adəti hələ də var imiş. Elə o bölgələrin insanları sərt cavab verdi ki, yox, yengə lazımdır. Yenə də mən başa düşə bilmirəm, yengə nəyə lazımdır? 21-ci əsrdir, yengə adətindən niyə istifadə edək? Əslində yengənin vacib olması ilə bağlı məqam geniş rezonans doğurmalıdır ki, axı niyə? Lakin bu tərsinə oldu. Nədənsə “yengə lazım deyil” cümləsi insanlara qəribə gəlir. Yenə də sözümün üzərində dururam, bəli, mənə yengə lazım deyil. Uşaq deyiləm ki, yengəyə ehtiyac duyum. Yetərincə ağıllı qadınam.

- Bəs yaxın dostlarınız necə bu fikrinizlə razılaşıb sizi dəstəklədilər?
- Mənim ətrafımda elə mənim kimidir. Konkret ad çəkməyəcəm. İstəmirəm ki, kimlərinsə adları hallansın. Amma yaxın çevrəmdən dəstək aldım. Çünki, onlar da mənim kimi düşünürlər ki, yengə lazım deyil. Əslində düz fikirdədirlər, bir az öncə dediyim kimi artıq 21-ci əsrdə yaşayırıq.

- Deyirlər, insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Bu fikrə münasibətiniz...
- Tamamilə düz deyilib. Mən özümü ağıllı qadın hesab edirəm. Geyimimin mənim düşüncəmə heç bir aidiyyatı yoxdur. Düzdür, mən açıq geyinirəm. Lakin məni tanıyanlar bilir ki, mən səhv bir hərəkət etmirəm. Geyim mənim həyat tərzimdir. Mən həmişə insanlara hörmət etmişəm, qarşımdakılardan da eyni münasibəti görmüşəm. Sosial şəbəkə qəhrəmanlarını nəzərdə tutmuram, canlı ünsiyyət zamanı deyirəm. İnsanlar məni tanıyırlar. Artıq bilirlər ki, Mələk Heydərova kimdir. Mən filmlərdə açıq səhnələrə, istənilən rola çəkilə bilərəm, geyimlərimdə də bu özünü biruzə verə bilər. Lakin məni tanıyanlar bilir ki, iç dünyam necədir və mən necə birisiyəm. Ağıllıyam, özümə və qarşımdakına hörmət edirəm, düşüncələrimdə qətiyəm, heç kimin xətrinə dəymərəm.

- Söylədiniz ki, hər bir rola çəkilərsiniz. Yataq səhnəsi təklif olunsa, qəbul edərsiniz?
- Qonarar yüksək olmalıdır. Əgər qonarar yüksək olarsa, bəli çəkilərəm. Bu mənim işimdir. Niyə etməyim? Amma az qonarara etmərəm. Mən filmdə ümumən çox az çəkilirəm. Çünki, qonarar məni qane eləmir. Yaxşı qonarar olsa, bəli, çəkilərəm.

- “Azad qadınsınız?” sualını verməzdən öncə sorusum ki, azaqlıq sizin üçün nədir? Sonra isə cavablayın ki, azad qadınsınız?
- Birincisi söyləyim ki, azadlıq insanın beynindədir. Azadlıq başqa bir məfhumdur. İçki içmək, siqaret çəkmək bu insanın şəxsi məsələsidir. Bunun azadlığa heç bir dəxli yoxdur. O demək deyil ki, içki içib, siqaret çəkmək azadlıqdır. Əgər sən özünə azad deyirsənsə və başqalarının həyatına müdaxilə edirsənsə, başqalarını qınayırsansa, demək ki, sən azad deyilsən. Azad insan odur ki, heç kimə müdaxilə etmir, heç kimin işinə qarışmır. Bunlar da məndə yoxdur. Ona görə də, bəli, azad qadınam. Azadlıq hər kəsin həyatına hörmət etməkdir ki, bunu da mən edirəm. Deyim ki, o qədər azad qadınam ki, iki kişinin, yəni homoseksual gənclərin parkda əl-ələ gəzməsini belə qınamıram. Yəni homoseksualizmə normal baxıram. Ətrafımda da LGBT nümayəndəsi olan belə dostlarım var.

- Sevginin növləri çoxdur. Bəs Mələk xanım hazırda hansı sevginin həsrətini çəkir?
- Sevgi mənim yaralı yerimdir. Çünki, istədiyim sevgini hələ də tapa bilməmişəm. Təmənnasız bir sevgi istəyirəm ki, özümə görə dəyər versinlər mənə. Mələk Heydərova məşhurlaşmamışdan öncə daha rahat idi. İndi isə belə deyil. Hazırda sevildiyimdən tam əmin deyiləm. Kimsə mənə “sevirəm” deyir, amma ürəyimdə düşünürəm ki, yox, bu mənim yalnız simamı sevir. Qadın kimi mənə dəyər verə bilməz. Məni sevən iç dünyamı tanımalı, mənə diqqət yetirməlidir. Mən qayğı xoşlayan qadınam.

- Sevdiyiniz insan istədiyiniz kimi olsa, amma ucqar kənddə yaşasa, ərə gedərsiniz?
- Əlbəttə, ərə də gedərəm, kənddə də yaşayaram. Kənd həyatının özü başqa bir aləmdir. Mənə o sevgini göstərən insan olsa gedib, kənddə qalaram. Yetər ki, o daxilən gözəl insan olsun, həqiqətən məni sevsin. Məni mən kimi qəbul etsin. Daxilimi bilsin, onu duysun, hiss eləsin.

- Bəs yaşı 50 olsa necə?
- Mən yaşlı və gənc insanın ailə həyatı qurmasına real baxmıram. Bilirsiniz, niyə? Yaş böyük rol oynayır. Təzə bir dəb düşüb, Hacı tapmaq. Orada sevgi yoxdur, pul var. O sevgi deyil, biznesdir. Bu dünyada da var. Bizdə bunu Həci adlandırırlar, dünyada sponsor. Bu hər şey ola bilər. Lakin sevgi deyil. Mənim o Həcilərə yazığım gəlir. Onlara elə ürəyim ağrıyır. Bir qramlıq hörmətləri var idi, o da getdi. Get Həcc ziyarətinə, dindar ol, axırda bu müğənnilər çıxıb səni biabr eləsin (gülür).

- Sizcə, günah kimdədir?
- Günah elə o Həcilərdədir. Niyə? Bu qədər zəif olmaq olmaz. Bir qadın üçün belə etmək olmaz. Qadının günahı deyil, qadına nə qədər yaxın dursan, o, “yox” deməyəcək, qayğı, nəvaziş gözləyəcək. Amma bu Həcilər niyə belə edir, bilmirəm?

- Dediniz ki, qadına yaxın dursan, o “yox” söyləməyəcək. Hansısa bir Həci sizə yaxınlaşsa, nə cavab verərsiniz?
- Mən Həciləri sevmirəm. Dini görüşüm fərqli olduğu üçün dindar bir insanla münasibət qura, dostluq edə, bir masa arxasında otura belə bilmərəm.

- Sizin dini baxışınız nədir ki?
- Mən dinə inanmıram. Allahı qəbul edirəm, var olduğuna inanıram, sadəcə dinləri qəbul etmirəm. Bu tək İslama aid deyil, ümumən bütün dinlər haqqında belə düşünürəm. Demirəm ki, hansısa bir din mövcud deyil. Sadəcə mən dinə inanmıram. Yəni, nə müsəlmanam, nə xristian, nə də başqa bir dinin nümayəndəsi. Sadəcə insanam.

- Özünüzü qadın kimi xoşbəxt hiss edirsiniz?
- Belə bir şey deyim. Baxmayaraq mən sevgidən əziyyət çəkirəm, yəni həyatımda əks cinsin nümayəndəsi yoxdur, amma qadın kimi çox xoşbəxtəm. Bilmirəm, bu nə ilə bağlıdır. Bəlkə də başqa sahələrdə xoşbəxtəm deyə, bu mənə güc verir və məni xoşbəxt qadına çevirir.

Rövşən Tahir

Tarix
24 Oktyabr 2019 [16:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-24 16:26:27
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin