“Anam dedi ki, arzum budur, Allah sənə övlad verməsin”

16:16 - 12 Oktyabr 2019 - Müsahibə

Bahar Lətifqızı: “Heç vaxt ata haqqında muğam oxuya bilmərəm”

Əsasən ana haqqında oxuyanda duyğularım qarışır. Oxuyuram, amma ifamda bir kövrəklik hiss olunur. Lakin o da bir gözəllik gətirir. Çünki, muğamı nə qədər ruhla oxusan, ona nə qədər yanğı versən, bir o qədər gözəl alınar. “Üç nöqtə” qəzetinin qonağı müğənni Bahar Lətifqızıdır.

- “Gecələr, ay gecələr”... Mahnıda gecələrə müraciətinizdə, sanki, bir yalvarış duyğusu var. Bu yalvarışın səbəbi nədir?
- Uşaqlıqda anam mənim üçün yatmazdan öncə laylay çalardı və “gecələr”i ifa edərdi. Təbii ki, sözlərini tam bilmirdi. Müəyyən illərdən sonra ki, mən internata qoyuldum, orada artıq anam və mahnını oxuyan yox idi. Özüm bu mahnını oxuyub özümə laylay çalırdım. Olsun ki, o günlərimin və anadan ayrı qalmağımın yanğısıdır, mahnıda duyulur. Allah mənə səs verib. Mən də o mahnını qərara gəldim ki, bu səslə oxuyum. Çünki, “Gecələr” mənim internat günlərimin ifadəsidir.

- “Mən həsəd aparıram, yatanlara gecələr”. Gecələri özünüzlə tək-tənha çox qalmısınız?
- Bəli. Bunu çox demişəm, arzum o idi ki, valideynlərimin yanında yatım. Səhər duranda onları görüm, yeməyi onlar mənə versin. İnternat nə qədər yaxşı olsa da, valideyn nəvazişinin, sevgisinin yerini vermir. Ata və ana övlad üçün hər şey deməkdir. Hələ ki, sən uşaqsansa, bu tamamilə başqa bir hiss olur. İnternatda olanda, gecələri tənha qalanda deyirdim ki, kaş evimdə olaydım.

- Bahar xanım, düşüncələriniz içində keçmişlə bağlı məqamlar ola bilməz ki, yer almasın. Həmin anlar gözününüz önündə canlananda hansı hissləri keçirirsiniz?
- Qəhər boğur sadəcə, qəhərlənirəm. Çalışıram ki, kövrəlməyim. Bir də görürsünüz, bir məclisdəyəm, bir tədbirdəyəm, hansısa mahnını ifa edəndə həmin an keçmişimi xatırlayıram. Onda doğrudan da gözlərim dolur. Özü də tez-tez. İnsan var ki, bu günü xoş keçir və keçmişini yada salmır. Amma mənim elə bir günüm yoxdur ki, keçmişim yadıma düşməsin. Məsələn, təzə bir paltar geyinəndə deyirəm ki, ay Allah, sənə çox şükür. Nə yaxşı ki, geyimim var, yeməyim, isti ocağım var. Keçmişdə bunların heç biri yox idi. Şükür ki, indi onlara sahibəm.

- Heç uşaqlıqda düşünürdünüz ki, çətin anlar bitəcək?
- Bir şeyə inanırdım, mən müğənni olacam. Düşünmürdüm ki, əziyyətlərim olacaq ya yox, amma qətiyyətlə müğənni kimi fəaliyyət göstərəcəyimi qarşıma məqsəd qoymuşdum və bu gün mən Bahar Lətifqızıyam.

- Bilirik ki, siz bu sənətdə layiqli yer tutmaq, yəni Bahar xanım Lətifqızı kimi formalaşmaq üçün çox əziyyətlər çəkmisiniz. Qarşınızda maneə rolunu oynayan insanlar olubmu?
- Bəlkə də olub, mən bilməmişəm, deyə bilmərəm. Bir insanı hər kəs istəyə bilməz. Ola bilər, mənim hansısa bir hərəkətim, auram kiminsə xoşuna gəlməz. Mən məcbur deyə bilmərəm ki, məni sevin. Bəlkə də elə insan var ki, deyir, Bahar heç bu sənətdə olmasın. Amma mənim pisliyimi istəyən insanlarla rastlaşmamışam. Yenə də deyirəm, bəlkə də var, mən bilmirəm. Bilirsiniz, mən ümumən pis insanda belə yaxşı əməli görməyə çalışıram deyə, ola bilsin, hər kəsi da yaxşı sanıram.

- Həyatın enişli-yoxuşlu olması insanı daxilən zənginləşdirir, onun təcrübələrini artırır. Bu təcrübələr sizə bu gün kömək edirmi?
- Mən o həyat dərsini keçməsəydim, bu gün bəzi şeyləri olduğu kimi dərk edə bilməzdim. Mənim yetərincə savadım olmasa belə (Düzdür, xanəndəlik üzrə təhsilim var. Mən burada fizika, kimya və s. fənləri nəzərdə tuturam) keçdiyim o yollarda qazandığım təcrübələr mənim Bahar kimi özümü ifadə etməyimdə çox kömək edir. Bundan sonra mən hansısa enişə düşsəm, hətta yenidən yoxsulluğun nə demək olduğunu görsəm, inanıram ki, yaşaya bilərəm. Çünki, mən o çətinlikləri görmüşəm və o hisslər mənə yad deyil.

- Muğam sizin üçün nə deməkdir?
- Muğam Azərbaycan musiqisində, incəsənətində dərin bir dəryadır. Ora baş vurdunsa, onun sirlərinin içərisində itib batırsan. Yəni, muğam bir dəfə öyrənməklə bitmir. Onu hər zaman öyrənirsən. Düzdür, mən xanəndəliyi bitirmişəm, amma bu gün sırf xanəndə kimi fəaliyyət göstərmirəm. Oxuyuram, lazım olanda “Şahnaz” muğamı, “Mirzə Hüseyn” segahı və s. ifa edirəm. Amma tam şəkildə muğamda deyiləm. Müəllimim Canəli Əkbərov hər zaman deyirdi və bu gün belə vurğulayır ki, mən muğamı bu qədər bilirəm, lakin onun dərinliyi çoxdur, yenə də öyrənməliyəm.

- Muğamı ifa edərkən hissləriniz. Bunu necə ifadə edə bilərsiniz?
- Əsasən ana haqqında oxuyanda duyğularım qarışır. Oxuyuram, amma ifamda bir kövrəklik hiss olunur. Lakin o da bir gözəllik gətirir. Çünki, muğamı nə qədər ruhla oxusan, ona nə qədər yanğı versən, bir o qədər gözəl alınar. Bildiyiniz kimi mən ata haqqında muğam oxumamışam və heç vaxt da ata haqqında muğam oxuya bilmərəm. Çünki, mən atanın nə olduğunu nə duymuşam, nə də hiss etmişəm. İstəmirəm, bu haqda söhbətə davam edim.

- Elə isə övladlarınızdan danışaq. Onlara qədər həyatınız necə idi, onlardan sonra necə oldu?
- Mənim 14 il övladım olmayıb. Həmin dövrlərdə həkimlərə belə gedirdim. Onlar deyirdi ki, Allah vermir, heç bir problem yoxdur. O sözü ki, eşitdim, Allah vermir, dedim ki, ey Allah, nə olar məni də yadına sal. Dözdüm və 14 il sonra ana oldum. Bunu da əlavə edim. Deyirlər, atanın qarğışı tutur, ananın yox, amma belə deyil. Ananın da qarğışı tutur. Bir dəfə anama dedim ki, sən yaxşı ana olsaydın, məni internata qoymazdın. Bu sözdən sonra anamın ürəyi getdi. Ayılanda sakit tərzdə bir cümlə dedi: “Məni qınadın, arzum budur, Allah sənə övlad verməsin”. Siz inanırsınız, mən neçə il onun əziyyətini çəkdim. Bir gün anamgilə getmişdim. Anam divanda əyləşmişdi. Dizimi yerə qoyub dedim ki, ay ana, mənə içdən dua et. Dua et ki, Allah mənə övlad versin. Anam ağladı, başımı sığalladı, ürəklə xeyir-dua verdi. 4 ay sonra bildim ki, ana olacam. Ana olana qədər mən bu hissi bilmirdim, ana olandan sonra analıq nədir, bilirəm.

- Övladlarınızdan hansısa biri sizin yolunuzu davam etdirmək fikrindədirmi?
- Əslində, tam səmimi istəmirəm, heç biri olsun. Böyük qızıma mənsiz sual versəniz, deyəcək ki, nə anam qoymaz, nə də özüm istəmirəm. Çətinliyi çoxdur. Düzdür, əlimiz təmizdir. Amma çox əziyyətlidir. Ona görə də oxuyub ya müəllim, ya həkim, ya da başqa bir sənətə yiyələnsinlər.

- Bahar xanım belə bir sual verim. Özünüz üçün hansı çərçivələri müəyyən etmisiniz?
- Çox açıq-saçıq geyinə bilmərəm. Özüm istəmirəm. Artıq bu xasiyyətim prodüsserim Vəfaya da keçib. Hətta qızlarım da məni qapalı geyimdə görmək istəyirlər. Məsələn, evdə olur ki, bir az açıq geyinirəm, böyük qızım deyir ki, ana bu geyimini bəyənmədim. Dost seçimində özümə qadağalarım var. Hər kəsi ətrafıma buraxa bilmərəm. Sənətimlə bağlı isə mən rock oxuya bilmərəm.

- İncəsənətdə olan xanımlar hər zaman qayğı, sevgi istəyirlər. Həyat yoldaşınız bu baxımdan sizi anlaya bilirmi?
- Çox, anlayır. Tək mənə qarşı yox, övladlarıma qarşı da diqqətcildir. Mənim böyük qızım ikinci həyat yoldaşımdandır, kiçik isə üçüncüdən. Amma övladlarım arasında heç bir fərqi qoymur. Hətta böyüyə daha çox diqqət göstərir.

- Bahar xanım, qarşılıqsız sevə bilərsiniz?
- Xeyr. Çünki, o zaman insan özünü aldatmış olar. Mütləq ki, qarşı tərəfdən sən sevgi görməlisən. Düşünürəm ki, qarşılıqsız heç bir zaman və heç bir halda sevə bilmərəm.

- Hansı şəraitdə və hansı məqamda insanı həyatınızdan silə bilərsiniz?
- Silmək... Maraqlı sualdır. Bilsəm ki, mənim özümə, övladıma, ailəmə qarşı xəyanət var, o zaman silərəm. Amma ətrafıma elə insanı da buraxmıram ki, mənə xəyanət etsin.

- Hər zaman ətrafınızda yaxşı insanların olması arzusu ilə. Çox sağolun ki, dəvətimizi qəbul edib gəldiniz. Minnətdaram.
- Başda Xoşqədəm xanım Hidayətqızı olmaqla hər birinizə təşəkkürümü bildirirəm.

Rövşən Tahir
Fotolar: Elgün Calalzadə

Xəbər xətti