Arvadını öldürüb özünü güllələyən şəxs: "Silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açdım"

15:42 - 9 Oktyabr 2019 - HADİSƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Zahid Novruzovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, hadisə bu il iyunun 1-də Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında, binanın arxasında baş verib. Həmin ərazidə Təranə Novruzova əri tərəfindən ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.
Əvvəllər məhkumluq həyatı yaşamış, Laçından olan məcburi köçkün, 1958-ci il təvəllüdlü Novruzov Zahid Balabəy oğlu istintaqa ifadəsində arvadını namus üstündə öldürdüyünü bildirib.
O, həyat yoldaşına iki güllə vurduqdan sonra özünü güllələmək istəyib. Lakin silah əlindən sürüşüb və nəticədə o, boğaz nahiyəsindən yaralanıb. Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, həyatını xilas etmək mümkün olub.
Zahid Novruzov ittihamla özünü təqsirli bilməyib və arvadını öldürmək niyyəti olmadığını bildirib.
Onun sözlərinə görə silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Hadisə baş verən zaman sərxoş olan Zahid Novruzov qeyd edib ki, həyat yoldaşından heç vaxt şübhələnməyib: "Yoldaşım namaz qılan, namuslu bir qadın idi. Mən istintaqda yoldaşımdan şübhələndiyimi, onu qısqanclığa görə öldürdüyümü deməmişəm. Müstəntiq bunları özü yazıb".
Zahid Novruzov yoldaşını vurduqdan sonra özünü güllələməsini isə belə izah edib: "Təranəni qablar içində görəndə qorxdum. Buna görə də özümü öldürmək istədim".
Məhkəmə iclasında Mərhumun qızı da ifadə verib. O deyib ki, anası evlilik həyatında həmişə döyülüb, əziyyət çəkib.
"Mən bu adama ata demək istəmirəm. Amma təəssüf ki, atamdır. Çox üçün, anama əziyyət verib".
Proses növbəti həftə davam edəcək.

Qeyd edib ki, Zahid Novruzova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb./report

 

Xəbər xətti