Könül Xasıyeva: “Gecələri ölümə imza çəkərək yaşayıram”

“Sənətdə uğurlarım olub. Amma mən gözləməzdim ki, həyat mənə daha çox zərbə endirər. Yəni sənət mənə nəyisə verər, həyat isə məndən nəyisə alar. Dediyim kimi mən həyatda xoşbəxt qadın olmadım. Həm gənclik illərimdə, həm də sonrakı dövrdə. Amma həmişə Allahıma şükür etmişəm. Xəstəliyimin ağır olduğu vaxtlarda belə bir dəfə də olsun, deməmişəm ki, Allah, niyə belə oldu? Allah mənə gözəl günlər bəxş edəndə onları qəbul edirdim, pis günləri niyə qəbul etməyim? Allahdan gələn hər bir şeyə iki əlli qucaq açıram”.

“Üç nöqtə” qəzetinin qonağı Respublikanın xalq artisti, səsi ilə qəlbləri fəth edən, yaşlı və gənc nəslin sevgisini qazanan, xanəndə Könül xanım Xasıyevadır.

-“Yaşamağa varmı güman?”. Başlayaq elə noyabrın 1-2-si tarixində baş tutacaq konsertinizdən...
- Allahın izni ilə qeyd etdiyiniz tarixdə saat 19:00-da Heydər Əliyev adına Sarayda sənətçi dostlarımla, qonaqlarla birlikdə sevimli xalqımın görüşünə gələcəm. “Yaşamağa varmı güman?” adını da səhhətimlə bağlı qoydum. Çünki, bilirsiniz, mənim bir övladım var. O da bir az narahatdır, mən də narahatam. Ona görə “Yaşamağa varmı güman?”. Mənə elə gəlir ki, xalqın məhəbbəti, duası, dövlətin dəstəyi və qayğısı bizi yaşadar.

- Hər bir xanəndənin uğuru hesab edilən bir mahnısı olur. Könül xanım Xasıyevada bu “Gecələr”in payına düşdü. “Gecələr”dəki nisgilin səbəbi nədir?
- Mən o mahnını oxuyanda artıq xəstələnmişdim. Mən 2000-ci ildən ağrıyıram və həmin ildən narahatam. Mənim qonşularım, qohumlarım, yaxın çevrəmdən olan hər kəs bilir ki, 2000-ci ilin məlum zəlzələ hadisəsindən sonra narahat və gecələri ölümə imza çəkərək yaşayıram. Mən tibb bacısı olmadan bir addım belə ata bilmirəm. Maşın sürmək olmaz, maşında qabaqda oturmaq olmaz və s. Şəkər bütün ayağımı, belimi, gözlərimi sıradan çıxardıb. Stress də ki, stressdir. Bunları heç kimə arzulamıram. Səhhətimlə bağlı çox problemlərim var. Allah heç kimə yaşadıqlarımı göstərməsin. Mənim o dəhşətli gecələrimin sayəsində o “Gecələr” mahnısı yaranıb. O mahnıda həyatımı oxuyuram.

- “Xatırlayarsan məni” mahnısını sanki bir vida nəğməsi kimi səsləndirirsiniz. Ömrə etibar etmirsinizmi deyə hisslərinizi də bu mahnıya yansıdırsınız?
- Xeyr, etmirəm. Ömrümə heç etibarım yoxdur. Ən yaralı yerimə toxundunuz. Mən bir ömür yaşamışam. 52 illik bir həyatım var. Şükür Allaha, hörmətlə yaşamışam. Qarşımdakı insanlara hörmət etmişəm və hörmət görmüşəm. Amma düz 19 ildir ki, mən bu gün, sabah, bir azdan vəfat edəcəm deyə düşünürəm. Mənim bir övladım da var. Onu 40 yaşında Allah mənə mükafat verdi. O da Turet sindromundan əziyyət çəkir. Əvvəllər narahat olanda fikirləşirdim ki, harada qırılar, qırılar. Amma övladım olandan sonra özümü deyil, onu düşünürəm. Həyatla övladıma görə yaşamaq naminə çarpışıram. Allah hamıya sağlam ömür nəsib eləsin(kövrəlir).

- Bu mahnıda “Arzu çoxdur, ömür az” ifadəsini “Arzum çoxdur, ömrüm az” ilə əvəz edib xüsusi vurğu ilə səsləndirirsiniz. Könül xanım ürəyinizdə qalan hansı arzularınız var?
- Vətəndaş kimi arzularım çoxdur. Vətəndaş kimi arzum odur ki, Allah həmişə dövlətimizi var eləsin. Allah bizi hər zaman qorusun. Bir də Dağlıq Qarabağ kimi dərdimiz var. Torpaqlarımıza Allahın izni ilə geri qayıdaq. Ana kimi isə bir arzum var. Oğlum Kazım tamamilə sağalsın, bu xəstəlikdən yaxa qurtarsın. Mən o arzu, o istəklə yaşayıram. Allahdan oğluma can sağlığı istəyirəm. Özüm güclü qadınam, hər zaman ağlayan insan deyiləm. Amma Kazımın adı gələndə özümü saxlaya bilmirəm. Həyatda yaşayırıqsa, onun enişli-yoxuşlu yollarında büdrəməliyik də, ayağa qalxmalıyıq da(ağlayır).

- Muğam musiqi sənətimizin şah əsəridir. Bəs sizin üçün muğam nə deməkdir?
- Muğam elə mənim özüm deməkdir. Bütün ruhum, duyğularım, hisslərim, həyatım, hər şeyim muğamdır. Elə bilirəm ki, muğam mənim ilk övladımdır, Kazım ikinci övladım. Muğam mənim üçün bax bu deməkdir. Muğamı özümdən, özümü muğamdan kənarda, aralı təsəvvür edə bilmirəm. Çünki, hara getsəm, o, mənim içimdə, ruhumda, duyğularımdadır. Muğam bizim musiqi sənətimizin ayrılmaz və əsas hissədir. Mədəniyyətimizin parlaq guşəsidir. Bizim ruhumuz muğamla yoğrulub. Muğam yeganə musiqidir ki, onu yalnız azərbaycanlılar mükəmməl ifa edir.

- Elə mahnılarınız var ki, bu ifadəni xatırladır: “Muğam ağlayır”. Doğrudanmı Könül xanım göz yaşlarını muğamla çatdırır?
- Ola bilər. Çünki, mən muğam ifa edəndə heç nə görmürəm, heç nə hiss eləmirəm. Mən elə o muğam adlı dünyada oluram. Mən o muğam adlı gözəl, əsrarəngiz bir aləmdə oluram. Sanki sehrli və sirrlərlə zəngin bir otaqdayam. Çünki, onun adı muğamdır. Muğamı ifa edib qurtarandan sonra yenidən adi həyata geri dönürəm. Mənə elə gəlir ki, bütün ifaçılar belədir. Muğam böyük bir sənətdir. Muğamdan söz düşmüşkən ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya muğam sənətinə ayırdığı diqqətə, sənətkarlarımıza, incəsənət xadimlərimizə göstərdiyi qayğıya görə çox böyük təşəkkür edirəm. Məhz Birinci xanımın sayəsində muğamımız bu gün bütün dünyada təbliğ olunur. Allah ölkəmizin Prezidentinə və onun xanımına can sağlığı, uzun ömür bəxş eləsin.

- Sənətdə uğurlar qazandıqca həyatınızda qara zolaqlar da yer almağa başladı. Həyatın belə gözlənilməz paradoksuna hazır idiniz?
- Həyatda mən xoşbəxt qadın olmamışam. Bəzənsə qadın olduğumu unutmuşam. Mən ancaq ailə qayğıları ilə məşğul olmuşam. Bacı, qardaş balaları, onların geyimi, yeməyi, hazırlığa getməyi, sonrakı dönəmdə universitet həyatları, bunların hər birini onlar üçün mən etmişəm. Həyatda “mən” deməyi sevmirəm, amma nə edim ki, bu mənim qismətimdə olub. Ona görə də deyirəm ki, bunları mən etmişəm, 7 uşaq oxutmuşam və s. Mən xəstələnənə qədər çox insana dəstək olmuşam. Belə bir şeir deyim:

Sol əllə qazandın, sağ əllə payla,
Onda qismətini bol eylər Allah.
Quşu qəfəsdən aç, balığı tordan,
Dar gündə sənə də yol eylər Allah.
Unutma dediyin başına gəlsə,
Ovlama ceyranı tuşuna gəlsə,
Bəndənin əməli xoşuna gəlsə,
Bir qara quruşu ləl eylər Allah.


Düzdür, sənətdə uğurlarım olub. Amma mən gözləməzdim ki, həyat mənə daha çox zərbə endirər. Yəni sənət mənə nəyisə verər, həyat isə məndən nəyisə alar. Dediyim kimi mən həyatda xoşbəxt qadın olmadım. Həm gənclik illərimdə, həm də sonrakı dövrdə. Amma həmişə Allahıma şükür etmişəm. Xəstəliyimin ağır olduğu vaxtlarda belə bir dəfə də olsun, deməmişəm ki, Allah, niyə belə oldu? Allah mənə gözəl günlər bəxş edəndə onları qəbul edirdim, pis günləri niyə qəbul etməyim? Allahdan gələn hər bir şeyə iki əlli qucaq açıram.

- Yenidən qayıdaq baş tutacaq konsertinizə. Noyabr ayında konsertin keçirilməsinin xüsusi bir tarixçəsi varmı?
Bilirsiniz ki, 17 mart mənim doğum tariximdir. 17 noyabr isə Kazımın doğum tarixidir. Mən də düşündüm ki, hər il bir vida konserti qoyum. Bir az öncə dedim, mən hər gecə ölümümə qol çəkirəm. Vida konsertim hansı olacaq, onu Allah bilir. Konserti öz doğum günümdə etmədim. Elə oğlumun ad günü ilə əlaqədar noyabr ayına planladım. Allah ömür versin, noyabrda sevənlərimin qarşısına çıxım.

- Amin. Könül xanım, var olasınız. Var olasınız ki, muğamımız yaşasın...
- Siz də var olasınız. Elimizə, obamıza sağlıqlı ömür arzulayıram. Ruzimiz bol, bərəkətli olsun. Ölüm olan dünyada yaşadığımızı unutmayaq. Onu unutmasaq, hər kəs bir-biri ilə mehriban olacaq. Bu gün ömür bizdədir, biz də ömürdə. Bu günümüzü xoşbəxt yaşayaq. Dünənimiz tarix, sabahımız sirrdir, əsas bu günümüzü gözəl yaşayaq.

Rövşən Tahir
Fotolar: Elgün Calalzadə

Tarix
6 Oktyabr 2019 [14:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-06 14:09:26
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin