“Ağlı ilə deyil, ürəyi ilə sevmək qadının böyük səhvi ola bilər”

19:00 - 1 Oktyabr 2019 - Mədəniyyət

Mətanət Əsədova: “Bu iki mahnı ürəyimdə nisgil kimi qalıb”

“Çox həssas insanam. İnsanları özüm kimi bilirəm. Onlara həddindən artıq yanıram. Kaş ki, belə olmazdım. Soyuqqanlı olardım, həyatda heç kimə qarşı həddindən artıq mehriban münasibət göstərməzdim. Neyləyim? Allahım məni də belə yaradıb”. “Üç nöqtə” qəzetinin qonağı gözəl səsli xanəndə Mətanət xanım Əsədovadır.

- Mətanət xanım, məşhurluğun sizə verdikləri çox oldu ya aldıqları?
- Aldıqları deyərdim. Ondan ötrü ki, bu illər ərzində sağlamlığım tamamilə korlandı. Məşhurluq əsəblərimi, səhhətimi əlimdən aldı. Bir sözlə, sinir sistemim pozuldu.

- Yaşadığınız ömürdən razısınızmı?
- Şükür Allaha. Allah mənə fiziki cəhətdən sağlamlıq verib. Göz verib, əl verib, ayaq verib. Bunlara görə Allahıma təşəkkür edirəm. Mənə gözəl səs verib. Bütün bunlara görə ömürdən razıyam.

- Səsinizdə bir yanğı var. Belə ki, muğam oxuyarkən insana toxunur...
- Dərdli insanlar belə olur. Ürəyində Allah qorxusu olan, ona yaxın olan, həyatı hər tərəfli dərk edib yaşayan insanlar belə oxuyur. Həyatımda çox zərbələr almışam. Yaşadığım o kövrək məqamlar səsimə yansıyıb. Ona görə də mən muğamı oxuyarkən bir yanğı, bir qəmginlik duyulur, hiss edilir.

- Mətanət xanım, muğamdan söz düşmüşkən muğam sizin üçün nə deməkdir?
- Mən elə o muğamla-1998-ci ildə dövlət televiziyasında yayımlanan “Gəl səhərim” verilişində oxuduğum “Kəsmə şikəstə” ilə tanındım. Muğam mənim üçün həyatdır. Muğam bizim irsimizdir. Milli-mənəvi və mədəni sərvətimizdir. Bir sözlə, muğam bizim hər şeyimizdir. Muğamdan bəhs edərkən ustadım Alim müəllim Qasımova təşəkkür etməsəm, olmaz.

- Elə Alim müəllimin adını çəkmişkən bir az da onun haqqında danışaq...
- Alim müəllimə “muğamın peyğəmbəri” deyirlər. Mən qürurlanıram ki, elə bir sənətkarın əllərindən su içmişəm. Yəni muğamın sirlərini ondan öyrənmişəm. Bununla yalnız və yalnız fəxr etmək olar. Alim müəllim bir dühadır. Ona hər zaman minnətdaram.

- Əgər bu sənətdə olmasaydınız, özünüzü hansı sahədə tapardınız?
- Yəqin ki, həkim olardım ya da tibb bacısı. Yaxud da hüquq-mühafizə orqanlarından birində çalışıb yenə də Vətənimə, millətimə faydalı olardım.

- Siz əvvəllər xalq musiqiləri oxuyurdunuz. Sonradan oxu tərzinizi dəyişib estradaya keçdiniz. Bu sizə çətin olmadı ki?
- Xeyr. Çünki, mən o vaxtlar da estrada oxumuşdum. Amma səsim muğama o qədər yatırdı ki, efirlərdə daha çox ona yer verirdim.

- Hansı mahnı Mətanət xanım Əsədovanın göz yaşlarını əvəz edə bilər?
- “Qərarsız mən oldum”. Bir də “Qal sənə qurban”.

- Niyə bu mahnılar?
- “Qal sənə qurban” mahnısında sənətkarımız Zahid Əliyevin dəsti-xətti var. Onun nəfəsinin istisini duyuram o mahnıda. Onun vəfatından sonra mahnı mənə kədər gətirdi. “Qərarsız mən oldum” mahnısı da rəhmətlik bacımın sevdiyi bir nəğmə idi. Dünyasını dəyişməzdən 3 dəqiqə əvvəl bu mahnını bacım üçün oxumuşdum. Bu iki mahnı ürəyimdə nisgil kimi qalıb və həmişə məni ağladır.(kövrəlir)

- Mətanət xanım, qadının ən böyük səhvi nə ola bilər?
- Qadın deyirsiniz də? Bilmirəm, necə qəbul olunacaq, amma bu mənim fikrimcə belədir. Ağlı ilə deyil, ürəyi ilə sevmək qadının böyük səhvi ola bilər.

- Sənətdə uğurlar qazandıqca həyatınızda qara zolaqlar da yer almağa başladı. Ümumiyyətlə, həyatın belə paradoksuna hazır idinizmi?
- Xeyr. Belə fikirləşmirdim. Sanki, mənim görkəmim və səsim mənim düşmənim oldu. Belə təsəvvür etmirdim.

- Mətanət xanım Əsədova həyatında nəyi görmək istəməzdi?
- Bu xarakterimi. Çünki, çox həssas insanam. İnsanları özüm kimi bilirəm. Onlara həddindən artıq yanıram. Kaş ki, belə olmazdım. Soyuqqanlı olardım, həyatda heç kimə qarşı həddindən artıq mehriban münasibət göstərməzdim. Neyləyim? Allahım məni də belə yaradıb.

- Mətanət xanım müsahibəni xoş hisslərlə, uşaqlıq xatirələrinizlə bitirmək istəyirəm...
- Tacir bəy Şahmaroğlu dediyi kimi, yenə mənim o günlərim olaydı. Bax, o günlərimə imkanım olsaydı bu saat, bu dəqiqə qayıdardım. Şirin xatirələrdir. Qonşular bizə yığışardı, deyərdik-gülərdik, can deyib, can eşidərdik. O vaxtlarımı çox istəyirəm.

- Mətənat xanım söhbətimiz o qədər maraqlı oldu ki, heç bilmədim, suallar necə başlandı, necə qurtardı. Mən sizə təşəkkür edirəm. Dəvətimizi qəbul edib həmsöhbət olduğunuz üçün minnətdaram.
- Kollektiviniz var olsun. Mən də sizə təşəkkürümü bildirirəm.

Rövşən Tahir
Fotolar: Elgün Calalzadə

Xəbər xətti