“Linfild”in baş məşqçisi: ““Qarabağ” favoritdir”

19:18 - 28 Avqust 2019 - Xəbər

“Bizi çətin oyun gözləyir. Fikrimcə, ilk görüşdə hesab 3:1 olsaydı belə, yenə rəqib favorit sayılacaqdı”. 

Bunu “Linfild”in baş məşqçisi Devid Hili deyib. Şimali İrlandiya çempionu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində sabah “Qarabağ”ın qonağı olacaq. Matç öncəsi keçirilən mətbuat konfransında 40 yaşlı mütəxəssis bildirib ki, cavab qarşılaşmasında ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar: “Nələrin baş verəcəyini birlikdə görəcəyik. Rəqib çox güclü komandadır. Evdə müsbət statistikaları var, az uduzublar. Güclü rəqibə qarşı müdafiədə oynamalı olacağıq. İnanıram ki, nəticədən və oyundan razı qalacağam”.

D. Hili bildirib ki, 1 milyon funt-sterlinqi olsaydı, onu “Qarabağ”ın oyunçularını almaq üçün xərcləyərdi: “UEFA qaydalarına əsasən, biz mərcə pul yatıra bilmərik. Sözsüz ki, “Qarabağ” favoritdir. Bu qədər pulum olsaydı, “Qarabağ”ın oyunçularından almaq istəyərdim. Məsələn, Riçard Almeyda, Xayme Romero və Rahil Məmmədovu istəyərdim. Mərhələ keçə bilsək, bu səyahət daha yaxşı yadda qalacaq”.

O, Bakı haqda da xoş sözlər deyib: “Paytaxtınız çox gözəl şəhərdir. Bu gün qaldığımız otelin yanında gəzmək imkanımız oldu. Bakı haqda ancaq müsbət təəssüratlar var”.

Qeyd edək ki, ilk matçda 2:3 hesabı ilə uduzan “Qarabağ” cavab oyununa Tofiq Bəhramov adına Respublika Stadionunda çıxacaq. Görüşün start fiti saat 20:00-da veriləcək. /Apa

Xəbər xətti