“Əsl DJ toya getməməlidir”

12:18 - 29 Avqust 2019 - Xəbər

Ülviyyə Şahbazova: “Hər zaman öz seçimimlə yaşayan insanam”

Həm DJ, həm səs rejissoru, həm səs dizeyneri, həm də fotoqraf kimi çalışır. Aktiv həyat tərzi keçirir, boş vaxtları çox nadir hallarda olur. Ekstrim idman növlərinə böyük marağı var. Ölkəmizlə yanaşı, Moskvada da DJ-liklə məşğuldur: “DJ-liyə 1998-1999-cu ildə başlamışam. O zaman bizdə kasetlər filan vardı, DJ-lik demək olar ki nadir hallarda olurdu. Onda hələ mən orta məktəbdə oxuyurdum. Zamanla bu peşəni daha da sevməyə başladım. 2005-ci ildə çox tanınmış bəstəkarlardan biri ilə söhbətimiz, tanışlığımız oldu. Mənə o təklif etdi ki, Azərbaycanda xanım DJ yoxdur, burda qal, getmə. Nə köməklik lazımdırsa edəcəm. Amma həmin vaxtı xaricdə təhsil alırdım deyə ora qayıtmalı idim. Ümumiyyətlə, mən hər zaman öz seçimimlə yaşayan insanam. Qayıtdım, heç də peşman deyiləm. DJ-lik çox zəngin bir peşədir, sadəcə mahnılar səsləndirməklə iş bitmir. Daha gözəl olar ki, DJ-in musiqi təhsili olmasa da, sonradan musiqi yazmağı, arenjemanı mükəmməl öyrənsin”.

“Üç nöqtə” qəzetinin qonağı hər kəsin “Ulka” kimi müraciət etdiyi DJ xanım, səs rejissoru, səs dizayneri və fotoqraf Ülviyyə Şahbazovadır.

- Moskvada da, Azərbaycanda da DJ olaraq çalışırsınız. Ölkəmizdə DJ qadınlara münasibət necədir?
- Bəli, Moskvada da, Azərbaycanda da çalışıram. Amma klublarda əvvəlki kimi çıxış edə bilmirəm. Çünki Moskvada klubların 90 faizi bağlanıb, orda barlar fəaliyyət göstərir. Bizim insanların psixologiyasında isə bar anlayışı tamam fərqlidir, başqa şeylər düşünürlər. Amma orda bar dincəlmək mərkəzidir. Orda insanlar ailəvi olaraq belə məkanlara gedirlər. Özüm sifarişlə çıxış edirəm. Azərbaycanda nadir hallarda çıxış edirəm. Çünki Azərbaycanda DJ - musiqi səsləndirəndir. Düzdür, bu da var, amma təkcə bu demək deyil. DJ çox dərin, mükəmməl incəliklərlə dolu olan bir peşədir. Əvvəllər xanım DJ-lərin özlərini görməsəm də adını eşidirdim. Lakin son 2-3 ildə demək olar ki, heç adını da eşitmirəm. Xanım DJ-lər bizdə daha çox radioda çalışır. Amma radio DJ ilə, ümumi səhnə DJ tamamilə fərqlidir. Ölkəmizdə hələ kişi DJ anlayışını başa düşsünlər, sonra qadınlara münasibətləri olacaq.

- Bir qadın üçün səs operatoru işləmək çətindirmi?
- Təbii ki. Ümumiyyətlə, bu peşə çox çətindir, nəinki qadın, elə kişi üçün də. Çünki saatlarla, sutkalarla çəkiliş məkanında olursan. Bu o demək deyil ki, gedib aktyorların səsini yazıb bitirdin, qurtardı. Hətta səsi yazıb təhvil versən belə günlərlə çəkilişdə olursan. Elə olur ki, iş çox olur, evə gedə bilmirsən. Həm diqqət, həm hər şeyə cavabdehlik, həm də vaxt baxımından çox çətin peşədir. Ümumiyyətlə, kino aləmində ən rahat və asan işi olan peşə sahibləri aktyorlardır.

- “Sound Designer”, yəni Səs Dizayneri kimdir?
- İnsana ətrafdakı səsləri eşitmədən yaşamaq çox çətin olar. Səslər ümumən hər şeyi tamamlayır. Kino dünyasında, səslər bizim daxili dünayamızda, sanki başqa bir dünya yaradır. Səs Dizayneri real olan səslərdən, real olmayan səslər yaradaraq bütün filmi tamamlayır.

- Səs rejissoru ve səs dizaynerinin fərqli cəhətləri nələrdir?
- Əslində son zamanlar səs dizaynerlik ayrı olaraq sahəyə çevrilib. Yəni səs rejissoru, səs operatoru, səs montaj ve səs dizayneri eyni fikrə qulluq edir. Sadəcə səs dizayner sonrakı işlərdə daha çox məsuliyyet daşıyır. Hər ikisi də çox çətin işdir. Səs rejissoru iş zamanı hər 45 dəqiqədən bir 10-15 dəqiqə dincəlməlidir. Faktiki olaraq belə işdə gün ərzində 6 saatdan çox işləmək məsləhət deyil. Çünki insan beyni yorulur ve səsləri hiss etmək qabiliyyəti zəifləyir. Bu peşədə olan insanlarda 40 yaşdan sonra karlaşma halları baş verə bilir.

- Necə düşünürsünüz, bəs kimlər səs dizayneri ola bilər?
- Musiqi duyumu və zövqü olan, musiqi janrlarını mükəmməl bilən, ideya və təxəyyülü güclü olan və s. insanlar bu sahədə rahatlıqla çalışa bilərlər. Daha əla olar ki, bu peşə ilə məşğul olan ümumən musiqiçi olsun. Çünki səsləri sadəcə sinxron yerləşdirməklə yox, bütün varlığınla, ruhunla hiss edərək işi görməlisən.

- Səs rejissoru və səs dizaynerliyinə gəlişiniz necə oldu?
- Bəli, DJ-lik,  ümumiyyətlə musiqi mənim ruhumdadır və  mən səsləri hiss edirəm. Səs rejissoru və səs dizaynerlik sahəsində isə hər zaman müəllimim, Azərbaycanda bir nömrəli səs rejissoru Hafiz İbrahimliyə minnətdaram. İnsanın sadəcə müəllim olması yox, eyni zamanda peşəkar və professional olması daha üstündür. Dünyanın ən möhtəşəm mükafatlarına layiq görüləndə yenə də Hafiz müəllimin məsləhətinə ehtiyacım var .

- Hansı növ səslənməyə üstünlük verirsiniz?
- Mən çox rejissorların filmini və səs dizaynerlərin işini bəyənirəm. Amma ruhuma yaxın olan rejissor Nikolas Refn zövqüdür.  Özümdə Akusmatik səslənməni sevirəm və bu stildə işləməyə üstünlük verirəm. Yəni kadrlarda artıq heç bir səs olmasın, yalnız gördüyünüz paralel görmədiyiniz... Bu termin Pifaqor tərəfindən yaranıb. O öz tələbələrinə dərsləri keçərkən özü başqa yerdə oturardı. Yəni insan əgər obyekti görərsə fikir yayınar və səsləri düzgün hiss etmədən sadəcə eşidər.

- Səslənmə işində sevdiyiniz filmlər hansılardır?
- Keçmiş filmləri çox sevirəm, baxıram və müqayisə edirəm. Amma məhz səslənməsinə görə sevdiyim filmlər “The Godfather” (1972, 1974, 1990), “The Dark Knight” (2008), “Heat” (1995), “The Revenant” (2015), və təbii ki N.Refnin bütün filmləridir.

- Bəs sevdiyiniz səs?
- Sakitliyin səsi... Mənə görə sakitlik ən gözəl musiqidir, səsdir. İnsanları düşünməyə vadar edir. Çox insanlar sakitlikdən qorxur, çünki tək qalaraq özlərini hiss etməkdən qorxur. Sakitliyin səsi sadəcə möhtəşəmdir, onun öz dili var.

- Formula 1 yarışlarına olan maraq sizdə nə zamandan yarandı?
- Ümumiyyətlə ekstrim idman növünü çox sevirəm. Özüm də bu idman növləri ilə məşğul oluram. Formula 1 yarışını çox sevirdim. Elə gözəl bir komandaya düşməyim tam təsadüfi olub. Necə deyərlər, lazımi zamanda lazımi yerdə olmuşam. Artıq 4-cü ildir çıxış etdim. Hədsiz dərəcədə maraqlı yarışdır və yüksək səviyyədə keçirilir. Nəinki təkcə Formula 1, xarici ölkələrdə olan başqa yarışları da izləyirəm. İşlərimin çox olmasına baxmayaraq canlı olaraq baxıram. Azərbaycanda insanların bu yarış barədə məlumatı azdır. Gənclərimizə məsləhət görərdim ki, heç olmasa könüllü kimi qatılsınlar. Çünki bu yarışmadan çoxlu informasiya əldə edərlər.

- Master klasslar da keçirsiniz?
- Bir çox tanış DJ və səs dizaynerləri ilə birlikdə master klaslar keçirik. Öz işimiz barədə gələn uşaqlara məlumat veririk. Özüm hər il Bakıda olanda belə layihələrlə bağlı tanışlara təklif edirəm. Amma görürəm ki, heç kim istəmir, maraq yoxdur. Deyirlər ki, əşi kim gələcək və s. Gənclərin yerinə qərar verirlər. Amma çox istəyərdim ki, ölkəmizdə master klaslar, layihələr olsun.

-  DJ, fotoqraf, səs rejissoru və səs dizeyneri kimi çalışırsınız. Bu qədər işə ayırmağa vaxtınız olurmu?
- Bəli (gülür). DJ-liyə 17-18, fotoqraflığa isə 22 yaşımdan etibarən başlamışam. Azərbaycanda bir nömrəli səs rejissoru Hafiz İbrahimli məndə həm səs dizaynerliyinə böyük maraq oyadıb, həm də bu peşəni mənə öyrədib. Bu peşəni sahiblənməyimi ilk öncə ona borcluyam. Azərbaycanda hazırda onun bir çox tələbələri fəaliyyət göstərir. Amma onun ilk tələbəsi bir neçə il əvvəl mən olmuşam. Atalar sözündə deyilir ki, bir əldə iki qarpız tutmaq olmaz. Amma inanın ki, insan istəsə əlində iki yox, daha çox qarpız tuta bilər. Yetər ki tənbəl olma və istə. Və hansısa peşəni, işi öyrənirsənsə, bacardığın qədər yüksək səviyyədə öyənməlisən. İşin barədə informasiyan nə qədər çox olsa, işinin nəticəsi də bir o qədər mükəmməl olacaq. Ona görə hər zaman sevdiyin işə vaxt ayıra bilirsən.

- Fikrinizcə, ölkəmizdə həqiqi DJ-lər varmı?
- Təbii ki var. Sadəcə hərənin özünə məxsus stili, zövqü var. Amma konkret DJ anlamı o başqa bir dünyadır. Məncə o səviyyədə yoxdur. Bu mənim şəxsi, subyektiv fikrimdir. Kolleqalarımdan olan DJ dostlarımı təhqir etmək fikrim yoxdur, sadəcə olanı deyirəm. Özümə də ideal demirəm, o səviyyəyə hələ çatmamışam. Çatmaq üçün əlimdən gələni edirəm. Konkret pik nöqtəyə çatacaq dərəcədə DJ Azərbaycanda yoxdur.

- Dünyaca məşhur DJ-lər yeni mahnı tipləri yaradırlar. Bəs bizimkilər necə?
- Ümumiyyətlə, dünya DJ-lərinin stili tamam başqadır. Onların beyni fərqli işləyir, musiqi və səsləri hiss etmə duyğuları fərqlidir. Düzü, bizim musiqiləri nadir hallarda dinləyirəm. Çünki hamısının kökü demək olar ki, eynidir. Azərbaycanda elə bir DJ yoxdur ki, mən onun musiqisini məmnuniyyətlə dinləyim.

- Dj olaraq fərqli nələr edə bilərsiniz?
- Son zamanlar kinoda səs rejissoru və səs dizayneri işlədiyim üçün vaxtım ora çox getdi. Amma bu o demək deyil ki, DJ-likdən tamamilə uzaqlaşmışdım. Tələb olanda çıxış edirdim. Lakin yenidən musiqi dünyasına qayıtdım. Fərqli çox şey edəcəm və edirəm. İndi tamam başqa beyin və ideyalarla səbr edərək bir şeylər edirəm. Əvvəldən desəm sürprizlər açıla bilər. Hazırda bir mahnı üzərində çalışıram. Müğəni Ülkər Şahbazova ilə birlikdə hazırlayırıq. İdeyalar çoxdur, ümid edirəm ki, zamanla hamısını həyata keçirəcəm inşallah.

- Bu gün ölkəmizdə DJ-lər toylara da gedirlər. Buna münasibətiniz necədir?
- Dj-lərin toylara getməsinə hər zaman pis baxmışam. Çünki əsl Dj toya getməməlidir. Möhtəşəm dövlət tədbirinə, yaxud incəsənət və idmanla bağlı hər hansı bir festivalın açılışına gedə bilər. Toya o halda gedə bilər ki, orda həqiqətən DJ-in yeri olar. Toya gələn qonaqlara, mövzuya uyğundursa, toy hədsiz dərəcədə müasir keçirsə onda DJ ola bilər. Məni nə zaman toya dəvət ediblərsə getməmişəm və fikrim də yoxdur. Nə qədər pul versələr də razı olmamışam. Bu mənim beynimə, ruhuma sığışmır. Toy hara, DJ hara...

Könül Oruc


Xəbər xətti