“Günay” teatr-studiyası Azərbaycanı beynəlxalq müsabiqədə təmsil edib

18:53 - 27 Avqust 2019 - Mədəniyyət

Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr-studiyası “AMBERSTAR 2019” Riqa-Stokholm-Riqa 10-cu yubiley beynəlxalq incəsənət müsabiqəsinə dəvət olunub.

Festival-müsabiqə 16-20 avqust tarixlərində keçirilib. Müsabiqə müxtəlif ölkələrdən gənc istedadların iştirakı ilə baş tutub. Festivalın açılışı Latviyanın paytaxtı Riqada, daha sonra isə 18-19 avqust tarixlərində Riqa-Stokholm-Riqa kruiz turu ilə səyahət edən "Romantika" gəmisində keçirilib.

Studiya "Kitabi-Dədə-Qorqud" dastanı əsasında "Üç ocaq" tamaşasını nümayiş etdirib. Tamaşa münsiflər heyətinin və tamaşaçıların təkcə marağına deyil, hətta göz yaşlarına səbəb olub. Müsabiqənin nəticələri Qala konsertdə açıqlanıb. Festival- müsabiqənin Qran-pri mükafatı Azərbaycana təqdim olunub. "Günay" studiyası Azərbaycanı layiqincə təmsil edib. Bütün kollektiv festivalın medalı ilə və 100 avro sertifikatı ilə təltif olunub.

Gənc aktyorlardan- Əliyeva Leyla, Qədimli Leyla, Cəbrayılbəyov Təyyar və Həmidli Tuncay ən yaxşı rola görə diplomla təltif olunublar. Studiyanın bədii- rəhbəri, ssenarist və quruluşçu rejissoru Larisa Tarusova Viktorovna festivalın idarə heyəti tərəfindən münsif seçilib, gənc istedadların inkişafındakı fəaliyyətinə və beynəlxalq mədəni əlaqələrin möhkəmlənməsinə göstərdiyi köməkliyə görə beynəlxalq diplom-sertifikatla təltif olunub.

Müsabiqə ərəfəsində - 17 avqust tarixində “Günay” studiyasının gənc artistləri Riqa şəhərində tamaşa-konsert proqramı ilə çıxış ediblər. Azərbaycan Səfirliyinin dəstəyi və gənc diaspor fəallarının təşkilatçılığı ilə Latviya Universitetinin Akademik Kitabxanasında keçirilmiş tədbirə Azərbaycan icması və Latviya ictimaiyyətinin üzvləri tərəfindən dəvət olunublar. Proqramı giriş sözü ilə açan əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə Azərbaycanın zəngin teatr ənənələri və musiqi mədəniyyəti barədə tamaşaçılara məlumat vermiş, teatr sənətinin gənclərin estetik tərbiyəsinin formalaşmasındakı rolundan bəhs edib. Bu istiqamətdə Bakı Uşaq Teatrının “Günay” studiyasının fəaliyyətini yüksək qiymətləndirən xanım Z.Dadaşzadə, Azərbaycan teatr sənəti ənənələrinin təbliğində onlara uğurlar arzu edib.

Həmçinin çıxış edən “Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Roman Əliyev bugünkü tədbirin xalqımızın tarixi-mədəni irsinin təbliği baxımından əhəmiyyətini vurğulamış, “Günay” uşaq yaradıcılıq studiyasının gənc istedadlarına uğurlar arzu etmişdir. Sonra çıxış edən “Günay” teatr-studiyasının rəhbəri xanım Larisa Tarusova studiyanın fəaliyyəti və gənc artistləri barədə təqdimat etmiş, bugünkü tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirmişdir.

Çıxışların ardınca “Günay” studiyasının gənc istedadları öz bacarıqlarını nümayiş etdirmişlər. Konsert zamanı Azərbaycanın milli rəqs və musiqi nümunələri ifa edilmiş, şerlər səsləndirilib. Xüsusilə Kitabi-Dədə Qorqud eposu motivləri əsasında səhnələşdirilmiş “Üç Tonqal” tamaşası və Arşın mal-alan operettasından qızların yaylıqla rəqsi tamaşaçıların böyük rəğbəti ilə qarşılanıb. Proqramın yekununda çıxış edən tədbirin əsas təşkilatçısı, Baltikyanı ölkələrdə yaşayan azərbaycanlıların Koordinasiya Şurasının Latviyadan olan üzvü Elnur Rəhimov “Günay” studiyasının gənc istedadlarına öz təşəkkürünü bildirmiş, xalqımızın tarixi, milli və mənəvi dəyərlərinin təbliğində bütün soydaşlarımıza uğurlar arzu ediblər.

Konsert proqramından sonra qonaqlara Azərbaycan milli mətbəxi nümunələrindən ibarət ziyafət verilib. Festivaldan sonra isə Azərbaycanın Riqadakı səfiri cənab Cavanşir Axundov "Günay" studiyasının kollektivini qəbul edib və iştirakçıları bu uğura görə təbrik edib. Və Bakı Uşaq Teatrının studiyasına təşəkkürnamə təqdim edib.
Azərbaycanın səfiri cənab Cavanşir Axundov L. Tarusovanı ürəkdən təbrik edib və gənc aktyorları öz ölkələrinin layiqli vətəndaşları kimi yetişəcəklərinə və Azərbaycan mədəniyyətini daim təbliğ edəcəklərinə inandıqlarını bildirən cənab Cavanşir Axundov, Riqadakı Azərbaycan səfirliyi adından teatra təşəkkürünü bildirib. Bakı Uşaq Teatrının Günay teatr-studiyası Riqada olduğu müddət ərzində göstərilən daimi diqqət və qayğıya görə cənab Cavanşir Axundova, xanım Zümrüd Dadaşzadəyə, Elnur Rəhimova və bütün səfirlik əməkdaşlarına dərin minnətdarlığını bildirir.


Xəbər xətti