“Linfild”in kapitanı: “Bakıda tarix yazmaq üçün əla imkanımız var”

12:50 - 27 Avqust 2019 - Xəbər

“Növbəti mərhələyə yüksəlmək imkanlarımız qalıb. Mübarizə aparmaq üçün əsasımız var”.

Bunu Şimali İrlandiyanın “Linfild” klubunun futbolçusu Ceymi Malqryu deyib. Komandasının kapitanı olan təcrübəli müdafiəçi Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la avqustun 29-da keçiriləcək cavab matçı öncəsi müsahibə verib. C.Malqryu “Qarabağ”ı daha şanslı saydığını bildirib: “Şanslar heç də xeyrimizə deyil. İlk görüşdə “Qarabağ”a qalib gəldik. Bu səviyyədə rəqib üzərində qələbənin özü də böyük nailiyyətdir. Heç kim “Linfild”in bu qədər irəliləyəcəyini gözləmirdi. Amma Çempionlar Liqasında uduzanların Avropa Liqasına düşməsi bizim kimi komandalar üçün imkan yaradır. Bakıda tarix yazmaq, arzularımızı gerçəkləşdirmək üçün əla imkanımız var. Cavab görüşündə ilk matçdakı kimi oynayıb-oynamayacağımızı bilmək olmaz”.

Qeyd edək ki, "Linfild" ilk matçda 3:2 hesabı ilə qalib gəlib. Cavab oyunu Bakıda, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək. /Apa

Xəbər xətti