Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Əsədli kənd sakini, 61 yaşlı Tarıverdi İmanov saxlanılıb.
DİN mətbuat xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 53 ədəd çətənə kolu, yaşadığı evdən isə ümumi çəkisi 4 kiloqram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.