Ana səhifə Mobil versiya
21 Sentyabr 2019

Milli təhlükəsizliyə təhdidlərə qarşı barışmaz olmalıyq

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ötən il Gəncədə baş vermiş terror aktlarının ildönümü ilə bağlı KİV-lərə “Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır” başlıqlı xüsusi açıqlamasında terroru və ekstremizmi,  radikalizmi və ifrat dini fundamentalizmi dəstəkləyən qüvvələrin Gəncə hadisələri ilə nəticələnmiş fəaliyyəti dövlətçiliyimizə qarşı qəsd aktı, milli maraqlarımıza qarşı məkrli təxribat kimi dəyərləndirilib.

Son zamanlar radikal qüvvələrin fəallaşması Gəncə hadisələrinin ildönümünə və ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edən TANAP-ın istifadəyə veriləcəyi vaxta təsadüf edir.
Bu gün müstəqil dövlətimizin iqtisadi, sosial və mədəni yüksəlişini gözü götürməyən, sosial şəbəkələrdə, internet saytlarında terroru, ekstremizmi və dini fundamentalizmi təbliğ edən radikal qüvvələrin və onların havadarlarının yenidən fəallaşması, Azərbaycana təhdidlər ünvanlamaları cəmiyyətdə ciddi narazılıq doğurur, dövlətə sadiqlik, vətənə sevgi, xalqa məhəbbət hissi ilə yaşayan hər bir vətəndaşı haqqlı olaraq hiddətləndirir.

Məqalədə bir sıra dövlətlərin ölkəmizdə bərqərar olmuş siyasi sabitlikdən, milli birlikdən və davamlı iqtisadi inkişafdan qıcıqlanan radikal klerikal dairələrinin, Azərbaycanın bütövlüyünə qənim kəsilmiş separatçıların və siyasi fəaliyyət pərdəsi altında şəxsi istəklərinə nail olmağa çalışan, sosial şəbəkə auditoriyası ilə hər bir görüşü söyüşlə bitən radikal müxalifət qruplarının fəaliyyətinə düzgün və obyektiv qiymət verilməklə yanaşı, dövlətin təhlükəsizliyi və milli mənafelərin heç vaxt və heç bir şərtlə müzakirə mövzularına çevrilməməsinin, milli təhlükəsizliyə təhdid yaranarsa, hər bir azərbaycanlının öz vətəndaş mövqeyini ortaya qoymasının vacibliyi vurğulanıb, mövcud həssas vəziyyətdə cəmiyyətimizə qətiyyət və sayıqlıq, vətəndaşlarımıza milli dövlətçilik naminə sıx birlik nümayiş etdirməklə bağlı çağırış səslənib: “İctimai rəyə təsir imkanları olan ziyalılarımız daha düşünülmüş şəkildə və həssas davranaraq, konkret insanlara bəslənən münasibətlə Vətənin mənafeləri və dövlətin maraqlarını bir-birindən fərqləndirməlidir”.

Müstəqil Azərbaycanın milli təhlükəsizliyinin təminatı dedikdə dövlət və ictimai institutların, eləcə də ölkə vətəndaşlarının şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliynə təhdidlərin aşkarlanması və onların qarşısının alınması istiqamətində məqsədyönlü fəaliyyəti başa düşülür. Məlumdur ki, bu fəaliyyət milli təhlükəsizliyin təmin edilməsinə yönəlmiş dövlət siyasəti ilə müəyyənləşdirilir. Bununla yanaşı, Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması təkcə dövlətin yox, həm də bütün cəmiyyətin və ayrı-ayrılıqda hər bir vətəndaşın milli maraqların müdafiəsinə yönəlmiş vəzifəsidir. 

Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından 28 il ötür. Sosial şəbəkələrin fəal istifadəçiləri olan və ideoloji baxımdan dünyagörüşü yenicə formalaşan yeniyetmə və gənclərdən fərqli olaraq, yaşlı nəslin nümayəndələri ölkəmizin və xalqımızın dövlət müstəqilliyinin təşəkkül tapması və möhkəmlənməsi yolunda nə cür mücadilələr apardığını, hansı məşəqqətlərlə üzləşdiyini və nə dərəcədə ağır itkilər verdiyini yaxşı bilir: biz xalqın azadlığı, dövlətin müstəqilliyi naminə şəhidlər qurban vermişik, taleyüklü hadisələrin canlı şahidləri olmuşuq.   

Dövlətçiliyimizin tarixi ilə dərsliklərdən, elmi-kütləvi ədəbiyyatdan və İnternet səhifələrindən tanış olan gənc nəslimizin milli təhlükəsizliyə və milli mənafelərə ciddi təhdidlərin yaşandığı zaman kəsiyində ziyalı sözünə böyük ehtiyacı var. İti qələmi, kəsərli sözü olan hər bir ziyalı yeniyetmə və gənclər auditoriyasında terroru, ekstremizmi və dini fundamentalizmi təbliğ edən radikal qüvvələrin və onların havadarlarının fəaliyyətinə münasibət bildirməklə təkcə vəzifə borcunu deyil, həm də vətəndaşlıq borcunu yerinə yetirmiş olur.

Oktay Səmədov,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent     

Tarix
21 Avqust 2019 [20:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-08-21 20:11:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin