Alimlər Messinin, yoxsa Ronaldunun güclü olduğunu müəyyənləşdiriblər

12:28 - 21 Avqust 2019 - İDMAN

Belçikanın Lyoven Katolik Universitetinin alimləri Argentina millisinin futbolçusu Lionel Messinin, yoxsa Portuqaliya yığmasının oyunçusu Kriştianu Ronaldunun ən yaxşı olduğunu müəyyənləşdirən formul tərtib ediblər.

“Report” “Mirror”a istinadən xəbər verir ki, VAEP adlanan formulda yalnız qol və məhsuldar ötürmələri deyil, zərbə, driblinq, sürüşmə fəndi və digər elementləri də nəzərə alınıb.

Alimlər hesablamaları hər iki hücumçunun 2013-2018-ci illər ərzində sərgilədikləri oyunlar əsasında aparıblar. Araşdırmada iştirak edən universitetin aspirantı Tom Dekrosun sözlərinə görə, ilk mövsümlərdə Messi və Ronaldunun göstəriciləri demək olar ki, eyni olub: “Lakin 2015/2016 mövsümündən etibarən Messi məşhur rəqibini ötməyə başlayır”.

Bildirilir ki, Messinin bir oyun üçün VAEP göstəricisi 1,21, Ronalduda isə 0,61-dir.

Qeyd edək ki, Messi karyerası ərzində yalnız yetirməsi olduğu İspaniyanın “Barselona” komandasının formasını geyinməkdədir. Hazırda İtaliya “Yuventus”unda çıxış edən Ronaldu isə daha öncə vətənində “Sportinq”in, İngiltərədə “Mançester Yunayted”in, İspaniyada isə “Real Madrid”in uğurları üçün çalışıb.

Xəbər xətti