“Qürbətdə yaşamaq heç də asan deyil”

19:00 - 19 Avqust 2019 - Müsahibə

Cəmilə Tağızadə: “Məni ən çox insanların danışdığı yalan, sözlərinin üstündə durmamağı əsəbiləşdirə bilər”

“İstər aktyor, istərsə də aktrisa üçün rol məhdudiyyəti olmamalıdır. Azərbaycanda yaşadığımız və bizim millətin düşüncələrinə bələd olduğumuz üçün, milli mentalitet, milli dəyərlərə görə bəzi rollara yox deməli oluruq və həmin rollarda çəkilmirik. Amma belə olmasını istəməzdim. Aktyor və aktrisa üçün rolun böyüklüyü, kiçikliyi və məhdudiyyəti yoxdur. Çünki aktyor və aktrisanın işi məhz budur”.

“Üç nöqtə” qəzetinin qonağı Türkiyədə yaşayan gənc azərbaycanlı aktrisa Cəmilə Tağızadədir.

- Artıq bir neçə gündür Bakıdasınız. Xoş gəlmisiniz.
- Təşəkkür edirəm, xoş günlərinizə gələk inşallah.

- Neçə günlük gəlmisiniz, bu gəlişiniz iş səfəridir, ya adi gəzinti?
- İldə bir dəfə bir aylıq gəlirəm. Bəzən bu müddəti iki aya qədər uzada da bilirəm. Əslində istirahət məqsədilə gəlmişdim. İş təklifləri oldu, lakin bəzi səbəblərdən dolayı çox gözəl iki layihəyə yox deməli oldum.

- Bakıya çatanda burda ən çox nə üçün darıxdığınızı hiss etdiniz?
- Ümumiyyətlə, gəlişimin əsas səbəbi anamdır. Gəlirəm ki, ailəmi, qohumlarımı, rəfiqələrimi görüm. Onlar üçün darıxıram. Bunlar əsas səbəblərdir. Bir də insan doğulub boya-başa çatdığı, böyüdüyü şəhəri, vətənini özləyir. İnanın ki, qürbətdə yaşamaq heç də asan deyil. Hələ mənim kimi vətəninə bağlı olan birisi üçün bu lap çətindir. Əvvəllər heç vaxt öz ailəmdən uzaqda yaşamamışam. Artıq zamanla öyrəşirəm.

- Planda film, yaxud seriallara çəkilmək varmı?
- Əslində yox idi. Amma qeyd etdiyim kimi, iki yaxşı təklif gəldi, çəkilişləri də uzunmüddətli deyildi, 1-2 aylıq çəkilişlər olacaqdı. Bəzi səbəblərə görə qəbul etmədim. Çox gözəl layihələr idi, təklif etdikləri üçün təşəkkür edirəm. Orda olan aktyor və texniki heyətlə məmnuniyyətlə çəkilmək istəyərdim. Amma qismətdə yox imiş.

- Aktyorların və aktrisalar adətən səhnədə, efirlərdə olduğu üçün kompleksləri olmur. Bəs sizin hər hansı bir kompleksiniz varmı?
- Mən elə çox yaxşı aktyor və aktrisalar tanıyıram ki, hədsiz dərəcədə lazımsız kompleksləri var. Kimlərsə bir az sərbəst ola bilər. Amma bu onların kompleksi olmadığı anlamına gəlmir. Mənim elə bir kompleksim yoxdur. Sadəcə olaraq özümdə bəyənmədiyim bəzi şeylər var ki, göstərməməyə çalışıram.

- Xaraktercə necə birisiniz, insanların hansı xüsusiyyəti sizi özünüzdən çıxara bilər?
- Əslində çox sakit bir insanam. Ta ki, məni əsəbiləşdirib özümdən çıxartmayana qədər. Məni ən çox insanların danışdığı yalan, sözlərinin üstündə durmamağı əsəbiləşdirə bilər. İnsanlar var ki, bir şey deyir, sonra başqa şey edir. Mən belə şeyləri qətiyyən sevmirəm. İnsan dediyin kəs dürüst olar, mərd olar. Bəzi insanlar qabağa getmək, varlanmaq üçün hər şeyi edirlər. Belə insanların gözümdə dəyəri yoxdur.

Belələrini maksimum dərəcədə özümdən uzaqlaşdırmağa çalışıram. İnsanın sözü ilə əməli bir olmalıdır. Belə insanları sevirəm. Ailəmə, yoldaşıma, dostlarıma sadiq biriyəm. Məni tanıyanlar necə bir insan olduğumu bilirlər. Ən əsası paxıl insan deyiləm, heç vaxt heç kimə paxıllıq etməmişəm. Çalışdığım qədəriylə insanlara köməklik göstərmişəm. Əlimdən gələni heç vaxt əsirgəməmişəm. Amma beynimi çöndərsələr (gülür),  dediklərimə qarşı çıxsalar, dedikləri ilə elədikləri bir olmasa həmin insanlar gözümün düşmənidir. Bir insan mənim gözümdən düşdüsə hər şey bitib deməkdir.

- Deyəsən, sözün düzünü deməyi sevirsiniz...
- Bəli, mən sözün düzünü üzə deməyi sevirəm. İstər həmin insanın xətrinə dəysin, istərsə də yox. Həmişə demişəm ki, kimsə məndə nəyisə bəyənmirsə gəlib üzümə desin. Yoxsa üzümə gülüb arxamca danışıb, paxıllıq etməsin, quyumu qazmasın, səmimiyyətsizlik etməsin. İnsan mərd olar, qorxaq yox. İstə qadın, istərsə də kişi, fərq etməz.

- Aktyor və aktrisa üçün rol məhdudiyyəti olmalıdırmı?
- Düşünürəm ki, istər aktyor, istərsə də aktrisa üçün rol məhdudiyyəti olmamalıdır. Amma Azərbaycanda yaşadığımız və bizim millətin düşüncələrinə bələd olduğumuz üçün, milli mentalitet, milli dəyərlərə görə bəzi rollara yox deməli oluruq və həmin rollarda çəkilmirik. Amma belə olmasını istəməzdim. Aktyor və aktrisa üçün rolun böyüklüyü, kiçikliyi və məhdudiyyəti yoxdur. Çünki aktyor və aktrisanın işi məhz budur.

Gördüyünüz filmlər və serialların əksəriyyəti həyatdan götürülmədir. Həyatda olan insanların həyatı ssenariləşdirilir, həyat hekayələri yazılır və obraz şəklində aktyor və aktrisalar tərəfindən ifa olunaraq tamaşaçılara çatdırılır. Bunu da biz etməliyik, bizdən başqa heç kim bunu göstərə bilməz.

- Bu günə qədər çəkildiyiniz obrazlardan özünüzə ən doğma hiss etdiyiniz hansı olub?
- Sevdiyim rollarım var. İstər böyük, istər kiçik rol olsun, hamısı mənə doğmadır.

- Bəs sizi məşhurlaşdıran obrazınız hansı olub?
- İlk dəfə “Aramızda qalsın”, “Qaynana” seriallarında epizodik obrazlarım olub. Daha sonra “Səndən sonra” serialında Könül obrazından sonra yavaş-yavaş tanınmağa başladım. Düzdür, orda mənfi obrazı canlandırırdım. Daha sonra bir neçə rollarda çıxış etdim. Mənə əsas populyarlıq gətirən serial isə “Dəfnə ağacı” və “Cehizsiz gəlinlər”  oldu. Bildiyiniz kimi, son illərdə daha çox keyfiyyətli serialların çəkilməsinə və izlənilməsinə başlandı. Və mənə elə gəlir ki, zamanla daha da yaxşı olacaq.

Artıq çox gözəl filmlər çəkilir, tamaşaçılarımız da izləyirlər. Əminəm ki, seriallarımız da türk serialları qədər çox keyfiyyətli və reytinqli olacaq. Ümid edirəm ki, seriallara çox böyük maliyyə ayrılar, sponsorlar gələr, sənətdə olan aktyor və aktrisalarımıza çox böyük dəyə verilər. Layiq olduqları qonararları alarlar. Çünki işimiz həqiqətən çox əziyyətli və zəhmətlidir. Onun qarşılığı olaraq həddindən artıq az məvacib alırıq. Çəkdiyin əziyyətə dəymir, sadəcə olaraq o sənəti o qədər sevirik ki, pulu gözümüzə görünmür. İnşallah tezliklə bu problemlər həll olunar. Allah hamımızın arzu və istəklərini gerçəkləşdirsin, içi mən qarışıq. Həyatımızda yaxşı və xeyirli işlər olsun.

- Elə olubmu ki, təklif edilən rolu canlandırmaq, oynamaq istəməyəsiniz?
- Çox olub. İstəmədiyim rollara rahat şəkildə yox demişəm.

- Aktrisa üçün fotosessiya nə dərəcədə əhəmiyyətlidir?
- Fotosessiya göz önündə, kamera önündə olan hər bir kəs üçün çox önəmlidir. İstər müğənni, aparıcı, model olsun, fərqi yoxdur. Fərqli fotosessiyalar etmək, obrazları canlandırmaq lazımdır. Həm gündəmdə qalırsan, həm də yaddan çıxmırsan. Fotosessiyalar vasitəsilə öz fikrini və istedadını tamaşaçılara çatdıra bilirsən, bu vacibdir. Sənət adamı passiv olmamalıdır, öz üzərində işləməlidir, yeniliklərə imza atmalıdır. Yerində duran adam heç vaxt qabağa gedə bilməz. İstedad vacibdir, amma bununla yanaşı üzərində çalışmaq da lazımdır.

- Həyat yoldaşınızın keçmiş arvadı sizə problemlər yaradırdı. Hələ də davam edirmi bu problemlər?
- Bəli, bəli... Deyəsən, bu gedişlə ömrümün axırına kimi mən o xanımla problem yaşayacağam. İşlər məhkəmədədir, ümid edirəm ki, tezliklə bu problemlərdən canım qurtaracaq.

- Elə olubmu ki, gəlir əldə etmək məqsədilə hansısa rola çəkiləsiniz?
- O qədər olub. İstəmədiyim, bəyənmədiyim layihələr olub. Amma pula ehtiyac olduğu üçün rola yox, layihəyə hə demişəm. Belə seriallar çoxdur, adlarını çəkmək istəmirəm. Amma həmin seriallara çəkildiyi üçün sözün düzünü desəm, peşmanam.

- Ətrafınızda sevdiyiniz insanların yalanları ilə rastlaşmısınzımı heç?
- Bir deyil, iki deyil, on deyil, saymaqla bitməz. Artıq çox fikir vermirəm belə insanlara. Düşünürəm ki, bizdə insanların əksəriyyəti yalan danışmağı xoşlayırlar. Hətta bəzilərinin həyatı da yalanlar üzərində qurulub. O zaman gərək heç kimlə münasibət qurmayasan, öz ailəni götürüb gedib təkcə bir adada yaşayasan. Mən demirəm hamı yalançıdır, amma çoxdur. Hələ də belələri ilə rastlaşıram.

- Sosial şəbəkələrdə aktivsinizmi?
- Əslində o qədər də aktiv deyiləm. Amma çalışıram ki, sosial şəbəkələrdən istifadə edim, insanlar məni unutmasın. Bu göz önündə olan insanlar üçün çox əhəmiyyətlidir. Həm yaddan çıxmırsan, həm tamaşaçılarla ünsiyyətdə olursan. Sevənlərin və izləyənlərin yazıb ürək sözlərini bildirmələri çox gözəl bir şeydir. Amma gündəmdə qalmaq üçün videolar çəkib paylaşmıram. Sadəcə fotolar yaxud maraqlı nələrsə gördükdə onları paylaşıram. Ümumiyyətlə əhəmiyyətli material görəndə paylaşmağa daha çox üstünlük verirəm. Cəmi iki sosial şəbəkədə, “Facebook” və “İnstagram”da varam, Çalışıram ki, bunlarda aktiv olum.

Könül Oruc

 


Xəbər xətti