Baş prokuror Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirini qəbul edib

16:38 - 16 İyul 2019 - Xəbər

İyulun 16-da ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Dr.Valid bin Mohammad Al-Samaaninin rəhbərlik etdiyi geniş nümayəndə heyəti Baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib.

Baş prokuror ölkələrimiz arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənən dostluq və səmərəli əməkdaşlıq münasibətləri haqqında danışmış, qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli əlaqələrin inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun rolunu xüsusilə vurğulayıb.

Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən islahatlar haqqında məlumat verən Baş prokuror, əhalinin həyat səviyyəsinin və rifahının yüksəlməsinə yönəlmiş sosial-iqtisadi tədbirlər, eləcə də müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsi sisteminin formalaşmasına xidmət edən məhkəmə-hüquq islahatları barədə ətraflı danışmış, ölkədə mövcud olan ictimai sabitlik, cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər haqqında söhbət açaraq, bu işdə həm əhali, həm beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən və dünyada artıq Azərbaycan brendi kimi tanınan “ASAN Xidmət” Mərkəzlərinin fəaliyyətini xüsusi qeyd edib.

Daha sonra Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazilərinin 20%-nin erməni işğalı altında olması, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarından didərgin düşməsini qeyd edən Zakir Qaralov, bu məsələdə Azərbaycanın haqlı mövqeyinə Səudiyyə Ərəbistanı Krallığı tərəfindən göstərilən dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən nazir Dr. Valid bin Mohammad Al-Samaani, ölkələrimizin hüquq mühafizə orqanları arasında mövcud olan sıx əlaqələrdən məmnunluq ifadə edərək, iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış Əməkdaşlıq Proqramının əhəmiyyətindən və hüquq sahəsində fəaliyyət göstərən peşəkarlar üçün ixtisasartırma və təcrübə mübadiləsinin perspektivlərindən danışıb.

Söhbət zamanı Azərbaycan Prokurorluğunun fəaliyyət istiqamətləri barədə məlumat verən Baş prokuror, prokurorluq orqanları tərəfindən cinayət işlərinin istintaqı, dövlət ittihamının müdafiəsi və qanunların icrasına nəzarət işinin həyata keçirilməsinin xüsusiyyətlərini qonağların nəzərinə çatdırıb.

Görüşdə maraq kəsb edən sahələr üzrə səmərəli fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti vurğulanmaqla digər konkret mövzularda ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər xətti