Şəki Xan Sarayında yaralananlardan biri vəfat etdi

21:37 - 15 İyul 2019 - Xəbər

Şəki Xan Sarayında baş vermiş bədbəxt hadisə zamanı yaralananlardan biri ölüb.

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, ötən gün Sarayın həyətindəki çinarın budağının qırılması nəticəsində ağır xəsarət alan və xəstəxanaya çatdırılan Xatirə Ağamalıyevanın həyatını xilas etmək mümkün olmayıb.

Sağ baldır sümüyünün çox qəlpəli sınığı diaqnozu qoyulmuş X.Ağamalıyeva travmatik şok vəziyyətində idi.
Həkimlərin səylərinə baxmayaraq, o, Şəki Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Xatırladaq ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Son günlər ölkə ərazisində müşahidə olunan güclü küləyə dözməyərək Xan çinarının budağının qırıldığı ehtimal edilir.

Xəbər xətti