Donald Tramp: "ABŞ-ın hərbi kontingenti Əfqanıstandan çıxarılmalıdır"

11:51 - 2 İyul 2019 - DÜNYA

"ABŞ-ın hərbi kontingenti Əfqanıstandan çıxarılmalı və bura ABŞ kəşfiyyat xidmətlərinin daimi nümayəndəliyi yerləşdirilməlidir."

Bu barədə ABŞ prezidenti Donald Tramp “Fox-News”a müsahibəsində deyib. "Biz bütün dünya üçün qoruyucu rolu oynayırıq. Rusiyaya baxın, bu ölkə dünya üçün qoruyucu rolunu oynamır və öz ölkəsində daxili sabitliyi təmin edir. Çinin qoşunları hər yerdə deyil", - deyə Tramp bildirib.

Donald Tramp həmçinin qeyd edib ki, ABŞ Əfqanıstandakı hərbi qüvvələrinin sayını əhəmiyyətli dərəcədə azaldıb: "Bizim Əfqanıstandakı qüvvələrimizin sayı 16 000-dən 9000-ə düşüb. Bu faktı çox adam bilmir. Mən bu ölkəni tərk etmək istərdim, bura terrorçuların laboratoriyasıdır".

Qeyd edək ki, Əfqanıstanda 2001-ci ildən başlayan hərbi əməliyyatlar 17 ildən çoxdur davam edir. 2010-2013-cü illərdə Əfqanıstandakı hərbi qüvvələrin sayı 150 min nəfərdən çox olub. 2014-cü ildə isə ABŞ və NATO-ya məxsus qüvvələrin əsas hissəsi Əfqanıstandan çıxarılıb və hazırda bu ölkədə 14 000 hərbçi var.

Xəbər xətti