Gürcüstanda parlament sədrinin istefası tələb olunur

21:26 - 20 İyun 2019 - Xəbər

Tbilisidə parlament binası qarşısında davam edən etiraz aksiyasında nöbədənkənar parlament seçkilərinin keçirilməsi tələb olunur.

Aksiyada aparıcı müxalifət partiyalarının nümayəndələri və vətəndaşlar iştirak edirlər. Bu arada Gürcüstan parlamentinin həyətinə cəlb olunmuş polis qüvvələrinin sayı artırılıb.

Müxalif Vahid Milli Hərəkat Partiyasından olan deputatlar bildiriblər ki, Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyasında baş verən hadisələrə görə parlament sədri İrakli Kobaxidze məsuliyyəti üzərinə götürməlidir. Əks halda, partiyanın parlament fraksiyası spikerin istefası proseduruna başlayacaq.

*** 19:44

Gürcüstanda parlamentin qarşısında rusiyalı deputatlara qarşı keçirilən aksiyaya qoşulanların sayı artır.Mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb.

Aksiyada iştirak edən ictimai fəallar və müxalifət partiyalarının üzvləri Gürcüstanın parlament sədri İrakli Kobaxidzenin istefasını tələb edirlər.

Həmçinin daxili işlər naziri Giorgi Qaxaria və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelaurinin də istefası tələb olunur.

Müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze aksiya iştirakçıları qarşısında çıxışı zamanı bildirib ki, hökumətə tələbləri yerinə yetirmək üçün bir saat vaxt verilir.

Qeyd edək ki, Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyasında iştirak edən Rusiya nümayəndə heyəti artıq Gürcüstanı tərk edib. Rusiyalı deputatlar əleyhinə aksiyalar Tbilisi ilə yanaşı, Telavi və Qoridə də keçirilib. report

Xəbər xətti