“Ev-iş, iş-ev, başqa bir yer tanımıram”

19:06 - 17 May 2019 - Müsahibə

Ramin Hacıyev: “Ürəyimcə olmayan adamlarla heç vaxt işləmirəm”

10 ildən çoxdur bu sənətdədir. Azərbaycanın komediya janrında serial çəkimində öz sözünü demiş rejissorlardandır. Sitkom formatlı serialı da ilk dəfə ölkəmizdə o, çəkib. Deyir ki, serial çəkimində əsas məsələ tamaşaçının zövqünü oxşamaq və ona istədiyini verə bilməkdir.

Mövsüm dəyişdikcə, serialların məkanında, süjet xəttində, aktyorlarında dəyişikliklər etməyin vacibliyini vurğulayır: “Tamaşaçının zövqünü bilmək lazımdır. Yəni, mövsüm ərzində eyni məkanda qalmaq, eyni aktyorlar və eyni süjetlərlə çıxış etmək artıq ikinci il tamaşaçıları yormağa başlayır.

Ona görə də ikinci il məkanı da, aktyorları da, süjet xəttini dəyişməyə çalışırıq. Belə olan halda serial sanki tamaşaçı üçün yenilənir. Elə bir başqa bir serialdır, amma eyni aktyorlar ilə... Bir sözlə dəyişim və yenilik mütləqdir”.

“Üç nöqtə” qəzetinin qonağı sevə-sevə seriallarını izlədiyimiz rejissor, aktyor və ssenarist Ramin Hacıyevdir.

- Bəzi rollar olur ki, insanların yaddaşında xüsusi iz salır. Eynilə sizin “Bacanaqlar” serialındakı “Məhəbbət” obrazı kimi... Bu obrazın sizin yaradıcılığınızda bu cür yadda qalmasına səbəb nədir?
- Tək Məhəbbət obrazı deməzdim, özümün çəkdiyim seriallarda digər obrazlar da yadda qalır. Bu aktyorun oyunundan, tamaşaçıya nə qədər yaxın olmasından və s. asılıdır. Bəzən insanlar aktyorun simasında öz qohumunu, qonşusunu, yaxud yaxın bir adamını görür deyə həmin obraz ona daha da doğmalaşır. Belə bir deyim var: “Sən deyə bilmərsən, bu sənə uğur gətirəcək, ya yox”. Amma ehtimal etmək olur. Aktyorun parlaq obrazla tamaşaçıların yaddaşında qalması üçün həm ssenari, həm öz oyunu, həm də tamaşaçıya ruhən yaxın olması şərtdir.

- Hazırda “Xalxın evi”, “Ay yay yay” seriallarını çəkirsiniz. Siz burada çəkilişə başlayandan sonra demək olar ki, digər komediya seriallarının reytinqi düşdü. Necə hesab edirsiniz, çəkdiyiniz serialların insanların qəlbinə birbaşa yol tapmasına nə yardımçı olur?
- Belə deyək də, seriallar televiziyada nümayiş olunduğu üçün tamaşaçılar baxır. Ona görə də tamaşaçının zövqünü oxşamaq, istədiyini vermək üçün çalışmaq ən vacib məsələlərdən biridir.

Məsəl üçün, mən “Xalxın evi” serialını təxminən yeddi-səkkiz il əvvəl çəkmək istəyirdim, amma heç cürə alınmırdı. Amma Xəzər televiziyasına keçən kimi ilk iş olaraq bu serialı çəkməyə qərar verdim. Məkan olaraq isə kəndi seçdim.

Bunda əsas məqsədim tamaşaçıya bacardığım qədər kənd mühitini, yaşıllığı, o nəfəsi yaşada bilmək idi. Nə qədər şəhər-şəhər desək də, hamımız yay olan kimi kəndə qaçmağa meyl edirik. Əksəriyyətimizin əvvəli kənd olub deyə, kənd mühiti bizə daha yaxındır.

“Ay yay yay” serialı isə sadəcə olaraq romantik komediya janrındadır. İndiyə qədər bizdə romantik komediya olmamışdı. Sitkom formatlı serialı Azərbaycanda ilk dəfə etdiyim üçün orda yeniliklər etmək istəyirəm. Düzdür, bundan əvvəl “Kişi sözü” serialı da bu janrda olsa da, orda tam istədiyimiz effekti ala bilməmişdik. Amma “Ay yay yay”da sırf romantik komediya olduğunu üçün tamaşaçılarımız tərəfindən sevilir.

Bu serial onlar üçün həddindən artıq maraqlı və yenidir, romantika, sevgi və üstəgəl komediya da varsa, nəticənin uğurlu olduğunu düşünürəm. Çalışırıq ki, tamaşaçıların istədiyini onlara verə bilək.

- Seriallar çəkən Ramin Hacıyev özü bəs seriallara baxırmı?
- Mütləq. Çünki bu, mənim işimdir, baxmalıyam, proseslərin necə getdiyini izləməliyəm. Həm Azərbaycan, həm də xarici seriallara baxıram. Xaricilərdən əsas türk seriallarına baxıram, çünki bizə çox yaxındır. Rus serialları isə bizə o qədər də yaxın olmadığı üçün onlara baxmıram.

Türk serialları dünyada tanınmış serialların sırasındadır. Həm çəkim, həm aktyor oyunu, həm də süjet xətti baxımından elə bil, dünyada 10 yaxşı kino çəkən ölkə varsa, türklər birincidir. Ona görə birbaşa onların süjet xəttinə, çəkimlərinə, tərzlərinə, oyunlarına baxırıq. Bu bizə kifayət edir.

- Baxdığınız yerli seriallar zövqünüzü oxşaya bilirmi?
- “Vicdan haqqı” serialını çox bəyənirdim. Sentyabr ayında yeni mövsüm başlayan zaman seriallar başlayır. Bu vaxtı demək olar ki, serialların hamısına baxıram, amma davamlı olaraq izləmirəm. Artıq əvvəlinə baxanda nələrin olacağını təxmin edirəm, arada ümumi gedişatlara baxıram.

- Belə deyək də, artıq serialları bir tamaşaçı gözü ilə deyil, bir rejissor  gözü ilə izləyirsiniz...
- Bəli, artıq professional olaraq baxıram, proseslərə diqqət yetirirəm. Sırf hansısa seriala oturub baxım, seriyasını ötürəndə “Youtube”dən izləyim və s. belə bir şeylər yoxdur.

- Bəzən görürük ki, seriallar çəkilir və tez bir zamanda final etmək məcburiyyətində qalır. Fikrinizcə, serialın uzunömürlü olması üçün nələr vacibdir?
- Tamaşaçının zövqünü bilmək lazımdır. Yəni, mövsüm ərzində eyni məkanda qalmaq, eyni aktyorlar və eyni süjetlərlə çıxış etmək artıq ikinci il tamaşaçıları yormağa başlayır. Ona görə də ikinci il məkanı da, aktyorları da, süjet xəttini dəyişməyə çalışırıq. Belə olan halda serial sanki tamaşaçı üçün yenilənir. Elə bir başqa bir serialdır, amma eyni aktyorlar ilə... Bir sözlə dəyişim və yenilik mütləqdir. Hətta mövsümün ortasında da dəyişiklik etmək olur.

- Zamanında sizin də əməyiniz olan və Azərbaycanda ən uzun serial kimi tarixə düşən “Bacanaqlar” serialı bağlanır. Necə hesab edirsiniz, bu “Ay yay yay, “ Xalxın evi” seriallarının  çox reytinq verməsindən  qaynaqlanmır ki?
- Yox, yox, inanmıram, belə deyil. Hesab edirəm ki, 10 il müddət “Bacanaqlar” serialı üçün bəsdir. Özüm də orda iştirak edən zaman hiss edirdim ki, artıq çox oldu. Yəni maksimum iki, yaxud üç sezon yaxşıdır. Artıq olmasına ehtiyac olmadığını düşünürəm. Elməddin Cəfərov serialı bağlamaq qərarına gəlib, yəqin ki, artıq 10 il müddətində öz sözünü deyib. Düşünürəm ki, artıq başqa seriallar çəkməyə başlayarlar.

- Bu gün Azərbaycanda komediya janrında film və serialların çəkimi geniş yayılıb. Fikrinizcə, bu hər kəsdə yaxşı alınırmı? Yəni, tamaşaçını güldürə bilirlərmi?
- Söhbət komediya seriallarından gedirsə, bu incəsənətin ən incə sənətidir. Çünki komediya bir az çətindir. Yəni güldürmək həqiqətən çətin məsələdir. Çünki tamaşaçını güldürəndə biri deyir gülməlidir, biri deyir gülməli deyil, biri deyir şitdir və s. Hərə bir söz deyir. Amma dram olanda ya ağlamalıdır, ya yox. Yaxşı seriallarımız var, Arb telekanalında “Baldız” serialı, Atv-də “Qız atası”, “Bacanaqlar” serialları yaxşıdır. Xəzər televiziyasında “Niyə”, “Ay yay yay” və s. var. Normal tamaşaçı baxımı varsa, demək ki, yaxşıdır. Növbəti mövsümdə yəqin ki başqa kanallar da bu sahədə rəqabətə başlayar.

- Ən böyük təndiqçiləriniz kimlərdir?
- Öz dostlarım və evdəkilər. Doğmalar, yaxınlar həmişə doğru sözü deyir.

- İş çox olanda ailəyə ayırmağa vaxt qalmır. Bəs siz necə, ailənizə yetərincə vaxt ayıra bilirsinizmi?
- Ev-iş, iş-ev, başqa bir yer tanımıram. Maksimum dostlarla çay evində oturub bir domina oynamağa vaxtım olur (Gülür).

- Qız böyütməyin oğlan böyütməkdən çətin olduğunu deyirlər. İki qız övladınız var. Övladlarınıza necə atasınız?
- Necə ata olmağımı gərək qızlarımdan soruşasınız (Gülür). Hər zaman boş vaxtımı ailəmə sərf etməyə, onlarla vaxt keçirməyə çalışıram.

- Rejissor olaraq serialların ssenarilərinə müdaxilə və dəyişikliklər edirsinizmi?
- Bəli, mütləq. Ssenarnin özəli, əzəli, ideyası özümdən asılıdır. Təbii ki bizim ssenaristlərimiz var, Səbuhi, Elsevər, Araz, Azər, Tərlan, Kənan. Birlikdə işləməyimiz və müdaxilə də etməyim normaldır və vacibdir. Ssenariyə yalnız ehtiyac olan halda müdaxilə edirəm, birlikdə müzakirə edirik. Amma əsasən hər şey bizim ssenaristlərimizdən asılıdır.

- İşlədiyiniz kollektivdən razısınızmı?
- Ümumiyyətlə, ürəyimcə olmayan adamlarla heç vaxt işləmirəm. Çox gözəl kollektivimiz, texniki heyətimiz var. Bizim komanda da bir-birinə münasibəti pis olan adam qalmır. Kollektivimiz dostluq üzərində qurulub. Münasibətimizin yaxşı olması mütləqdir. 

- Qarşıdan yay sezonu gəlir. Yeni layihələr varmı? Tamaşaçılar bu yayda Ramin Hacıyevdən nə gözləsin?
- Mövsümə başlamadan “Yay” serialı çəkməyi düşünürəm. Bu serial 7-8 bölümdən ibarət komediya janrında olacaq. Yeni sezon üçün isə müəlliflərlə və ssenaristlərlə yığışıb ya dəyişiklik edəcəyik, ya da başqa serial çəkəcəyik. Amma hələ tam dəqiqləşdirməmişik.

Könül Oruc

Xəbər xətti