“Hansı ruha, rəftara sahibsənsə, alət vasitəsiylə də onu təqdim edirsən”

19:08 - 10 May 2019 - Müsahibə

Sübhan Köçərli: “Qarmonun ecazkar səsi, geniş imkanları alətin bu günə kimi öz aktuallığını qoruyub saxlamasına imkan yaradıb”.

Müsahibimiz dünyada ilk dəfə qarmon alətində təzadlı polifoniyanın əsasını qoyub. Bildirir ki, onun bu yeniliyi, müəlliflik hüquqları Əqli Mülkiyyət Agentliyi tərəfindən qorunur: “Rusiyadan  Azərbaycana  gətirilən  qarmonlar  üzərində  ustadlarımız  tərəfindən  milli  musiqimizə  uyğun  olaraq  müəyyən  təkminləşdirmə  işləri  aparılıb ki,  onlardan  biri də  qarmonun  sol  tərəfində  yerləşən  səslərlə  bağlıdır.  Sol  tərəfdə  yerləşən  səslər  eyniylə  sağ  tərəfdə  yerləşən  səslərin təkrarıdır.

Səslərin məhz  bu  formada  olması  ifaçıya  geniş  imkanlar açır. Yəni,  ifaçıya  sağ  əldə  ifa  etdiyi  melodiyaya  sol  əldə  dəmkeşin  funksiyasını  yerinə  yetirərək  dəm saxlamaqla  yanaşı, müxtəlif  formalarda  müşayiət  imkanı da  yaradır”.

Müsahibimiz “Üç nöqtə” qəzetinin qonağı qarmon alətində təzadlı polifoniyanın əsasını qoyan qarmon ifaçısı Sübhan Köçərlidir. S.Köçərli ilə onun ümumi fəaliyyətindən və gətirdiyi yeniliyindən söhbət açdıq.

- Özünüz barədə məlumat verərdiniz. Oxucularımız sizi daha yaxından tanısın.
- 1991-ci ilin mayında Bakı şəhərində anadan olmuşam. İlk musiqi  təhsilimi Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbində almışam. Məktəbi bitirdikdən sonra təhsilimi Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi  Kollecində (keçmiş  Asəf  Zeynallı) davam etdirmişəm.

- Musiqi alətləri içərisində qarmonun xüsusi yeri var. Sizin üçün qarmon nə deməkdir?
- Cəlaləddin Rumi deyir ki, ağzını aç deyim kimsən. Hansı ruha, rəftara  sahibsənsə, alət vasitəsiylə də onu təqdim edirsən. Qarmon ifaçının kimliyi deməkdir.

- Qarmon alətində təzadlı polifoniyanın əsasını qoymusunuz. Bu yeniliyə necə nail oldunuz?
- Bu yeniliyə üç amil əsasında nail olmuşam. Bunlardan birincisi idea   və  düşünmək qabiliyyətidir. Özün də bilmədən qəfil ağlına fikir, idea  gəlir. Necə? Nə vaxt? Hardan? Nə səbəbə? İdeanı Allahın neməti kimi  qəbul edirəm. Nemətdən necə istifadə barəsində isə düşünmək mütləqdir. İkinci amil isə alətin imkanı və ona yaxından bələd olmaqdır. Azərbaycan qarmonunda sol  tərəfdə yerləşən səslərinin məhz  sağ tərəfdə yerləşən səslərlə eyni olması, yəni təkrarı olması ifaçıya digər imkanlarla bərabər bu imkanı da yaradır. İmkanlardan düzgün  istifadə üçün isə alətə yaxından bələd olmaq lazımdır. Üçüncü amil isə səbr və dözümdür. Nailiyyət səbr və dözümdən  asılıdır.

- Bu yeniliyin digərlərindən fərqi nədir?  
- Burda bir neçə amil var. İki ayrı ifaçıların eyni anda görəcəyi işin bir  ifaçı tərəfindən həyata keçirilməsi baş verir. İfaçılığa müəllif  hüququnun verilməsi - bunu yalnız musiqiçilər deyil, başqa ixtisas  sahiblərinin də böyük maraqla qarşılaması və işin prinsipindəki  mürəkkəbliyi anlamalarıdır və s.

- İmza atdığınız bu yeniliyə insanlar necə reaksiya verdilər?
- Bu yeniliyim böyük marağa səbəb oldu. İnsanlar deyirdi ki, sanki burda iki alət ifa edir. Bunun heç də asan iş olmadığını dinləyicilər də qeyd edirdilər. Əsas odur ki, Azərbaycan qarmonunun inkişafına onlar da sevinirdilər, mən də sevinirdim. Çünki bu, növbəti iş üçün stimuldur.

- Başqa yenilikləriniz varmı?
- Təzadlı polifonik ifaya qədər Azərbaycan qarmonunda sol tərəfdə yerləşən səslərin müşayiətdə (təzadlı polifonik ifada isə sol əl müşayiətdə deyil, sərbəst çıxış edir) necə geniş imkanlara sahib olduğunu təqdim etmişəm. Yəni sol əlin fərqli partiturada, daha da dolğun, mürəkkəb formada müşayiətini təqdim etmişəm ki, bu da tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Rəhmanlı  tərəfindən “Azərbaycan qarmon ifaçılığında yeni mərhələ” adlandırılıb.

- Neçə ildir bu fəaliyyətlə məşğulsunuz?
- Qarmon ifaçılığıyla yeddi yaşımdan etibarən məşğul oluram.

- Bir çoxları yeniyetmə dövründə  müəyyən bir sənətlə maraqlanır, amma fərqli ixtisas seçir. Bəs sizin musiqiyə həvəsiniz uşaqlıqdan olub?
- Bəli, uşaqlıqdan olub. Və yeddi yaşımdan bu günə kimi də davam etdir.

- Qarmonda şən, yoxsa lirik musiqilərə daha çox üstünlük verirsiniz?
- Əslində musiqi seçimi yaranan şəraitə, olduğum yerə, halıma, vəziyyətimə görə dəyişir.

- Hər bir işin özünəməxsus incəlikləri olur. Bəs qarmon çalarkən əsas hansı incəliklərə və detallara diqqət yetirmək lazımdır?
- Onun üçün ifaçı alətin imkanlarına yaxından bələd olmalı və danışanda, rəftarında hansı detallara fikir verirsə ifa zamanı da həmin nüanslara fikir verməlidir. Yəni hansı ruha, rəftara sahibsənsə gördüyün iş də o boydadır.

- Müəllimləriniz kimlər olub, kimdən dəstək almısınız?
- İlk təhsilimi Elsəvər Qafarovdan almışam. Musiqi Kollecində isə  Muğam fənni üzrə sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar artist, dosent Zakir Mirzəyevdən, not  ixtisası fənni üzrə isə Xeyrulla Dadaşovdan dərs almışam.

- Özünüz kimləri dinləyirsiniz?
- İfası bizə gəlib çatmış dünyasını dəyişmiş ustadlarımızdan tutmuş  dövrümüzün böyük sənətkarlarına kimi hər birini dinləyirəm.

- Ailənizdə musiqi ilə məşğul olan olubmu, yoxsa bu sahəyə birinci sizs gəlibsiniz?
- Bəli, atam həvəskar qarmon ifaçısı olub. Uşaqlıqdan qarmon səsi ilə böyümüşəm. İnkişafımda ustadlarımla yanaşı atamın da xüsusi zəhməti  və rolu var. Bu gün də yaradıcılığımla yaxından maraqlanır və öz məsləhətlərini verir.

- Dərs aldığınız müəllimlərin adlarını çəkdiniz. Bəs bu peşəni sizdən öyrənmək istəyənlər varmı?
-  Bəli, olur. Vaxt məhdudiyyəti olmasına baxmayaraq imkan daxilində öz köməyimi əsirgəmirəm.

- Bu gün insanların qarmona marağı nə dərəcədədir?
-  Nəinki bu gün, hər zaman qarmona böyük diqqət və maraq olub. Qarmonun ecazkar səsi, geniş imkanları alətin bu günə kimi öz aktuallığını  qoruyub saxlamasına imkan yaradıb. Təbii  ki, qarmonun bu günə gəlib  çatmağında ustadlarımızın, tədqiqatçıların və pedaqoqların  böyük  zəhməti  var.

- Adətən deyirlər ki, sosial şəbəkələr məşhurlaşmaq üçün vacibdir. Bəs siz sosial şəbəkələrdə aktivsinizmi?
-  Bu fikirlə tamamilə razıyam. Bunun bir neçə səbəbi var. İlk səbəbi məlumatların ötürülməsi üçün əlçatan olmasıdır. İkinci səbəb isə məlumatların sürətlə və daha geniş kütləyə çatdıra bilməyin mümkünlüyüdür. Bu da normaldır. Çünki, hər dövrdə məlumatları ötürmək üçün dövrün  tələbinə uyğun vasitələr olub. Bəli, sosial şəbəkə istifadəçisiyəm.

- Hər bir işin çətin tərəfləri olur. Sizin işinizin maraqlı və çətin tərəfləri nələrdir? 
-  İşimin maraqlı və sevindirici tərəfi hazırlamaq istədiyim musiqi əsərini tapanda və bitirəndə olur. Ən çətin və yorucu, səbr və dözüm tələb edən hissəsi isə ortadakı mərhələdir.

- Qarmonu gözəlləşdirən, ona rəng qatan nələrdir?
-  Azərbaycan qarmonunun özünəməxsusluğu və geniş imkanlarıdır.

Könül Oruc

Xəbər xətti