“İnstituta daxil olanda atam dedi, afərin, elə bilirdim, sən çoban olacaqsan”

17:06 - 10 May 2019 - Mədəniyyət

Novruz Qartal(Əliyev): “Mənə ilk xeyir-duanı böyük sənətkar Lütfəli Abdullayev verdi”   

Ömrünün 50 ildən çoxunu teatra, aktyorluğa həsr edib. Deyir ki, gənclik illərində Nəsibə xanım Abdullayeva, Lütfəli Abdullayev kimi qocaman aktyorlarla eyni səhnəni paylaşıb. Yarım əsrdən çox fəaliyyəti dövründə irili-xırdalı rollar oynayıb. Onu daha çox “Hicran” tamaşasındakı Balaəmi rolu ilə tanıyırıq. Müsahibimiz Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru, prezident mükafatçısı, əməkdar artist Novruz (Əliyev) Qartaldır.

“Çox dəcəl uşaq olmuşam, dərsi pozmaq üçün hər şey edirdim”

Müsahibimiz 1947-ci il mart ayının 3-də Qərbi Azərbaycanda anadan olub. Deyir ki, orta məktəbi də elə Qaraqışlaq kəndində oxuyub: “Düzünü desəm, məktəbdə yaxşı oxuyan uşaq olmamışam (gülür). Məni məktəbə güclə aparırdılar. Bizim məktəbdə Vaqif adında oğlan vardı, çox yaxşı oxuyurdu. Rəhmətlik atam oxumağa qəzet verirdi. İki kəlməni hecalaya-hecalaya oxuya bilmirdim, çox çətinlik çəkirdim. Amma Vaqif əzbərdən su kimi oxuyurdu. Atam deyirdi ki, səndən adam olmayacaq, çoban olacaqsan. Çox dəcəl uşaq olmuşam, hazırlıqlı olmayanda dərsi pozmaq üçün hər şey edirdim. Bir dəfə qış vaxtı idi, məktəbdə o vaxtı odun sobası yandırırdıq. Dərsi bilmədiyimə görə bir qədər parça götürüb altdan turbanın ağzına basdım. Tüstü içəri doldu və dərs olmadı. Sonradan bunu mənim etdiyimi bildilər və cəzamı verdilər”.

“Gənc yaşımda qocaman aktyorlarla eyni səhnəni paylaşırdım”

Teatra, aktyorluğa uşaq yaşlarından həvəsinin olduğunu deyən aktyorun sözlərinə görə, o vaxtı kəndlərində dram dərnəyi olub. Bu dərnəyə məktəbin müəllimi Faiq Babayev və əməkdar rəssam Cabbar Quliyev rəhbərlik edirdi: “Məmmədəli müəllimin təşkil etdiyi proqrama yazılmışdım. Fəal idik, kəndlərə gedirdik, mahnı oxuyurduq, yumorlar danışırdıq, rəqslər edirdik. Burda ilk rolum “Vaqif” dramında Vəzir obrazı olub. Məni həvəsləndirdilər ki, sənədlərini Teatr İnstitutuna ver, səndən yaxşı aktyor olar. 1964-vü ildə Bakıya gəldim, Qara Şəhərdə (indiki Ağ Şəhər) Texniki Təchizat İdarəsində fəhlə işləməyə başladım. Burda işləyə-işləyə sənədlərini Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə verdim. Elə həmin ildə Adil İsgəndərovun sinfinə qəbul oldum. İnstituta daxil olandan sonra Müəllimlər Evinin dram dərnəyinə getməyə başladım. Oradakı ilk rolum isə “Bəxtsiz Cavan” tamaşasında Mirzə Qoşunəli obrazı olub. Bundan bir il sonra Azərbaycan Dövlət Musiqili Komediya Teatrına gözətçi vəzifəsinə düzəldim. Orda özümü yaxşı apardığıma görə direktor Şəmsi Bədəlbəyli və gözəl bəstəkarımız Seymur Ələkbərov məni bəyəndi və rejissor müavini olaraq işə götürdülər. Daha sonra isə Şəmsi Bədəlbəylinin assistenti oldum. Teatrda artıq balaca rollar oynamağa başladım. Korifey sənətkarlarımız Lütfiəli Abdullayev, Nəsibə xanım Zeynalova, İmamverdi Bağırov və bütün qocaman aktyorlarla eyni səhnəni paylaşırdım. Ona görə tələbəlik illərim yaxşı keçib, o qədər çətinliyim olmayıb. Çünki teatrda işləyirdim, maddi durumum da yaxşı idi, maaş da alırdım.

“Nəsibə Zeynalova mənəvi anam olub”

Deyir ki, gənclik illəri Nəsibə Xanımın evində keçib, onun evində boya-başa çatıb: “O, həqiqi mənada mənəvi anam olub. Yayda hər zaman onun bağında olardıq, hara getsəydi oğlu Cahangirlə məni kənarda qoymazdı, ikimizi də aparardı. Həmişə mənə deyirdi ki, böyük oğlum sən, kiçik oğlum isə Cahangirdir. Teatrın yaxınlığında olurdu, zəng vururdu ki, Novruz, aclığın varsa qalx yuxarı, gəl Cahangirlə yemək ye. O vaxtkı tamaşalar axşam saat 8-də başlayırdı, üç pərdəli olurdu, gecə saat 12-yə qədər davam edirdi. Tamaşa bitəndən sonra gecə Nəsibə xanımla bulvara gedirdik. Nəsibə xanımın həyat yoldaşı Mütəllim müəllim, oğlu Cahangir arxamızca gəlirdilər. Ağacların arasından gizlincə gəlib bizi qartopuna tutublar. Saatlarla qartopu oynayırdıq. Evə gəlib yemək yeyirdik, sonra evə getməyə qoymurdu. Deyirdi ki, elə burda yat qal”.

“Məni o qədər təriflədirlər ki, özümün özümə inanmağım gəlmədi”

1974-cü ildə Qərbi Azərbaycanda səfərdə olduğunu bildirən aktyor deyir ki, oxuduğu kənddə onun iştirakı ilə konsert olub və burda ona aid çox gözəl bir guşə düzəldiblər: “Mənimlə görüş keçirildi, sənət dostlarım da orda idi. Məktəbimizin fəxri, əlaçısı və s. kimi tərifəlayiq sözlər yazmışdılar.  Məni o qədər təriflədilər ki, özümün özümə inanmağım gəlmədi. Dedim, bu əlaçı mənəm görəsən? Zarafata salıb dedim ki, əşi mən hardan əlaçı olmuşam? Direktorumuz dəcəlliklərimə görə məni axurda saxlamırdı? Bu sözümdən sonra insanlar hamısı necə güldü... (Gülürük). Uşaq vaxtı zəif oxusam da, indi əsəri oxuyuram və bir neçə saniyədən sonra o, artıq beynimə işləyir və hafizəmə yazılır. Ona görə mən instituta daxil olanda atam dedi, afərin, elə bilirdim, sən çoban olacaqsan. Onu da deyim ki, yaxşı oxuyan Vaqif instituta da daxil ola bilmədi”.

Ömrünün 50 ildən çoxunu teatra həsr etsə də, hələ də evi yoxdur...

Hərbi xidmət illərinin çətin keçdiyini bildirən əməkdar artist deyir ki, 1971-ci ildə institutu bitirib Belarusa hərbi xidmətə yola düşüb: “Orda hava çox soyuq idi, ayaqlarımda revmatizma olduğu üçün mənə çətin oldu. Bir müddət müalicə aldım. Sonra yanacaqdoldurma məntəqəsində işə düzəldim. Bundan sonra meşənin içində, iki dağın arasında gözətçi qoydular. Gözətçi tutluğunu əynimə geyindirib, əlimə də avtomat verdilər. Günlərin birində yuxu tutub yatmışam, bu zaman da komandir yoxlamağa gəlib, əlimdən avtomatı götürüb, məni oyatdı. Bundan sonra məni ordan gətirdilər. Sənədimdə aktyor yazılmışdı deyə, bir dəfə tədbir olanda dedilər ki, gör səhnə üçün nə hazırlaya bilirsən. “O olmasın, bu olsun” tamaşasından Sərvərin gəlin gələn hissəsini hazırladım. Bundan sonra orda hörmətim qalxdı və məni kluba direktor qoydular. Rəşid Behbudov, Müslüm Moqamayev, Polad Bülbüloğlundan və s. ifalar edirdim.  Əsgərlikdən qayıdandan sonra yenə öz teatrımıza dəvət olundum. O vaxtdan bu günə kimi - 50 ildən çoxdur Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıram. Amma hələ də mənim evim yoxdur, cənab prezidentimizin məni evlə təmin edəcəyinə inanıram. Heç vaxt boş dayanmamışam, indi də tədbirlərə qatılıram, cəmiyyət həyatında fəal iştirak edirəm. On ilə yaxındır ki, ulu öndərimizin adını daşıyan təşkilat yaratmışam”.

“O vaxtdan “Qoşun” mənim boynumda qaldı”

Aktyor teatrda ilk dəfə səhnəyə gəlişindən söhbət açdı: “Teatrda ilk dəfə səhnəyə Ağası Məşədibəyov və Məhərrəm Əlizadənin “Toy kimindir?” komediyasında Qoşun obrazı ilə gəlmişəm. O vaxtı hansı rolu xoşlayırdıqsa, xəlvəti hazırlayırdıq. Nəsibə xanımın oğlu Cahangir Novruzovla rolumuzu hazırlayıb Lütfəli müəllimə göstərdik, çox xoşu gəldi. Dedi ki, hara konsertə getsək, elə bu rolu siz oynayarsınız. O vaxtdan da “Qoşun” mənim boynumda qaldı. Bu gün o rolu bir az müasirləşdirərək repertuarımda saxlayıram. O vaxtı mənə ilk xeyir-duanı Lütfəli müəllim verdi. O vaxtdan bu günə kimi o teatrda yaşa doldum. Qoca demirəm haa (gülür), hələ ki “canım suludur”, səhnədəyəm. İrili-xırdalı rollar oynamışam, bu gün də gündəmdəyəm,  xalq tərəfindən sevilirəm. Özümün müstəqil qırmızı afişam oldu. Bu afişa ilə Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzmişəm, on günlərlə səfərlərdə olmuşam. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orda olmayım. Cəbhə bölgələrində, N hərbi hissələrdə, hospitallarda, qocalar və əlillər evlərində, internat məktəblərində, Neft daşlarında və s. hər yerdə olmuşam. İndi həmin insanlar məni görəndə deyirlər ki, “Novruz müəllim, yaxşı ki sizlər varsınız, sizə baxa-baxa bu günə gəlib çatmışıq, sizin o tamaşaların biletlərini sataraq institut oxumuşuq, təhsil almışıq”. Bundan gözəl nə ola bilər”.

“Sonradan onlar Qartalı dəyişmək istəyəndə mən dəyişmədim”

O vaxtı “Gülüş səninləsə yüz il yaşarsan” adlı konsert proqramı hazırlayan aktyor bütün bölgələri gəzirmiş: “Qırmızı afişa vardı, hər yerə gedirdik. Gürcüstanda olanda aktyorlar aralarında deyirdilər ki, Novruz lap qartal kimidir. Eyni zamanda bir neçə işi görürdüm. Sonra yeni proqram hazırlamaq üçün Bakıya gəldik. Teatra gələndə gördüm ki, afişa vurulub və yazılıb ki, Novruz Qartalın iştirakı ilə “Gülüş səninləsə yüz il yaşarsan”. Altdan da bütün aktyorların adı yazılıb. Getdim Elxanın yanına dedim, “Elxan, bəs mənim adım niyə yoxdur? Novruz Qartal kimdir? İrandan gəlib?” Elxan da Gürcüstan ləhcəsi ilə danışmağa başladı ki, “Ə, qıvlasız, hancari, bilmersənmi? Ayə, sənsən dana”. Buna görə çox əsəbiləşdim. Dedim ki, soyadım Əliyevdir, məni “Hicran” tamaşası ilə tanıyırlar. Siz niyə aləmi qarışdırırsınız axı? Bu söhbətdən sonra bir həftə teatra gəlmədim. Sonra Hacıbaba Bağırov arxamca adam göndərmişdi.  Gələndə dedim afişanı dəyişin. Dedi, “ölsən də dəyişmərəm, Gürcüstanda demədilər ki, qartalsan? Elə bununla da gedəcəksən”.  Beləcə, Novruz Əliyev oldu, Novruz Qartal. Bunu hansı məqsədlə etdiklərini bilmirəm. Amma Allaha qurban olum, Azərbaycan xalqı məni Novruz Qartal kimi də, Novruz Əliyev kimi də sevdi. Sonradan onlar Qartalı dəyişmək istəyəndə mən dəyişmədim”. 

“Nəsibə xanımı o qədər sevirmiş ki, başqasının balını ona verib”

N.Qartal Nəsibə xanımla keçmiş xatirələrindən çox böyük həvəs və maraqla bəhs edir və deyir ki, Nəsibə xanım qonaq evində qalırdı: “Cahangirlə mən gedib orda yemək yeyirdik. Mərkəzi Komitədən bir nəfər var idi, o da orda yaşayırdı. Bir gün qapı döyülüb, Nəsibə xanım gedib qapını açıb və görüb ki, əlində bağlama olan bir qadındır. Həmin qadın Nəsibə xanımı görəndə şoka düşüb. Nəsibə xanım da qadından əlindəkinin nə olduğunu soruşanda deyib ki, bunu sənə gətirmişəm. Nəsibə xanımı o qədər sevirmiş ki, başqasına gətirdiyi bir banka təmiz balı ona verib gedib. Nəsibə xanım gətirdi, səhər yeməyində qəşəngcə yedik. Üstündən bir-iki gün keçəndən sonra gördük ki, Mərkəzi Komitədəki adamın gözü elə yoldadır. Nəsibə xanım soruşdu ki, nə gözləyirsən? Dedi ki, Nəsibə xanım bir nəfərdən təmiz bal istəmişəm, amma səsi-küyü çıxmır. Nəsibə xanım dedi: onu mənə gətirib verdilər, uşaqlarla yedik. Həmin adam bu sözə xeyli güldü. Bankanın içində bir az qalmışdı, Nəsibə xanım onu balaca bankaya boşaldıb verdi. Yazıq balı götürüb getdi”.   

Könül Oruc

Xəbər xətti