Qazaxıstan yeni mərhələ ərəfəsində

16:06 - 6 May 2019 - Xəbər

Xalq kimə səs verəcək?

Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin öz postundan istefa verməsi ölkənin siyasi həyatında bir canlanma yaradıb. Bəlkə belə də demək olar: o, öz respublikasında siyasi və demokratik islahatların reallaşdırılması üçün “hakimiyyətin yüngül və rahat şəkildə tranziti” variantını seçib.

Şübhəsiz ki, baş verənlərin istər Mərkəzi Asiya regionunda yerləşən dövlətlər üçün, istərsə də MDB ölkələri üçün əhəmiyyəti heç də az deyil. Təbii ki, sonrakı proseslər seçilən yolun nə qədər doğru olduğunu göstərəcək. Buna baxmayaraq, həm də strateji baxımdan doğru hesab etmək olar.

Qazaxıstanın müstəqil dövlət kimi ayaq üstə durmasında və böyük inkişaf yolu keçməsində ilk Prezident kimi Nursultan Nazarbayevin xidmətləri danılmazdır. Cari ilin martında onun səlahiyyətlərini təhvil verməsi də səbəbsiz deyil (hərçənd Nazarbayev çoxları kimi bunu etməyə də bilərdi). Qazaxıstanlıların əksəriyyəti Elbaşının bu qərarından əndişələnsələr də, ümumilikdə xalq bir həqiqəti də anlayır: Prezidentin belə bir yaşda ölkəni idarə etməsi kifayət qədər çətindir.

Gəlin, Nursultan Nazarbayevin ölkə vətəndaşlarına müraciətindən kiçik bir hissəyə nəzər salaq:

“Hər bir nəslin öhdəsinə öz vəzifələrini yerinə yetirmək öhdəliyi düşür. Mən və bizim nəslin nümayəndələri ölkəmiz üçün, onun tərəqqisi üçün əlimizdən gələni etdik. Nəticələr də sizlərə məlumdur. Dünya dəyişir və yeni nəsillər gəlir. Əlbəttə, bu, təbii prosesdir. Sözsüz ki, onlar da öz dövrlərinin problemlərini həll etməlidirlər. Qoy gənc nəslin nümayəndələri çalışsınlar və ölkəmizi daha da işıqlı bir yola çıxarsınlar”.

Əslində Nursultan Nazarbayevin ölkə vətəndaşlarına bu müraciətini simvolik də hesab etmək olar. Nədən ki, cari il Qazaxıstanda “Gənclik ili” elan edilib.

Dünya təcrübəsində yaşlı siyasətçi liderlərin yüksək vəzifədə ikən vəfat etmələrinə dair çoxlu nümunələrə rast gəlmək olar. Uzağa getməyək: lap bu yaxınlarda Vyetnamın Prezidenti Çan Day Kuanq dünyasını dəyişdi. Adətən, belə olan hallarda tələm-tələsik kimsə ali posta oturdulur, bəzən həmin ölkədə xaos baş qaldırır, hakimiyyət uğrunda xoşagəlməz mübahisələr və mübarizələr başlayır. Nəticədə vətəndaşların rahatlığı pozulur, stabillik başqa məcraya yönəlir.

Qazaxıstanda isə hakimiyyət dəyişikliyi qanunvericilik əsasında, sakit və dinc şəraitdə, bütün detallar ölçülüb-biçilərək həyata keçirilir. Üstəlik Nursultan Nazarbayev hələlik siyasi səhnədən tam getməyib və o, bu gün həm Təhlükəsizlik Şurasına, həm də hakim “Nur OTAN” partiyasına sədrlik edir.

Yeri gəlmişkən, prezidentin öz səlahiyyətlərini spiker Qasım Jomard Tokayevə təhvil verməsi də Qazaxıstan Konstitusiyasına uyğun olaraq həyata keçirilib. Adı çəkilən siyasətçi isə hətta xaricdə çoxdan və yaxşı tərəfdən tanınır. Xatırladaq ki, o, BMT Baş katibliyində müavin postunda işləyib (2011-2013-cü illər).

Söz düşmüşkən: Qasım Jomart Tokayev Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun məzunudur, siyasi elmlər doktorudur. Qazaxıstanda uzun illər rəhbər dövlət vəzifələrində çalışıb: Qazaxıstanda hökumətə rəhbərlik edib, Xarici İşlər naziri vəzifəsində işləyib, son illərdə isə Parlamentdə Senatın sədri postunu tuturdu.

Nursultan Nazarbayevin onun haqqında dediklərindən: “Qasım Jomart Tokayev ingilis və çin dillərində sərbəst danışır. Ölkəyə kifayət qədər bələddir, iqtisadiyyat və siyasətdən yaxşı baş çıxarır. BMT-də iş təcrübəsinə malikdir. Bu, onun diplomat kimi Qazaxıstan üçün layiqli xidmət göstərməsinin əlamətidir. Qazaxıstanın öz müstəqilliyini elan etdiyi gündən mənimlə bərabər çalışır. Onu yaxşı tanıyıram, çox vicdanlı, məsuliyyətli və öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirən bir kadrdır. Həmişə ölkənin xarici və daxili siyasətinin həyata keçirilməsində öz aktivliyi ilə fərqlənib. Mühüm dövlət proqramlarının hazırlanması və qəbul edilməsində yaxından iştirak edib”.

Təsadüfi deyil ki, bu günlərdə “Nur-Otan” partiyasının növbədənkənar qurultayında Elbaşı hakim blokdan məhz Qasım Jomart Tokayevin qarşıdakı prezident seçkilərində namizədliyini irəli sürüb.

Üst-üstə götürdükdə, növbədənkənar prezident seçkilərinin keçirilməsini bir çox beynəlxalq ekspertlər və politoloqlar dəstəkləyir. Qazaxıstandakı mövcud hakimiyyət demokratik prinsiplərə uyğun olaraq xalqa seçim imkanı verib. Növbədənkənar olsa da, demokratik seçkilərdə xalqın səsi həlledici rol oynayacaq. Ölkə vətəndaşlarının hər bir namizəd barədə götür-qoy edib qərar verəcəyini əminliklə demək olar. Çünki Qazaxıstanın gələcəyi məhz onların seçimindən asılı olacaq. Yeri gəlmişkən, Q.Tokayevdən başqa da namizədlər var. Məsələn, “Ulu Dala Kırındırı” respublika ictimai birliyindən Sadıbek Tuqel və digərləri də prezidentliyə öz namizədliklərini irəli sürüblər. Təxminlərə görə, qazaxıstanlıların böyük əksəriyyəti öz səslərini ölkənin ilk Prezidenti Nazarbayevin davamçısına verəcəklər.

Xəbər xətti