Özəl klinikalarda qeyri-peşəkar kadrlara yer yoxdur - Doktor Türkan Gündüz deyir ki... - FOTOLAR

19:38 - 21 Aprel 2019 - Müsahibə

Son zamanlar ölkə telekanallarında və bir sıra xəbər portallarında adına tez tez- rast gəldiyimiz həkimlərdən biri də ümumi-cərrah, koloproktoloq DR. Türkan Gündüzdür.

Həkimlik təcrübəsini qardaş Türkiyədə daha da təkmilləşdirən Türkan həkimin sağlıq məsləhətləri olduqca maraqla qarşılanır. Ucnoqta.Az Azmedia.Az-a istinadən adıçəkilən həkimin özü haqqında müsahibəsini təqdim edir:

Türkan xanım, zəhmət olmasa özünüzü oxucularımıza (izləyicilərimizə) təqdim edin. Türkan Gündüz kimdir?
Salam, mən cərrah Türkan Gündüz. Bakı şəhərində anadan olmuşam. 7-ci sinifə qədər 29 saylı məktəbdə təhsil almışam, 1997-ci ildə imtahan verərək kimya-biologiya təmayüllü özəl liseyə daxil olmuşam. 1999-cu ildə həmin liseyi bitirib elə həmin ildəcə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsinə daxil olmuşam. 2005-ci ildə cərrahiyyə ixtisasını qazanmışam və bu ixtisas üzrə 2005-2006-cı illərdə Tibb Universitetini bitirib cərrah adına layiq görülmüşəm. Təbii ki, bununla da yetərli qalmayıb təhsilimi davam etdirmək üçün xaricə üz tutmuşam və qonşu ölkə olan Türkiyəyə yola düşmüşəm. 4 il Konya Meram Tibb Fakültəsində cərrahiyyə ixtisası üzrə biliklərə yiyələnmişəm. Daha sonra Ankara Qazi Universitetində 1 il təcrübə keçmişəm və təhsilimi bitirdikdən sonra ölkəmizə qayıdıb xidmət göstərməyə başlamışam. Həmçinin, Azərbaycan Tibb Universitetinin cərrahiyyə fakültəsində fəaliyyət göstərmişəm və hal-hazırda Baku City Hospital`da cərrah olaraq çalışıram.

Həkim olmaq uşaqlıq arzunuz olub yoxsa valideynlərinizin istəyilə bu peşəyə yiyələnmisiniz?
Bəlkə də monoton bir cavab olacaq. Mən 7 il musiqi üzrə təhsil almışam, hətta, yeri gəlmişkən onu qeyd edim ki, biz görkəmli sənətkarımız olan Habil Əliyevin qohumlarıyıq. Belə ki, bacım musiqi konservatoriyasını bitirib və hal-hazırda həmin konservatoriyada işləyir. Mənim musiqi təhsilim olmasına baxmayaraq anam hər zaman cərrah olacağımı söyləyərdi. Çünki uşaqlıqda oyuncaqlarımla oynayarkən həmişə onların qollarını və ayaqlarını çıxarıb yenidən yerinə taxardım. Bilmirəm, bəlkə də bu Allah tərəfindən gələcəkdə cərrah olacağıma dair bir mesaj imiş. Anam həyatı boyunca belə bir halla ilk dəfə qarşılaşdığını söyləyir. Biraz gülməli səslənir, amma həkim olmaq, həqiqətən, uşaqlıq arzum olub. Bundan əlavə, həmişə dostlarımla oynayarkən mən həkim rolunu seçmişəm, oyuncaqlara iynə vurmaq, onları müalicə etmək kimi oyunlar oynamışam. Bacım da müəllimə olardı o oyunlarda və həqiqətən, taleh də elə gətirdi ki, illər sonra mən həkim, bacım isə müəllimə oldu.

İşlədiyiniz müddətcə bir sıra uğurlara imza atmısınız. Bəs sizin fikrinizcə uğurun əsas sirri, uğur qazanmağın əsas sirri nədədir?
Təbii ki, çox çalışmaq. Uşaqlığımdan həyata bir marafon yarışı kimi baxmışam, elə buna görə də musiqiçi olmayacağımı bildiyim halda musiqi təhsilimi davam etdirmişəm, konservatoriyanı fərqlənmə diplomu ilə bitirmişəm və daha sonra kimya-biologiya təmayülü liseyə daxil olmuşam. Oxuduğum dönəmdə mənlə birlikdə bir çox istedadlı uşaqlar təhsil alırdılar, hansı ki, bu gün onların hər biri Azərbaycanın tanınmış cərrah həkimlərindəndir. Fikrimcə, əgər daim yenilik arxasıyca qaçmırsansa, öz üzərində işləmirsənsə, heç bir zaman uğur əldə edə bilməyəcəksən. Cərrah kimi fəaliyyət göstərib, insanların müəyyən qismi tərəfindən tanınmağıma baxmayaraq, ətrafımda yer alan insanların mənə olan inamı, etibarı məni məcbur edir ki, daim öz üzərimdə işləyim, özümü inkişaf etdirim. Hətta işimiz bəzən o dərəcə çox olur ki, əyləncəyə, tanışlarla, dostlarla zaman keçirməyə belə vaxt ayıra bilmirik. İşimizin bu dərəcə ağır, məsuliyyətli olması ona səbəb olur ki, daim öz üzərimizdə işləyək, özümüzü hər daim inkişaf etdirək. Bunun da nəticəsi olaraq gənc yaşlarımızda artıq bir çox uğurlara imza atmışıq.

Türkan Gündüzü digər insanlardan fərqləndirən əsas cəhət hansılardır?
Fərqləndirən deməzdim, amma Azərbaycanda ilk dəfə olaraq ixtisasım üzrə Lazer Proktoloji mövzulu toplantıya qatılıb sertifikata layiq görülmüşəm və Dünya Konqressində iştirak edib bir sıra mükafatlar əldə etmişəm. 2016-cı ildə İtaliyanın Milan şəhərində keçirilən konqressdə iştirak etmişəm və Koloproktoloji Dərnəyin rəsmi üzvü seçilmişəm. Bundan əlavə, Türkiyə Koloproktoloji Dərnəyinin də rəsmi üzvüyəm. 2017-ci ildə “İlin Həkimi”, ən sonda isə, 2018-ci ildə ixtisasım üzrə “Golden People Award” mükafatlarına layiq görülmüşəm. Çalışmalarımızı daha çox düz bağırsaq üzrə aparırıq və Azərbaycanda bu sahə üzrə lazer üsulunu ilk dəfə mən həyata keçirmişəm. Üstəlik onu da qeyd edim ki, ölkəmizdə proktologiya üzrə ən son avadanlıqları ilk dəfə mən sınaqdan keçirmişəm və hal-hazırda da bütün bu avadanlıqlardan pasiyentlərimizin əməliyyatlarında istifadə edirik. Pasiyentlərimiz minimal invaziv üsullarla əməliyyat olduqlarına görə artıq xaricə üz tutmalarına ehtiyac qalmır. Amma bununla da yetinməyib gələcəkdə bir çox proyektlər, kitablar üzərində işləməyi planlaşdırıram.

Pasiyentləriniz sizə daha çox hansı problemlərlə bağlı üz tuturlar?

Daha çox cərrahi əməliyyata ehtiyac qaldıqda müraciət edirlər. Ümumiyyətlə bizə daha çox bağırsaqlarında və mədələrində patoloji xəstəlikləri olan, öd kisəsində problem yaşayan insanlar istər müalicə, istərsə də əməliyyat üçün müraciət edə bilərlər.

2017-ci ildə “İlin Həkimi” mükafatına layiq görülmüsünüz, bəs gələcəkdə sahəniz üzrə hansı məqsəd və planları həyata keçirməyi düşünürsünüz?
Yaşımın gənc olmasına baxmayaraq bir çox uğurlara imza atmışam, amma bununla belə gələcəklə bağlı saysız proyektlər həyata keçirməyi düşünürəm. Azərbaycanın ən tanınmış və təkcə ölkəmizin deyil, dünya tarixində də izini həkk etmiş, sözünü söyləmiş bir həkim olmaq istəyirəm. Bunun üçün də daim əlimdən gələnin ən yaxşısını həyata keçirməyə çalışıram.

Azərbaycan Səhiyyəsinin hazırki durumu ilə bağlı nə söyləyə bilərsiniz?
Tam səmimi olaraq onu deyə bilərəm ki, Azərbaycan səhiyyəsinin hazırki durumu olduqca ürəkaçıcıdır. Çünki bugün özəl klinikaların da sayı yetərincədir və bu klinikalarda qeyri-peşəkar kadrlara yer yoxdur. Digər tərəfdən səhiyyəmizin inkişafı ölkəmizin inkişafı ilə biləvasitə bağlıdır. Bu gün demokratik, inkişaf etmiş bir ölkə olduğumuz üçün rahatlıqla istər təhsil, istərsə də işimizlə bağlı xaricə üz tuta bilirik, yeni biliklər əldə edirik, elə bunun nəticəsidir ki, hal-hazırda biz gənc həkimlərə, gənc kadrlara müraciət edənlərin sayı günü-gündən daha da artır.

Türkan xanım, sonda oxucularımıza (izləyicilərimizə) nə demək istəyirsiniz?
İlk öncə onu demək istəyərəm ki, sağlamlıqlarının qayğısına qalsınlar. Həyatlarında uğur və nailiyyət əldə etmələri üçün dayanmadan çalışmalarını məsləhət görürəm. Çünki ölkəmiz Azərbaycanın bundan sonra da inkişafı, daha güclü bir dövlət olması üçün savadlı, gənc beyinlərə ehtiyacı vardır. Sonda bunu da qeyd edim ki, dünyanın heç bir nöqtəsində millətimiz, xalqımız kimi ikinci bir intellektual, savadlı millət, xalq yoxdur. Sadəcə olaraq çalışmaq, çalışmaq və bir daha çalışmaq gərəkdir. Hər kəsə uğur arzu edirəm.


Xəbər xətti