Dağılan tifaqların çarəsi

20:06 - 5 Aprel 2019 - Cəmiyyət

Qeydiyyat şöbələri tərəfindən 2018-ci ilin yanvar-noyabr aylarında 56888 nikah və 13655 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,3, boşanmaların sayı isə 1,5 olub.

Dünyanın bir çox ölkəsində boşanmalarla bağlı aparılan sorğular nəticəsində məlum olub ki, cütlüklərin boşanma səbəbləri heç də iqtisadi problemlərlə bağlı deyil. Əksinə, onlar aralarındakı şəxsi əlaqələrin daha çətin olduğu düşünülür. Statistikadan daaydın görünür ki, Azərbaycanda da bu məsələ ilə bağlı vəziyyət ürəkaçan deyil. Ən acınacaqlısı isə odur ki, əvvəlki illərdə daha çox sonsuz ailələr dağılırdısa, son dövrlərdə artıq uşaqlı ailələrin də boşanma sayıartıb. Həmçinin boşananlar arasında yeni ailə quran cütlüklərin sayı daha çox idisə, hazırda 10, hətta daha artıq müddətdir ailəli olanlar da boşanmaya əl atırlar. Səbəblər isə müxtəlifdir... 

Səbəblər çoxdur...

 “Boşanmanın səbəbləri bir çox faktorlarla əlaqədardır” – söyləyən psixoloq Elnur Rüstəmov isə düşünür ki, buna əsas kimi mobil rabitəni, tərəflərin özünün böyümüş olduğu ailə mühitini, özlərinin psixoloji narahatlığını və sair götürmək olar: “Bizdə bəzən psixoloji narahatlıqla psixiatrik narahatlığı səhv salırlar. Biz bura obsessiv-kompulsiv rozuntuları, konkret fobiyaları, deprressiyanı daxil edə bilərik. Bütün bu sadalananlar zaman keçdikcə ailə münasibətlərinin arzuolunan səviyyədə getməsinə mane olur”.

Psixoloq ailələrin problemlərə qarşı dözümsüzlüyünün də boşanma səbəblərindən biri olduğunu deyir: “Məsələn, konkret olaraq 90-cı illərdən bu tərəfə ailə quranlarda bu hal daha çoxdur. Həmin cütlüklər özləri də elə bir ailədə böyüyüblər ki, həmin ailələrdə uşaq sayı azdır. Bu isə uşaq eqosunun yüksək olmasına gətirib çıxarır. Bu zaman valideynlə uşaq arasında emosional bağın çox olması, hər bir xırda konfliktə valideynin müdaxilə etməsinə gətirib çıxarır”.

Genefondumuza zərbə

“Boşanma halları gələcək genefondumuza mənfi təsir göstərir”, - deyən psixoloq vurğulayır ki, uzun illər ailəli olan cütlüklər də boşanır: “Əgər dünənə qədər ailə qurub 5-6 ay, 1 ildən sonra boşanan cütlüklər vardısa, bu gün 10 ilin, 20 ilin ailəlisi boşanır. Çünki tez dağılan ailələr artıq belə deyək, uzun ömürlü ailələrimizə belə mənfi təsir göstərir”.

“İqtisadi problemlər isə boşanmalar üçün əsas səbəb ola bilməz. Ailə var ki, qadın deyir, ərim imkanlı olduqdan sonra münasibətlərimiz pozuldu. Yəni ailələrin dağılmasına səbəb maddi imkansızlıq deyil. Söhbət insan faktorundan gedir. Əgər münasibətlər yaxşıdırsa, tərəflər bir-birini yaxşı başa düşürsə və anlayırsa, heç bir problem olmaz. Münasibət yaxşı olanda iqtisadi faktor arxa planda qalır. Bu, sadəcə boşanmaya geyindirilmiş bəsit bir “dondur”. Əsas cütlüklərin bir-birlərinə olan münasibətidir”

Yeni dəyərlər

Sosioloq Asif Bayramov isə hesab edir ki, cəmiyyətin intellektual baxımdan indikindən daha aşağı hesab etdiyimiz dövründə boşanmalar daha az idi. Amma boşanmaların sayı azalmaq əvəzinə artmaqda davam edir. Biz bunun mənəvi, psixoloji və iqtisadi köklərini axtarmalıyıq. Əvvəla, bu, milli dəyərlərin yeni dəyərlərlə əvəzlənməsi deməkdir. Məsələn, Qərbdən Azərbaycana yeni bir şüur forması gələrək buradakı milli şüuru fəth etmək mərhələsindədir.

Çünki ailəyə müqəddəs baxan milli dəyərlərimiz ailəyə fərqli baxış ortaya qoyan Qərb baxışından çox fərqlidir. Buna görə də ailəni müqəddəs bir ocaq hesab edən ənənəvi baxış dəyişib. Artıq ailə bütövlükdə həyat problemləri arasında ikinci plana atılıb. Ailənin dağılmasına bilavasitə səbəb olan faktorların aradan götürülməsi üçün hökumətin konkret tədbirlər proqramı olmalıdır”.

Boşanma halları azala bilər...

Qeyd edək ki, elə bu problemlərin tənzimlənməsi məqsədi ilə bu yaxınlarda Milli Məclisdə “Mediasiya haqqında” qanun layihəsi birinci oxunuşdan keçib. Azərbaycan üçün yeni olan bu modellə bağlı suallarımızı cavablandıran Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov “Üç nöqtə” qəzetinə açıqlamasında bildirdi ki, xarici ölkələrin təcrübəsinə əsasən effektiv mediasiya mexanizmi boşanma hallarını üçdə bir faiz azalda bilər. Onun sözlərinə görə, mediasiya mexanizmi daha çox psixoloji problemləri olan, məişət zorakılığına məruz qalan aztəminatlı ailələrdə boşanma hallarının azalmasına səbəb ola bilər. Komitə sədrinin fikrincə, mediasiya boşanmaların etik davranış qaydaları çərçivəsində, uşağa zərər vurmadan həyata keçirilməsinə də imkan verər.

Mübahisələr daha ədalətli həll olunacaq

 "Mediasiya haqqında” qanun layihəsi ciddi təşəbbüsdür və Milli Məclisə prezident tərəfindən təqdim edilib. Hesab edirəm ki, qanunun qəbulu və tətbiqinə məhkəmə-hüquq islahatları çərçivəsində baxılmalıdır. Bu imkan verəcək ki, vətəndaşlar mübahisələri daha asan və ədalətli şəkildə həll etsin”. Bu sözləri isə Milli Məclisin deputatı, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.

Deputat bildirib ki, iclasda müzakirəyə çıxarılan qanun Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunub: "Hələlik qanunun birinci oxunuşudur. Biz mütləq şəkildə Mediasiya Şurasının, mediatorun funksiyalarına baxmalıyıq. Onların fəaliyyəti üçün müvafiq şərait yaradılmalıdır. Qurumun hüququ statusu, yaş həddi və digər məsələlərlə bağlı təkliflər səslənir. Hesab edirəm ki, bu məsələlər geniş müzakirə edilməlidir. Əslində barışdırıcı missiya Azərbaycanda hər zaman olub və biz indi bunu qanuna gətiririk”.

Mediasiya fəaliyyəti ilə məhkəmələr arasında fərq var

Azay Quliyev əlavə edib ki, dünya təcrübəsində baxanda bəlli olur ki, mediasiya fəaliyyəti ayrı-ayrı ölkələrin mədəniyyətinin bir hissəsi kimi götürülür: "Hesab edirəm ki, vətəndaşların məhkəmədən öncə mediasiya qurumlarına müraciət etməsinin tələb kimi qoyulması bu institutunun fəaliyyətinin gücləndirilməsi baxımından əhəmiyyətli olacaq.

Nəzərə almaq lazımdır ki, mediasiya fəaliyyəti ilə məhkəmələr arasında ciddi fərq var. Mediasiya təşkilatlarının baxdığı məsələlərdən hər iki tərəf razı qalır və razılaşma müqaviıəsi olur. Məhkəmədə isə tərəflərdən biri razı qalır, digəri narazı. Mediasiya fəaliyyəti barışdırıcı missiyadır. Lakin əldə edilən anlaşmanın icrasına nəzarət necə olacaq? Bu məsələ də vacibdir və ona diqqət etməliyik. Hesab edirəm ki, qanunun qüvvəyə nə zaman minəcəyi də vacib məqamdır. Çünki mediasiya qurumlarının hazırlıq mərhələsinə böyük zaman var. Həmçinin mediasiya ilə bağlı ciddi araşdırma işi həyata keçirilməlidir. Biz razılaşmışıq və bu qanunun ictimai müzakirəsini təşkil edəcəyik. Qanun ılayihəsinin mübahisələrin həllində böyük rol oynayacaq”.

Qeyd edək ki, mediasiya təşkilatlarının işindən boşanma hallarının azalması və tərəflərin barışdırılması sahəsində geniş istifadə edilir.

Məhkəmələrin işi xeyli azalacaq

“Gənc vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova söyləyir ki, bu qanunun qəbul olunması məhkəmələrin mülki, əmək və ailə hüququ məsələləri ilə bağlı müraciət edilən işlərində yüklərini kifayət qədər azaldacaq: “Hazırda məhkəmələr bu məsələlərlə olduqca çox məşğul olur və bu qanun bir növ kömək edəcək ki, onların işi azalsın”.

G.Səfərova deyir ki, 5 fəsil 39 maddədən ibarət olan bu layihə mediasiya institututnun yaranması, formalaşmasını tənzimləyir. Burada könüllülük, tərəflərin hüquq bərabərliyi və birgə əməkdaşlıq etməsi, qərəzsizlik, konfidiensiallıq, mediasiyanın müstəqil olması əsas prinsiplərdəndir: “Məsələn elə çəkişmələr var ki, onlar məhkəməyə qədər həll oluna bilər. Burada bir məsələni də vurğulayım ki, “Mediasiya haqqında” qanun yalnız ailə məsələlərinin tənzimlənməsi kimi başa düşülür. Amma burada əmək və mülki məsələlər də tənzimlənəcək. Boşanmaların, əmək, mülki mübahisələrin sayının artmasını götürsək görəcəyik ki, bu onların sayının xeyli azalmasına təsir edəcək və insanların münasibətləri daha da korlanmadan, məhkəmə müstəvisinə gətirib çıxarmadan həll olunacaq. Amma burada əsas prinsiplərdən biri sözsüz ki, hər iki tərəfin razılığının olmasıdır”.

Qanunun icra mexanizmi elə həyata keçirilməlidir ki…

Birlik sədri onu da qeyd edir ki, həmin qanunda işin kimə həvalə olunması da əsas məsələlərdəndir: “Çünki qanun layihələri sözsüz ki, mükəmməl hazırlanır. Ümid edirəm ki, bu qanunun icra mexanizmi də çox yaxşı həyata keçiriləcək. Mediasiya Azərbaycan üçün yeni sahə sayılsa da, illərdir bu sahədə təcrübəsi olan insanlar var. Düşünürəm ki, bu qanunun həyata keçirilməsinə məsul olan qurumlardan biri Vəkillər Kollegiyası ola bilər. Hazırda Azərbaycanda vəkillik institutu yaxşı formalaşıb. Yaxud bunu illərdir həyata keçirdən Qeyri Hökumət Təşkilatları ilə də əməkdaşlıq etmək olar. Çünki ailə, uşaq, hüquq, mülki məsələlər müstəvisində illərdir bu işlə məşğul olan ekspertlər var”.

“Mediasiya prosesi artıq dünyada istifadə olunan bir mexanizmdir. Məsələn Finlandiya modelində bir ailə boşanmadan öncə mediasiya ilə məşğul olan ekspertlərə müraciət edir. Oradakı prosesdən sonra, mediatr belə bir sənəd təqdim edirsə ki, yox, artıq həmin şəxslərin birgə yaşamağı risk təşkil edir, uşağa yaxud ailənin gələcəyinə, o halda onlar ayrılır. Digər hallarda razılıq əldə edilir və onlar arasında saziş imzalanır, problem həll edilir”.

Mediatorlarla bağlı bu məsələlər diqqətə alınmalıdır

Hüquqşünas Səbuhi Axundovun fikrincə “Mediasiya haqqında” qanun layihəsinin 10.1.1. bəndində olan "ali təhsilə malik olmalıdır" hissəsinə mütləq qaydada "ali hüquq təhsilinə malik olmalıdır" yazılmalıdır. Çünki mediator qanunvericiliyi mükəmməl bilmədiyi halda tərəflərə lazımi qaydada mübahisənin həllində obyektivlik və işin məhkəmə tərəfindən baxılarsa, indidən nəticənin dəqiq izahını göstərə bilməz: “Bunun da nəticəsində mübahisələrin məhkəmələrdən kənar həlli yolu kimi bu qanunun icrası zamanı böyük boşluqlar və inamsızlıq yaranacaq. Eyni zamanda qanunda göstərilən yaş həddi 25-dən 30-a qaldırılmalıdır. 25 yaşında bir mediatorun nə iş təcrübəsi, nə də həyat təcrübəsi tərəflərin ortaq məxrəcə gətirilməsi üçün yetərliyi olmayacaqdır. Bu səbəbdən də hesab edirəm ki, mediator da bir məhkəməsi olmayan hakimdir. Onun da yaş həddi hakimlərin qanunla müəyyən olunmuş yaş həddi ilə eyni olmalıdır”.

Tarix boyu Azərbaycanda ağsaqqal sözü, ağbirçək məsləhəti hər zaman bütün qanunlardan kəsərli olub. Amma dəyişən və müasirləşən zamanla bərabər bu qaydalarımız da tədricən aradan qalxıb. Amma nə qədər müasirləşsək də görünən odur ki, dönüb, dolaşıb yenidən elə həmin adət-ənənələrimiz sayəsində milli-mənəvi dəyərlərimizi də, ailələrimizi də xilas edə bilərik, başqa yolla yox...

Nazlı Allahverdiyeva

Xəbər xətti