“Orta məktəbin ulduzu idim”

17:45 - 15 Fevral 2019 - Müsahibə

Tofiq Hacıyev: “Səhnə böyük, mən balaca, özümü bir az qəribə hiss edirdim, amma qalib gəldim”

İncəsənətin bir çox sahələrində fəaliyyət göstərir. Deyir ki, incəsənətlə qidalanır və işini həddindən çox sevir. Mahnı yazır, bəstələyir, ifa edir, klip çəkir və s... Ölkəmizi Bolqarıstanda Discovery İnternational Pop Festivalda təmsil edən gənc müğənni, orada  “Ən yaxşı kişi səsi” və “Ən xariztmatik artist” nominasiyası üzrə qalib olub. Azərbaycanda keçirilən ilk “Səs Azərbaycan” yarışında “Görmədən dinləmələr” mərhələsində 4 münsifi də özünə tərəf döndərib və 4/1 final mərhələsinə kimi yüksəlib. Azərbaycanda keçirilən Formula-1 yarışlarının könüllülər himninin söz, musiqi müəllifi və ifaçısıdır.
Müsahibimiz “Üç nöqtə” qəzetinin qonağı gənc müğənni, aktyor və rejissor Tofiq Hacıyevdir.

- Mədəniyyət və İncəsənət Universitetinin “Dram rejissorluğu” fakültəsində təhsil alsanız da, fəaliyyətiniz çox şaxəlidir - aktyorluq, rejissorluq, ifaçılıq. Üçü bir yerdə çətin olmur? 
-  Əslində çətin deyil. Çünki, özümü bu sahələrin hamısında demək olar ki, təsdiqləmişəm. Artıq bu sahələrin hamısında işləmək mənim üçün rahatdır. İncəsənətin bütün sahələrində özümü rahat hiss edə bilirəm.

- Eyni zamanda öz mahnılarınıza söz yazır, musiqi də bəstələyir, aparıcılıq edirsiniz, hətta klip də çəkirsiniz. Yeri gələndə dostlarınıza prodüserlik də edirsiniz...
- Düzünü desəm, mənim incəsənət hissiyyatım təkcə özümlə bağlı deyil. Öz əməyimi, işimi başqalarında görməkdən daha çox xoşbəxt oluram. Ona görə də bu hissimi prodüserliyə yönəldirəm. Və gənclərlə, dostlarımla, yaxud tanımadığım insanlarla belə rejissor kimi, prodüser kimi çalışa bilərəm və onlara mahnılar yazaram. Bununla yanaşı, həmçinin teatrda uşaq tamaşalarına da mahnılar, sözlər yazıram. Başqaları üçün edəndə, özüm üçün etdiyimdən daha çox xoşbəxt oluram.

- Belə görünür ki, yaradıcılıqla hərtərəfli məşğul olursunuz. Bu maraq hardan yaranıb? 
- Əslində buna maraq deməzdim, çünki artıq bu mənim həyat tərzimə çevrilib. İncəsənətlə qidalanıram, bununla xoşbəxt oluram. Hər insanı bir şey xoşbəxt edir, kimisini pul, kimisini geyim, mənim də gündəlik həyatımda mütləq incəsənət olmalıdır. Ona görə də çalışıram ki, fəaliyyətim incəsənətin bir çox sahələrini əhatə etsin. Özümü tanıyandan, kiçik yaşlarımdan artıq tamaşalarda oynayırdım, şeir müsabiqələrində iştirak edirdim. Uşaqlıqdan Azərbaycan Televiziyasında mənə mahnılar ifa etdirirdilər, amma heç vaxt özümü müğənni kimi qəbul etməmişəm. Yəni müğənnilik iddiam olmayıb, utanmışam. Universitetin birinci kursunda qrup yoldaşlarım mənə təzyiq etdilər. Nəticədə dostum məni aldadıb, xəbərim olmadan “Səs Azərbaycan” yarışmasında mənim adımdan qeydiyyatdan keçib və mənim adımdan yalandan danışmışdı. Başqa bir iş adı ilə müsabiqəyə getdim və gördüm ki, artıq kastinqdəyəm və məcbur olub oxudum (Gülür).

- İfa etdiyiniz “Sən” mahnısı hitə çevrildi. Mahnını hazırlayarkən onun bu qədər seviləcəyini gözləyirdinizmi?
- Təbii ki hər kəs mahnını hazırlayarkən hitə çevrilməsini istəyər. Amma nə yalan deyim, gözləmirdim. Çünki bundan öncə də bir neçə mahnı ifa etmişdim. Bilirəm ki, elə də kütləvi mahnılar yazmıram və ifa etmirəm. Ona görə bir az ümidim az idi.

- Nə üçün daha çox xarici, pop janrında mahnılar ifa edirsiniz?
- Özümü klassik janrda yoxladım və gördüm ki, mən bu janrda özümü tam xoşbəxt hiss etmirəm. Təbii ki, klassik musiqiləri də bilməliyik. Ancaq özümü xarici mahnılarda daha çox tapıram.

- Rəsmi Formula-1 könüllüləri himnini ifa etmisiniz. Necə oldu ki, himn yazmaq və ifa etmək qərarına gəldiniz?
- Düzü, mən rəsmi olaraq könüllü deyiləm. Amma hər birimiz Azərbaycan vətəndaşı olaraq beynəlxalq yarışlarda könüllü olmağa hazırıq. “Səs Azərbaycan” müsabiqəsi yenicə bitmişdi və könüllülərdən mənə təklif gəldi. Dedilər ki, sizin mahnılarınız maraqlı olur, bəlkə bizim üçün bir himn yazasınız. Onda da artıq müsabiqə elan olunmuşdu, ölkəmizin bir neçə məşhur müğənniləri də ora təklif göndərmişdi. Himn yazdım və  Azərbaycanın könüllüləri üzrə rəsmi Formula-1 himni oldu. Bu mənim üçün çox böyük xoşbəxtlikdir. Təsəvvür edin, gənc bir oğlan belə bir himn yazıb və artıq müqavilə ilə neçə illərlə səslənəcək. 

- Orta məktəbdə də yaxşı oxumusunuz deyəsən, “Fərqlənmə” və “Təltifnamə” ilə bitirmisiniz... 
- Orta məktəbin ulduzu idim. 269 nömrəli məktəbdə oxumuşam, özümü o məktəbin ulduzu hesab edirdim. Nəinki uşaqlar, müəllimələr, valideynlər hətta ətrafdakı hər kəs məni tanıyırdı, çünki bütün tədbirlərdə aktiv şəkildə iştirak edirdim. Məktəb inkişafım üçün böyük rol oynayıb, hər zaman mənə dəstək olurdular. Çünki məktəbdə heç zaman qadağalar görməmişəm. Düşünürəm ki, bu da təhsilimə də öz müsbət təsirini göstərib. Nəticədə həm yaxşı oxumuşam, həm də fərqlənmişəm.

- Ölkəmizi Bolqariyada “Discovery İnternational Pop” Festivalında təmsil edərək “Ən yaxşı kişi səsi” və “Ən xarizmatik artist” nominasiyasında qalib olmusunuz. Bu uğura necə nail oldunuz? 
- Bu mənim universitet illərimdə olub. O anlar özümü müğənni kimi yaxşı hiss etmədiyim anlar idi (Gülür). Mənim üçün həm maddi, həm də mənəvi dəstək olan insanlar var idi. Düzünü desəm, yaşıma görə, orda çox güclü ifaçılar və ölkələr var idi. Azərbaycanı təmsil edirdim, səhnə böyük, mən isə balaca, özümü bir az qəribə hiss edirdim. Amma doğrudan da çox sevinirəm ki, bütün bunlara rəğmən uğur qazandım. Bu mənim üçün böyük bir qalibiyyətdir. “Ən xarizmatik artist” nominasiyasını daha çox sevirəm. Çünki bunun nəticəsi olaraq bütün Bolqariyada küçədə insanlar yaxınlaşıb sevgilərini bildirirdilər, “Səhnədə çox maraqlısınız, çox şirinsiniz” - deyə fikirlər bildirirdilər.

- Bir çox müsabiqələrdə iştirakınızı görürük. Fikrinizcə, bir ifaçının inkişafında müsabiqələrin rolu nə dərəcədə əhəmiyyətlidir? 
- Həqiqətən də müsabiqələrin çox böyük əhəmiyyəti var. Ümumiyyətlə, hər bir insanın məqsədi olmalıdır. Əgər məqsədi keyfiyyətli və yaxşı sənətçi olmaqdırsa, mütləq müsabiqələr kömək edir. Təbii ki müsabiqəsiz də buna nail olmaq mümkündür. Amma müsabiqə motivasiyaya şərait yaradır. Yarışmada uduzsa belə, ən azından hansısa pilləyə qədər gəlir, təcrübə keçir, mahnılar ifa edir. Əslində müsabiqədən-müsabiqəyə də fərq var. İnkişaf cəhətdən ifaçının hansı müsabiqəyə qatılmasının böyük rolu var.

- Bəs qatıldığınız müsabiqələr sizə nə verib?
- Hər şeydən öncə mənə ən çox səhnə təcrübəsi verib, səhnə həyəcanını aradan qaldırmağa kömək edir. Düzdür, həyəcan hər zaman olur. Amma nə qədər həyəcan olsa belə, artıq insan bilir ki, hansı vəziyyətdə necə davrana bilər.

- Bu gün şou aləmində nələr çatışmır?
- Fikrimcə, elə adından da göründüyü kimi şou aləmində şou çatışmır. Şou yoxdur. Əvvəllər öyrəşdiyimiz keyfiyyətli musiqilər yoxdur, olsa da çox azdır. Artıq yenidən canlanma var. Ölkədə artıq klip kanalı var və buna görə klip mübarizəsi başlayıb. Ölkəmizdə biznes var, hamı ordan qazanır, amma şou yoxdur.

- Bildiyimiz qədəriylə, yaxınlarınız sizə “Mister Totu” ləqəbi ilə ithaf edirlər. Bu ləqəbi sizə kim verib?
- Məni həyatda real olaraq görən insanlar iki dəfə ünsiyyətdən sonra nədənsə belə müraciət edirlər. Bu əslində xoş olduğu qədər, sənət adamı üçün bir o qədər də xoş deyil. Bunu ilk dəfə universitetdə Oqtay adlı müəllimim fikirləşmişdi. Demişdi ki, Mister adı ciddiyyət, Totu isə səmimiyyət versin, insanlar səni sevə bilsin. Əslində işə də yaramışdı, həmin il insanlar bu adı artıq çox səsləndirirdi.

- “Eurovision 2019” da finala qalan dörd nəfərdən biri də sizsiniz... Bu müsabiqə sizin üçün hansı əhəmiyyəti kəsb edir?
- Bu beynəlxalq müsabiqənin hər kəs üçün əhəmiyyəti olduğu kimi, mənim üçün də çox böyük əhəmiyyəti var. Burda söhbət yarışın nüfuzundan çox, ölkəni təmsil etməkdən gedir. Hansı ki, Azərbaycanı böyük bir arenada təmsil edirsən. Bu, mənim üçün böyük bir arzu və istəkdir. Nə zaman olacağını bilmirəm, amma nə zamansa mütləq Azərbaycanı təmsil edəcəyəm. 

- Görəsən bu qədər uğurlu bir gənc niyə subaydır?
- (Gülür). Çünki bu qədər uğurları əldə etmək üçün vaxtını incəsənətə həsr edib. Şəxsi həyatı üçün sərf etməyə vaxtı yoxdur.

- Bəs planda evlilik var?
- Plandan çox arzulayıram. Məncə, bu planla olan iş deyil, arzu ilə olur. Qismətimdə nə zaman varsa, onda olacaq. Hələ bu barədə düşünməməyə çalışıram. Amma elə biri qarşıma çıxsa, əlbəttə ki istəyərəm.

Könül Oruc 


Xəbər xətti