Mətbuat Şurası internet medianın maliyyələşdirilməsini təklif edir

17:25 - 11 Fevral 2019 - MEDİA

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Ucnoqta.az xəbər verir ki. toplantını giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib.
İclasda öncə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərin maliyyələşməsi üçün şərtləri dəyişdirməsindən sonra yaranmış durum müzakirə edilib. İH üzvləri bildiriblər ki, qəzetlər üçün minimum 5 min tiraj və 2 min yayım tələbinin qoyulması dövlətin bu sahəyə yeni yanaşma tərzidir. Buna adekvat fəaliyyət göstərən qəzetlər olacaq, lakin bir çox kütləvi informasiya vasitələri indidən nəşrlərini dayandırdıqlarını bəyan ediblər. Mövcud durumdan çıxmaq üçün yollar tapılmalıdır.

Bu xüsusda media bazarının genişləndirilməsi üzərində dayanılıb. Bildirilib ki, əvvəllərdə olduğu kimi, qəzetlərin metro stansiyalarının çıxışında və insanların sıx toplaşdıqları digər yerlərdə satışı təşkil olunmalı, o cümlədən səyyar satış bərpa olunmalıdır. Elə mühit yaradılmalıdır ki, hazırkı durumda dövlət dəstəyindən faydalanmaq şansı olmayan nəşrlərin gələcəkdə buna imkan əldə etmələrinə şərait yaransın. Belə olduqda onlarda fəaliyyət üçün stimul yaranacaq. Bu isə öz növbəsində rəqabət formalaşdıracaq.

KİVDF-nin maliyyələşmə şərtlərində dəyişiklər etməsi yeni dövrün tələbindən irəli gələn zərurətdir. Əsas məsələlərdən biri maliyyələşəcək qəzetlərin sayını azaltmaq deyil, daha keyfiyyətli qəzetçiliyə dəstək olmaqdır. Buna görə də yalnız tiraj və yayım yox, eyni zamanda məzmun məsələsi də ön planda olmalıdır. İH üzvləri mövcud məqama xüsusi diqqət yetirərək bildiriblər ki, internet medianın geniş vüsət aldığı hazırkı şəraitdə oxucu xəbər saytlarındakı informasiyanı yenidən qəzetdə görmək istəməz. Deməli, yeni dövrün tələbləri qəzetçiliyə də yeni yanaşmanı gətirməlidir və bu yol dünyanın bir çox qabaqcıl ölkələrində gedilir. Nəticə etibarilə dünya miqyasında tiraj və yayım sahəsində əvvəlki illərdə mövcud olmuş geriliyin aradan qaldırılmasında müsbət tendensiyalar müşahidə olunmaqdadır. 

İclasda internet media resurslarının maliyyələşməsi məsələ üzərində dayanılıb. Bildirilib ki, hazırda ictimai fikir daha çox internet üzərindən yayımlanan media vasitələri ilə formalaşır. Bu proses Azərbaycanda da sürətlə gedir. İnternet medianın malik olduğu resursların dövlətin və cəmiyyətin mənafeləri baxımından uzlaşdırılmasına ciddi ehtiyac var. Buna görə də mediaya dövlət dəstəyi məsələsində prinsipial məqamlardan biri də məhz onlayn KİV-lərin maliyyələşməsidir.

Qeyd olunub ki, bununla bağlı qarşıda duran başlıca vəzifələrdən biri internet medianın özünə hüquqi münasibətlər sistemində yer tutmasıdır. Bəzi qanunlarda ayrı-ayrı müddəalar yer alsa da, məsələ ümumi xarakter daşıyır, internet medianın təşkilati-hüquqi forması müəyyənləşdirilməməmiş qalır. İclasda bu məsələnin tezliklə həllini tapması üçün müvafiq qurumlara müraciət olunmasının zəruriliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, MŞ mövcud istiqamətdə hazırladığı təkliflər sırasında internet media ilə bağlı ayrıca qanunun olması da şərtdir.  

 

Xəbər xətti