“ABAD sayəsində satışımda xeyli irəliləyiş var”

15:00 - 11 Fevral 2019 - Müsahibə

Sevinc Gəncəliyeva: “Bu, sevdiyim iki işi özündə cəmləşdirir - incəsənət və müəllimlik...”

Müsahibimiz ABAD-ın (Ailə Biznesinə Asan Dəstək) nəzdində fəaliyyət göstərir və çox gözəl əl işləri hazırlamaqla məşğul olur. Şüşə qablar üzərində vitrajlar, portretlər çəkir, kətan üzərində işlər görür, muncuqlardan istifadə edərək müxtəlif əl işləri hazırlayır və son zamanlarda  gəlinciklər də hazırlayır. Dekorativ-tətbiqi xalq sənətkarlığının şüşə üzərində rəngkarlıq istiqaməti ilə məşğuldur. Deyir ki, əl işlərinin bəziləri çox vaxt apardığı üçün səbr və zəhmət tələb edir: “Abada qoşulmamışdan əvvəl sifarişlərim ancaq internet üzərindən olurdu və sayı çox az idi. Ancaq sifarişlə işləyirdim. Abadda isə mən istədiyim rəsmli, dizaynlı işlər hazırlayıram və satılanların məbləği ayda bir dəfə maaş kimi hesabıma köçürülür. Abad sayəsində satışımda  xeyli irəliləyiş var”. Müsahibimiz “ABAD”çı Sevinc Gəncəliyevadır. Həmsöhbətimlə onun fəaliyyətindən, hazırladığı əl işlərindən və s. söhbət açdıq.

- İlk öncə özünüz haqqında məlumat verərdiniz, oxucularımız sizi daha yaxından tanısın. Əsas nələr hazırlayırsınız? 
- 34 yaşım var. İxtisasım ibtidai sinif müəlliməsi olsa da, əsas fəaliyyətim rəssamlıqdır. Dekorativ-tətbiqi xalq sənətkarlığının şüşə üzərində rəngkarlıq istiqaməti ilə məşğulam. Şüşə qablar üzərində vitrajlar, portretlər çəkirəm, qabları milli naxışlarla bəzəyirəm, yağlı boya, sulu boya ilə işləyirəm. Bundan başqa, kətan üzərində işləyir, muncuqlardan istifadə edərək müxtəlif əl işləri hazırlayır və son zamanlarda  gəlinciklər də hazırlamağa başlamışam. Əvvəllər rəsm dərsləri də keçirdim. Əslində isə rəsm təhsilim yoxdur. Rəsm təhsili almaq istəsəm də, ailəm buna mane oldu. Dedilər ki, bir ali təhsil kifayətdir, get işlə. İkinci dəfə təhsil almaq  ürəyimdə qaldı. ABAD-la əməkdaşlıq edən Ülviyyə Xeyrullazadə var, onu internetdə gördüm. O, əl işlərini yerləşdirmişdi və master-klasslar keçirdi. Mən də bu dərslərdə iştirak edərək rəsm çəkmək üsullarını öyrəndim.

- ABAD-la tanışlığınız necə olub?   
- ABAD-la şagirdlərimdən birinin valideyni, həmçinin də ABAD-ın üzvü olan bir xanım sayəsində məlumatım olub. Əl işlərimi gördülər və bəyəndilər. Rahat şəkildə məni ABAD-a qəbul etdilər. Və artıq iki ilə yaxın müddətdir ki, ABAD-la əməkdaşlıq edirəm.

- Bəs ABAD-a qoşulmamışdan əvvəl necə fəaliyyət göstərirdiniz? 
- Abada qoşulmamışdan əvvəl sifarişlərim ancaq internet üzərindən olurdu və sayı çox az idi. Ancaq sifarişlə işləyirdim. Abadda isə mən istədiyim rəsmli, dizaynlı işlər hazırlayıram və satılanların məbləği ayda bir dəfə maaş kimi hesabıma köçürülür. ABAD sayəsində satışımda  xeyli irəliləyiş var.

- Hansı materiallardan istifadə edirsiniz? 
- Şüşə üçün nəzərdə tutulmuş xüsusi vitraj boyalar istifadə edirəm. Gəlinciklər üçün isə gildən, parçadan və kağızdan istifadə edirəm. Mənim istifadə etdiyim rənglər lak əsaslı olduğu üçün  yuyulmur. Əgər su əsaslı olarsa, qablar yuyulanda rəngi getməsin deyə onu sobada bişiririk. Eyni zamanda qablardan lak qoxusu gəlməməsi üçün onlarda su əsaslı boyalardan istifadə edirik. Lak əsaslı boyalar tez quruyur, yəni rəngi yaymaq çətin olduğundan cəld işləmək lazım gəlir.

- Deyirlər ki, yaradıcı insanların dünyaya baxışı fərqli olur. Sizin dünyaya baxış tərziniz necədir?
- Yaradıcı insanlar azad ruhlu, pozitiv insanlardır. Hər zaman dəyişiklikləri sevən, gözəlliyə vurğun insanlardır.

- Neçə müddətdir fəaliyyət göstərirsiniz? 
- ABAD-la iki ilə yaxındır əməkdaşlıq edirəm. Ümumilikdə isə, bu işlə 3-4 ildir məşğulam.

- Əl işləri hazırlayan yaradıcı insanlar bəzən deyirlər ki, düzəltdiyimizi o qədər sevirik ki, satmağa əlimiz gəlmir. Bəs sizin bu günə qədər satılan əsərlərinizdən yaddaqalanı olubmu? 
- Bəli, elədir. Deməli, arxa hissəsi butalarla bəzədilmiş Azərbaycan Respublikasının Dövlət gerbini işləmişdim. Düşünürdüm ki, bu əl işimi yəqin ki, hansısa bir azərbaycanlı alıb aparar. Amma belə olmadı, gözlədiyimin tam əksi oldu. Çinli bir turist gəlib aldı, bu zaman həqiqətən çox təəccüblənmişdim. Bəlkə də kim idisə, müxtəlif ölkələrin gerblərini yığan bir kolleksiyaçı imiş.

- Hər bir işin çətin və maraqlı tərəfləri olur. Sizin işinizin maraqlı və çətin tərəfləri hansılardır?
- Maraqlı tərəfi odur ki, öz fantaziyalarını həyata keçirə bilirsən, müxtəlif eksperimentlər aparırsan. Bununla yanaşı yeniliklər edə bilirsən və bunların müqabilində pul da qazanırsan. Çətin tərəfi deməzdim. Sadəcə zəhmət tələb edən işdir. Hər bir xırdalıq üzərində saatlarla iş görülür, vaxt aparır. Ümumiyyətlə, dəqiqliyi, simmetriyanı sevən adam deyiləm. Hər hansı bir sxemi çəkib onun üzərində işləməyi xoşlamıram. Məsələn, sifariş gələndə ki, standart bu naxışları etməlisən, onda iş mənim üçün çox gərgin olur. Çünki bu məndən fiziki olaraq çox güc tələb edir. Ən çox da armudu stəkanlarla işləmək zəhmət tələb edir. Onun səthi əyri olduğu üçün  hər dəfə boya çəkildikdən sonra onun qurumasını gözləmək lazımdır.

- Hazırda fəaliyyət göstərdiyiniz yer hardadır?  
- Hal-hazırda emalatxanam yoxdur. İşimi genişləndirdikdən sonra emalatxana da götürmək fikrim var. Hər şey yava-yavaş olur.

- Bu günə qədər elə bir dizayn, forma olubmu ki, düşünmüsünüz, amma həyata keçirə bilməmisiniz?  
- Hələ ki, həyata keçirmədiyim çox ideyalarım var. Sadəcə olaraq onları həyata keçirmək üçün bir az zaman lazımdır.

- Bir işi tamamilə sona çatdırmaq üçün nə qədər zaman sərf edirsiniz? 
- Sırf işləri bu qədər vaxt çərçivəsində hazır edirəm kimi bir şey yoxdur. Zaman təbii ki işin böyüklüyündən asılıdır. Elə iş var ki 5-6 saata hazırlanır. Eləsi də var ki, bir həftə vaxt tələb edir. Yəni zaman müddəti işlərə görə dəyişir.

- Ümumilikdə gənclərin marağı necədir, yanınıza gəlib öyrənmək istəyənlər olurmu?
- Bəli, maraq var. Əvvəlki dövrlərə nisbətən maraq getdikcə artır. Tələbələrim var, gəlirlər, öyrənmək istəyirlər. Onu da deyim ki, 12 yaşdan 36 yaşadək tələbələrim olub.

- Öyrətmək insandan səbr və əziyyət tələb edir. Öyrətməyi sevirsinizmi?
- Əlbəttə öyrətməyi sevirəm. Bu, sevdiyim iki işi özündə cəmləşdirir - incəsənət və müəllimlik...

- Müasir dövrdə yaşayırıq, yeniliklər etmədən öz işində irəli getmək bir qədər çətindir. Siz işinizdə nə kimi yeniliklər etməyi düşünürsünüz?
- Hal-hazırda yeniliklər axtarışındayam, yeni nələrsə etmək barəsində düşünürəm. Ümumiyyətlə, primitiv işlər məni cəlb etmir. Hər bir iş bizim ruhumuzu, əhvalımızı, düşüncələrimizi ifadə etməlidir.

- İşin keyfiyyətli olması üçün nələr lazımdır?
- Keyfiyyət üçün təbii ki, istedad, keyfiyyətli ləvazimat və zaman lazımdır.

- Əl işlərini hazırlama prosesi necə baş verir, bir az bu barədə danışardınız... 
- Məsələn, şüşə üzərində rəsm çəkərkən əvvəl kağızda eskizini çəkirəm. Sonra həmin eskizi şüşə üzərində konturla işləyib boyayıram. Qabın sobada bişirilməsində isə fərqli bir şey yoxdur, adi ev sobasında bişirilir. Qabı soyuq sobanın içərisinə yerləşdirib 180 dərəcədə bişiririk. Çünki stəkanlar dərhal isti sobaya qoyularsa, sına bilər, ona görə də soyuq sobaya qoymaq lazımdır. Bəzən belə incəliklə işləmək üçün böyük səbr lazım olduğunu deyirlər. Ancaq mən heç də səbrli insan deyiləm. Bəlkə, başqa işdə səbrsiz ola bilərəm, ancaq bu işdə tamam dəyişirəm və diqqətimi buna yönəldirəm. Əslində, vitraj kəsilmiş, rəngli şüşələrin birləşməsidir. Rəngli şüşələr xüsusi emal olunur, təmizlənir, hamarlanır və bir-birinə uyğunlaşdırılaraq kəsilir. Bundan sonra xüsusi bir forma çəkilir, həmin kəsilmiş hissələr mis lentlərlə birləşdirilir və daha sonra mis olan hissə qaynaq edilir. Mis əridikdə şüşələr bir-birinə yapışır. Biz isə şüşəni rəngləyirik. Konturla şüşəni bölürük. Bununla da rəngli şüşələrin birləşməsi görüntüsü yaranır.

Könül Oruc 


Xəbər xətti