“Sanki bir ailənin uşaqlarıydıq”

Musa Nəbioğlu: “Bu gün ali məktəbi bitirməyimizdən az qala 40 il keçsə də, o doğmalıq, o şirinlik yenə də qalır”

“Bu günlərdə isə baba olmağın sevincini yaşadım”

“Məktəbdə həmişə nümunəvi şagird olmuşam, əla oxumuşam və orta məktəbi də əlaçı attestatı ilə bitirmişəm. O illərin şagirdləri də indikilərdən xeyli fərqlənir. Onda müəllim-şagird münasibətlərində daha çox doğmalıq və istilik vardı. Xüsusilə də kənd məktəblərində.
1976-1980-ci illərdə Bakıda o vaxtkı Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) təhsil almışam. İnstitutu bitirəndə Gürcüstanın Maarif nazirliyinin sərəncamına göndərildim. Bu nazirlik də məni təyinatla müəllimə ehtiyacı olan ucqar bir dağ kəndinə - Zalqa rayonundakı Tecis kənd orta məktəbinə göndərdi.

Qışı həddən artıq soyuq olan bir kənd idi. Təsəvvür edin, bəzən hətta may ayında da elə soyuq olurdu ki, sinifdə peç qalamaq lazım gəlirdi. Amma kəndin çox gözəl, qonaqpərvər camaatı vardı. İlk pedaqoji fəaliyyətimə 1980-ci ilin sentyabrında bu kənddə başladım 1985-ci ilin sonunadək burada müəllim və direktor müavini kimi çalışdım”. Bu sözləri bizimlə söhbətində Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu dedi.

- İlk öncə özünüz haqda məlumat verərdiniz, harada, nə zaman doğulmusunuz, ailədə neçə nəfər olmusunuz?
- 1958-ci il dekbarın 26-da Borçalıda – Bolnisi rayonunun Darvaz kəndində müəllim ailəsində anadan olmuşam. Ailədə səkkiz uşaq olmuşuq – beş bacı, üç qardaş. Mən ailənin beşinci uşağıyam. Orta təhsilmi də öz kəndimizdə almışam.

- Uşaqlıq illəriniz harada keçib, o illəri necə xatırlayırsınız?
- Ötən əsrin 60-70-ci illərinə təsadüf edən uşaqlıq illərim Darvazda keçib. Yay aylarında kəndimizin Başkeçid dağlarındakı yaylaq yerlərinə gedərdik. Yəni uşaqlığımın bu gün aranlı-dağlı xatirələri var. Və bu xatirələr o qədər əziz, o qədər şirindir ki, hərdən adama elə gəlir ki, onu danışarsa, bu şirinliyə xələl gətirə bilər. Yəni o xatirələrə toxunmaq olmaz. Xalq şairi ZəlimxanYaqub demiş, illərin izi var xatirələrdə.

O illərin uşaqları ilə indiki uşaqlar arasında yerlə göy qədər fərq var. Hərdən mənə elə gəlir ki, indiki uşaqlar əsl uşaq həyatını yaşamırlar. Bu, istər kənddə olsun, istərsə də şəhərdə, belədir. Xüsusilə də şəhərdə valideynlər uşaqları bir növ robotlaşdırırlar. Lap kiçik yaşlarından müxtəlif dərnəklərə, dil kurslarına apararaq uşaqları öz arzularına uyğun böyüdürlər. Yəni, uşaqlar sərbəst olaraq öz uşaqlığını yaşamırlar. Amma bizim vaxtımızda belə deyildi. Hər uşağın öz dünyası, öz fantaziyası və gələcəyi ilə bağlı da öz dünyası vardı.

- Məktəbdə necə şagird olmusunuz, yaxşı oxumusunuzmu?
- Məktəbdə həmişə nümunəvi şagird olmuşam, əla oxumuşam və orta məktəbi də əlaçı attestatı ilə bitirmişəm. O illərin şagirdləri də indikilərdən xeyli fərqlənir. Onda müəllim-şagird münasibətlərində daha çox doğmalıq və istilik vardı. Xüsusilə də kənd məktəblərində. Kənd yerlərində dərsdən sonra, məktəbdən kənarda da daim müəllimin diqqətini öz üzərində hiss edirsən. Axı, hər addımda rastlaşa bilirsən. Yeri gəlmişkən onu da deyim ki, ötən əsrin 50-70-ci illərində Darvaz orta məktəbi Gürcüstanda ən güclü orta məktəblərdən biri idi. Məktəbimizdə hətta qonşu kəndlərdən, qonşu rayonlardan da gəlib təhsil alırdılar.

O zamanlar indiki kimi repetitorluq yox idi. Yaxşı oxuyan uşaqlar dərsdən sonra bir yerə yığışar, öz biliklərini yoxlamaq üçün bir-birləri ilə sual-cavab edərdilər. Müəllimlər də, lazım gələrsə, evlərində də təmənnasız kömək edərdilər şagirdlərə. Bir şeyi də deyim ki, biz dərslərimizi oxumaqla yanaşı, həm də bədii ədəbiyyat oxuyurduq. Kitabxanada elə bədii kitab olmazdı ki, biz onu oxumamış olaq.

- Bəs, tələbəlik illəriniz necə keçib? Maraqlı olubmu o illər?
- 1976-1980-ci illərdə Bakıda o vaxtkı Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) təhsil almışam. Əsas ixtisasımla yanaşı, institutun nəzdində fəaliyyət göstərən İctimai peşələr fakültəsinin jurnalistika şöbəsində də oxumuşam. Hər dövrün öz gözəlliyi var. Tələbəlik illərinin şirinliyini isə onu yaşayanlar bilər. Kimimiz kirayədə, kimi yataqxanada qalırdıq. Bəzən müəyyən çətinliklər də olurdu. Amma bütün bunlarla bərabər, gözəl illər idi. Dərsdən sonra vaxtımız olanda birlikdə kinoya gedərdik. Bir də boş vaxtlarımızın əsas məşğuliyyəti mütaliə idi. Onda kitaba böyük maraq var idi. Kitablar da indiki kimi 300-500 nüsxə ilə yox, minlərlə tirajla nəşr olunurdu. Elə kitablar olurdu ki, bir neçə gün ərzində satılıb qurtarırdı, tapmaq mümkün olmurdu.

Yaxşı yadımdadır, 1979-cu il idi. Yazıçı Əlibala Hacızadənin “İtkin gəlin” adlı romanı təzəcə çıxmışdı. Kitab mağazalarında tapmaq mümkün deyildi. Kitab, sözün əsl mənasında oxucular arasında əl-əl gəzirdi. Mən də kimdənsə bir neçə günlüyə götürmüşdüm oxumaq üçün. Vaxtında qaytarım deyə, dərsdə də gizlincə oxuyurdum. Allah rəhmət eləsin, Yaqut xanım adlı çox gözəl bir müəlliməmiz vardı. Onun dərsində kitabı partanın altına qoyub, görməsin deyə gizlin-gizlin oxuyurdum. Necə oldusa, müəllimə bunu hiss elədi. “Sən partanın altında nə qurdalanırsan?” – dedi. Çıxardıb kitabı göstərdim. Düzü, danlayacağını gözləyirdim. Amma mənim gözlədiyimin əksinə olaraq Yaqut xanım dedi ki, oxuyub qurtarandan sonra verərsən mən də oxuyaram. Dedim, müəllimə, verim siz oxuyun, mən sonra oxuyaram. Dedi, yox, sən başlamısan, yarımçıq saxlama, oxu qurtar, sonra verərsən mən oxuyaram. Dediyim odur ki, onda kitaba, mütaliəyə münasibət başqaydı.

Tələbələr arasında münasibətdə də ayrıca bir doğmalıq vardı. Sanki bir ailənin uşaqlarıydıq. Bu gün ali məktəbi bitirməyimizdən az qala 40 il keçir. O doğmalıq, o şirinlik isə yenə də qalır. Fürsət düşən kimi görüşürük. Və çalışırıq ki, bu doğmalığı, bu səmimi münasibəti övladlarımıza, nəvələrimizə də ötürək.

- Hərbi xidmət illəri kişilərin daima maraqla xatırladığı, danışdığı bir dövrdür. Bəs, siz necə, hərbi xidmətdə olmusunuzmu? Harada keçirmisiniz?
- O vaxtlar ali məktəbi bitirənləri dövlət özü işlə təmin edirdi. Təyinatla hərəni öz ixtisasına uyğun bir yerə göndərir, şəhər yerində olanları gənc mütəxəssis kimi hətta mənzillə də təmin edirdilər. Təyinat yerinə gedib işləməyənlər isə başqa yerdə işə düzəlməkdə çox çətinlik çəkirdilər. Pedaqoji ali təhsil alanlara isə daha böyük diqqət var idi. Kənd yerində təyinatla işləyənlər hətta hərbi xidmətdən də azad idi. İnstitutu bitirəndə Gürcüstanın Maarif nazirliyinin sərəncamına göndərildim. Bu nazirlik də məni təyinatla müəllimə ehtiyacı olan ucqar bir dağ kəndinə - Zalqa rayonundakı Tecis kənd orta məktəbinə göndərdi.
Qışı həddən artıq soyuq olan bir kənd idi. Təsəvvür edin, bəzən hətta may ayında da elə soyuq olurdu ki, sinifdə peç qalamaq lazım gəlirdi. Amma kəndin çox gözəl, qonaqpərvər camaatı vardı. İlk pedaqoji fəaliyyətimə 1980-ci ilin sentyabrında bu kənddə başladım 1985-ci ilin sonunadək burada müəllim və direktor müavini kimi çalışdım. Bu səbəbdən də mən hərbi xidmətdə olmamışam. Bəlkə də, ilyarım əsgərlik çəkmək bundan rahat olardı. Amma təyinatla getmişdim və həm də işimdən zövq alırdım.

- Gənclik ömrün ən qaynar, isti dövrüdür. O dövrlərdən əsas nələri xatırlayırsınız?
- Gənclik hər zaman qaynarlıq, qurub-yaratmaq, gələcəyə böyük ümidlərlə baxmaq və eyni zamanda bu ümid və arzuları reallaşdırmaq üçün Allahın sənə verdiyi şans deməkdir. Baxır, bu şansdan kim necə yararlanır. Qaldı, gənclik illərinin xatirələrinə, şirin xatirələr çoxdur. Bir müsahibəyə, hətta bir kitaba sığmayacaq qədər çox.

- İlk sevginiz nə vaxt olub, xatırlayırsınızmı o günləri?
- Özəlliklə bir Məcnun sevgisi yaşamamışam. Bir də ki, insanın həyatında elə şeylər var ki, o, ancaq özünə məxsusdur – bütün yaxşısı və pisiylə, acısı və şiriniylə. Bu mövzuda danışanda elə o illərdə də həmişə müəllifini unutduğum bir şeirdən bu bənd düşərdi:

Ağlımla qəlbimin özgə yolu var,
Hərəsi bir yolda puç edər məni.
Birisi sevdadan uzaqlaşdırar,
Birisi sevdaya tuş edər məni.


- Ailə həyatı qurmağınızdan danışardınız bir az...
- Ailə həyatı quranda da az öncə misal çəkdiyim şeirdəki fikir böyük rol oynayıb. Yəni təkcə ürəyin hökmü ilə yox, həm də ağılın gözü ilə qərar verib evlənmişəm. Peşman da deyiləm. İki oğlum var, ikisi də ali təhsillidir. Bu günlərdə isə baba olmağın sevincini yaşadım.

- Və ilk maaşınız nə qədər olub, nəyə xərcləmisiniz?
- İlk maaşı 1980-ci ilin sentyabrında müəllim kimi fəaliyyətə başladığım vaxtda almışam və gətirib anama vermişəm ki, qoy oğlunun qazancını görüb sevinsin. Əslində isə, ilk qazncım bundan xeyli əvvəl, hələ orta məktəbdə oxuyarkən olub. Belə ki, mən hələ orta məktəbdə oxuyarkən Gürcüstanda nəşr olunan Azərbaycan dilli mətbuat orqanlarında müxtəlif mövzulu yazılarla çıxış edirdim və buna görə də qonorar alırdım. Yəni, 15 yaşından qazanmağa başlamışam.

- Ötənlərdən gəldiyiniz qənaət nə oldu ki, indi onu gənclərə məsləhət görürsünüz?
- İndi çox gözəl, istedadlı, savadlı və qabiliyyətli gənclər var. Gənclərə öyüd-nəsihət verməkdən çox gərək əməllərinlə nümunə olasan ki, özü nəyin yaxşı, nəyin pis olduğunu ayırd edə bilsin. Amma bununla belə, ötən illərin təcrübəsindən deyə bilərəm ki, həyatda hər çətinliyə savadla, biliklə qalib gəlmək olar. Nə qədər uğursuzluğa uğrasan da, gərək ümidsiz olmayasan. Savad, düzlük, halallıq və millətimizə xas olan ədəb-ərkan hər zaman gəncliyin yaraşığı və ən güclü silahı olub.

Tarix
7 Fevral 2019 [11:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-02-07 11:05:13
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin