Ana səhifə
21 Oktyabr 2018

Qohum və erkən nikahlar qüsurlu uşaqların doğulmasına səbəb olur” - Vəfa Hüseynzadə

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Üç nöqtə”yə daxil olan məlumatda bildirilib ki, 2018-ci ilin 8 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 486722-dən artıq ümumi müraciət daxil olub. Qeyd olunub ki, bu müraciətlərdən 43220 nəfəri xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 57670, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 7833 olub ki, bu rəqəmdə artım qeyd edilir.  

Pediatrik çağırışları Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmələrində fəaliyyət göstərən pediatrik briqadalar tərəfindən icra olunmasına üstünlük verilib. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2100 nəfərdən çox olub. Doğuşla bağlı müraciətlərin sayı 1907, hospitalizasiya1887 olub.  
Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 15 nəfər və paytaxtın doğum evlərində anadan olmuş azçəkili və ya ağır qüsurlarla doğulmuş 400-dən çox körpənin Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna daşınması icra edilib. 
Bu rəqəm göstərir ki, hər il qüsurlu doğulan körpələr sayı artır. Bəs, bu artımın səbəbləri nədir? Bunun qarşını almaq üçün hansı tədbirlərin görülməsinə ehtiyac var? 

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən tibb elmləri üzrə fəlsəfə doktoru, mama-ginekoloq Vəfa Hüseynzadə bildirdi ki, qüsurlu uşaqların doğulması halları artıb: “Burada birinci faktor genetik xəstəliklərin artması ilə bağlıdır. Bunun da nəticəsində qüsurlu uşaqlar doğulur. Genetik xəstəliklərin yaranmasında qohum nikahlarını xüsusilə qeyd etmək lazımdır.  Qohum nikahların artımı mütləq şəkildə qüsurlu uşaqların dünyaya gəlməsinə şərait yaradır. Bunun üçün də əhali arasında təbliğat işləri aparılmalı və insanları qohum nikahlarından çəkindirmək lazımdır ”. 

V.Hüseynzadənin sözlərinə görə, həmçinin erkən nikahlar da qüsurlu uşaqların doğulmasına səbəb ola bilir: “Bununla yanaşı, ekoloji və qida faktorları, geni dəyişdirilmiş meyvələrin respublikamıza gətirilməsi və hamiləlik zamanı qadınların bu tip qidalardan istifadə etməsi müəyyən qüsurlara səbəb olur. Həmçinin virus xəstəliklərini mütləq vurğulamaq lazımdır. Hamiləlik dövründə infeksion virus mənşəli xəstəliklərin keçirilməsi qüsurlu uşaqların doğulmasına səbəb olur”. 

Hamiləlik öncəsi və sonrası fol turşusu içməyin vacibliyini vurğulayan mama-ginekoloq deyir ki, ümumiyyətlə hamiləlik əvvəlcədən planlaşdırılmalıdır: “Dünya protokollarında da var ki, hamiləlik planlaşdırılandan bir ay öncə mütləq fol turşusu içilməli və bu proses hamiləliyin ilk 12-ci həftəsinə qədər davam etməlidir. Azərbaycan Səhiyyə Nazirliyinin də hamiləliyin aparılması ilə bağlı protokolları var. Orda da qeyd edilir ki, mütləq hamiləliyin 12-ci həftəsinə qədər fol turşusu içilməlidir. Bu profilaktik tədbir hesab olunur. Bu, sinir borusu defektinin əmələ gəlməməsi üçündür. Sözsüz ki, sinir borusu defekti olanda sonrakı mərhələlərdə döldə qüsurlar inkişaf edə bilir”.

V.Hüzeynzadə onu da qeyd etdi ki, analar hamiləlik zamanı infeksion xəstəliklər keçirməməyə çalışmalıdırlar: “Məxmərək, su çiçəyi kimi infeksion xəstəliklərdən və qripin hava damcı yolu ilə keçən müxtəlif növlərindən uzaq durmalıdırlar. Düzgün qidalanmalı, təmiz havada çox olmalı, istirahət etməyi bacarmalıdırlar. Adi qazsız sulardan istifadə etməlidirlər. Çünki qazlı suların orqanizm üçün ziyanları çoxdur. Ümumiyyətlə, hamilə qadının orqanizmi sağlam olmalıdır ki, sağlam uşaq dünyaya gətirə bilsin. Buna görə də hamilə analarımız hamiləlik zamanı çox diqqətli olmalıdırlar ”. 

Mama-ginekoloq əlavə etdi ki, qüsurların olması barədə diaqnoz ən çox ultra-səs müayinəsi zamanı qoyulur və sözsüz ki, burda qan analizləri də var: “Qan analizləri daha çox təsdiqedici bir rol oynayır. Tutaq ki, müəyyən ikili, üçlü testlər edirik. Əgər qüsur ultrasəs müayinəsində öz əksini tapırsa, o zaman biz qadına hər hansı qüsur haqqında məlumat veririk. Ehtiyac və zərurət varsa qadına hamiləliyini pozması ilə bağlı təklif edirik. Amma təbii ki seçim qadının özündən asılıdır ”. 

V.Hüseynzadənin sözlərinə görə, bu qüsurları həmişə bilmək olmur: “Bildiyimiz kimi, diaqnoz ultrasəs müayinəsində qoyulur. Ümumilikdə ultrasəs müayinəsinin dürüstlüyü 70-75 faiz təşkil edir. Çünki ultrasəs müayinəsinin imkanları yalnız bu qədərdir. Və bəzi qüsurlar var ki, onlar 75 faizə aid deyil və orda aşkarlanmaya bilər. Sadə bir misal çəkim, bəzən üzvi qüsurlar da əlillik səviyyəsində olanda görünmür. Lakin bəzən nitq qüsurları, funksional qüsurlar ultrasəs müayinəsi zamanı aşkarlanmaya bilər. Ürək qüsurları adətən aşkarlanır, lakin ürəyin içində bəzi funksional qüsurlar var ki, onlar da aşkarlanmaya və yalnız doğuşdan sonra üzə çıxa bilər. Ona görə də demək olmaz ki, qüsurları öncədən bilmək olur”.  

Mama-ginekoloq sonda onu da əlavə etdi ki, qüsurun qalıcı yaxud keçici olması onun hansı dərəcədə və hansı nahiyədə olmasından asılıdır: “Məsələn, deyək ki, ürəkdə hər hansı damarın açıqlığı var. O, müəyyən bir yaşdan sonra nəzarət altında saxlanılır və müəyyən dövrdən sonra qapana bilər. Müəyyən qüsurlar var ki, biz mama-ginekoloq olaraq uşaqları doğulduqdan sonra neanotoloqlara təhvil veririk. Və uşaqlar mütləq şəkildə ilk birinci il ərzində  neanotoloqların nəzarəti altında qalır. Ürəkdəki hər hansı qapağın bağlanacağı 3, 6, və ya 9 ayında gözlənilir. Bəzən olur ki, bağlanır, bəzən isə bağlanmır və cərrahi müdaxiləyə ehtiyac olur. Yəni, hansı qüsurların qalıcı, hansının keçici olacağına zəmanət verə bilmərik”.  

 

Könül Oruc

Tarix
18 Sentyabr 2018 [12:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin