Balaca “Oyuq”çunun ilk fərdi sərgisi keçiriləcək

16:34 - 13 İyun 2018 - Mədəniyyət

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki  “Oyuq”  teatr-studiyasının balaca istedadlı üzvü Fərran tamaşaçıları bu dəfə özünün rənglər dünyasına səyahətə səsləyəcək. 

Ucnoqta.az xəbər verir ki, Teatrın mətbuat xidmətindən verilən məlumata görə, belə ki, 15-16 iyun tarixlərində Müasir İncəsənət Mərkəzində onun “Mənim dünyamın adaları” adlı  ilk fərdi yaradıcılıq sərgisinin açılışı olacaq. Teatrla yanaşı Azərbaycan Rəssamlar İttifaqı və Birləşmiş Rəssamlar klubunun dəstəyi ilə reallaşacaq  sərgidə balaca rəssamın plastlindən hazırladığı fiqurlar, müxtəlif mövzularda işlədiyi rəsm nümunələri yer alacaq. Sərgi dünyanı uşaqların rəngarlıq gözü ilə görüb göstərmək məramı daşıyır.
Məlumat üçün deyək ki, 6 yaşlı Fərran “Oyuq” teatr-studiyasının ən fəal üzvlərindəndir. Türkiyədə  doğulan Fərran məşhur opera ifaçısı, Əməkdar artist mərhum Firudin Mehdiyevin nəvəsidir. Musiqiçi ailəsində, incəsənətə bağlı insanların əhatəsində formalaşan balaca həmyerlimiz qardaş Türkiyədə də bir neçə dəfə yaradıcı təşkilatların sərgi və konsertlərində öz istedadını nümayiş etdirib. 

Bu sərginin təşkilində məqsəd azyaşlının gözü ilə dünyaya baxmaq, onun təbiət, ətraf aləm haqqında hisslərini ifadəsinə kömək etməkdir. Satış yarmarkasının da nəzərdə tutulduğu sərginin açılışında balaca rəssamın  müharibələrə etiraz olan “Uğursuzluq adası” adlı mahnısına çəkilən klip də təqdim olunacaq.

 

Xəbər xətti