Elmar Məmmədyarov Federiko Mogerini ilə görüşüb

21:00 - 14 May 2018 - SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federiko Mogerini ilə görüşüb. Ucnoqta.az xəbər verir ki, XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan və Aİ arasında əlaqələrin inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb. E.Məmmədyarov Azərbaycanın Aİ ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bir daha vurğulayıb və enerji, nəqliyyat, ticarət, humanitar və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərinə toxunub. Tərəflər Aİ ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların konstruktiv şəkildə davam etdiyini qeyd edərək bu sazişin əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxmasına və hərtərəfli inkişafına təkan verəcəyinə əminliklərini ifadə ediblər. E.Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi barədə məlumat verərək 15 may tarixində Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəyini deyib. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə dair Aİ-nin mövqeyinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. Görüşdə regional və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər xətti