Bu il Azərbaycanda 251 yeni xarici müəssisə yaradılıb

18:43 - 18 Aprel 2018 - İQTİSADİYYAT

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 49 dövlət mülkiyyətli müəssisə, 3005 xüsusi mülkiyyətli müəssisə yaradılıb.

Ucnoqta.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, hesabat dövründə Azərbaycanda yaradılan xarici müəssisələrin (100% xarici investisiyalı) sayı 251 olub.
Ötən üç ay ərzində 26 dövlət mülkiyyətli müəssisə, 124 xüsusi mülkiyyətli müəssisə, 12 xarici müəssisə ləğv olunub.

Bu il Azərbaycanda yeni yaradılmış müəssisə və təşkilatların sayı 3055, ləğv olunan müəssisə və təşkilatların sayı isə 150 olub. Ümumiyyətlə, 2018-ci il aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən müəssisə və təşkilatların sayı 121325-dir.
2018-ci ilin yanvar-mart ayları ərzində ləğv edilmiş müəssisə və təşkilatların 22,7%-i “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 16%-i “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 11,3%-i “Peşə, elmi və texniki fəaliyyət”, 8%-i “Emal sənayesi”, 6,7%-i “Tikinti” və “Dövlət idarəetməsi və müdafiə; sosial təminat” sahələrinin (hər birində), qalanları isə digər bölmələrin payına düşür.

Bildirilib ki, bu dövrdə yeni yaradılmış müəssisə və təşkilatların 39,7%-i “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 17,2%-i “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 7,2%-i “Tikinti”, 6,9%-i “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, 6,4%-i “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 5,3%-i “Peşə, elmi və texniki fəaliyyət” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

Xəbər xətti