SOCAR istiqrazları üzrə növbəti faizlər ödənilib

18:15 - 17 Aprel 2018 - İQTİSADİYYAT

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə növbəti faizlər ödənilib. “SOCAR Capital” MMC-dən “Report”a verilən məlumata əsasən, istiqraz sahibləri hər istiqraza görə 12,5 ABŞ dolları olmaqla, ümumilikdə 1,25 mln. dollar əldə edib.

Bu, SOCAR istiqrazları üzrə 6-cı faiz ödənişidir və beləliklə istiqraz sahiblərinin qazancı 7,5 mln. dollara çatıb.

İstiqrazlar üzrə faiz ödənişi üçün tələb olunan vəsait Milli Depozit Mərkəzinin (MDM) Azərbaycan Mərkəzi Bankındakı hesabına aprelin 10-da köçürülüb. Bu gündən həmin vəsaitlər istiqraz sahiblərinin bank hesablarında olacaq.

SOCAR istiqrazlarının dövriyyəyə buraxılmasından keçən il yarım ərzində istiqrazlara xidmət və faiz ödənişləri intizamla yerinə yetirilib. İstiqrazların buraxılışı zamanı elan edildiyi kimi, SOCAR digər qiymətli kağızlarda olduğu kimi, daxili istiqrazlar üzrə də öhdəliklərinə ciddi surətdə əməl edir. Nəticədə SOCAR istiqrazları ölkədə ən etibarlı və likvid maliyyə alətinə çevrilib.

SOCAR-ın 2016-cı ildə daxili bazar üçün buraxdığı istiqrazların nominal qiyməti 1000 ABŞ dolları, illik gəlirliliyi 5% və yaxud hər istiqraza görə ildə 50 dollardır. İstiqrazlar üzrə faizlər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir.

SOCAR bu istiqrazlara nominal qiymətdən alış zəmanəti də verib, nəticədə istiqrazların qiyməti heç vaxt 1 000 dollardan aşağı enmir və istiqraz sahibləri onları dərhal nağd pula çevirə bilirlər.

Gəlirliyin və likvidliyin yüksək olmasına görə, SOCAR istiqrazları bazarda ən sərfəli yatırım aləti sayılır. Əhali və hüquqi şəxslər istiqrazlara böyük maraq göstərirlər. Nəticədə təkcə 2018-ci ildə SOCAR İstiqrazları ilə əməliyyatların dəyəri 19 mln. dolları keçib. İstiqrazın alıcıları arasında Azərbaycanla yanaşı xarici ölkələrin vətəndaşları da var.

2021-ci ilə qədər dövriyyəyə olacaq SOCAR istiqrazları bü müddətdə sahiblərinə 25 mln. dollar gəlir gətirəcək.

Ölkə vətəndaşları, eləcə də yerli və xarici fiziki, hüquqi şəxslər SOCAR İstiqazlarını təkrar bazardan əldə edə bilərlər. Bunun üçün onlar “ASAN Xidmət”in 1 və 5 saylı xidmət mərkəzlərinə, eləcə də *19 99 qaynar xəttinə müraciət etməlidirlər.

Xəbər xətti