Prezident seçkiləri qanunvericiliyə uyğun həyata keçirilib

19:11 - 12 Aprel 2018 - KİVDF

Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində səsvermənin ilkin nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 11 aprel prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə bildirib ki, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb: "Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev səslərin 3,04 faizini; öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3,11%; Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,02%; Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,51%; Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,39%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,18%; "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev isə səslərin 0,75% faizini toplayıb".

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib. Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir. Bu ilkin nətisədir. Yekun nəticə elan edildikdən sonra Prezidentin and icmə mərasimi keçiriləcək. Qeyd edək ki, Seçki Məcəlləsinin 203 maddəsində Prezident seçkilərinin nəticələrinin müəyyən edilməsi tənzimlənir. Bildirilir ki,. Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə Prezident seçkilərinə yekun vurur və nəticələrini təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir. Mərkəzi Seçki Komissiyasının protokoluna dairə seçki komissiyalarının məlumatlarını əks etdirən ümumi cədvəl də əlavə edilir. Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarından daxil olmuş səsvermənin nəticələri haqqında protokollar əsasında bu Məcəllənin 108-ci maddəsində göstərilənlərə əlavə olaraq, səsvermənin keçirilməsi zamanı və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilən qanun pozuntularının seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyi seçki dairələrinin sayını, səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayını, hər bir prezidentliyə namizədin lehinə verilmiş səslərin sayını müəyyən edir. Rrezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır. Prezident seçkilərinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir. Azərbaycan Konstitusiyasının 101-ci maddəsində isə bildirilir ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya məhkəməsi rəsmən elan edir. Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir. And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Qeyd edək ki, prezident seçkiləri sakit və seçicilərin fəallığı şəraitində keçib. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qeyd edib ki, səsvermə standartlara cavab verən şəraitdə baş tutub. “Heç bir xoşagəlməz hala yol verilməyib. Bu da ölkədə seçki mədəniyyətinin olmasının göstəricisidir. Bütün proseslər qanunvericiliyə uyğun həyata keçirilib. Bunu xarici müşahidəçilər də təsdiqləyir. Qazaxıstan Senatının üzvü Abdalı Nuraliyev prezident seçkilərinin yekunlarına dair təşkil olunan mətbuat konfransında deyib  ki, Azərbaycandakı prezident seçkilərində normal səsvermə üçün lazım olan hər şey edilmişdi. Onun sözlərinə görə, seçki zamanı heç bir qanun pozuntusunun şahidi olmayıblar: "İlk növbədə cənab İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm! Həqiqətən, seçki ilə bağlı böyük təşkilati işlər görülüb. Hər yerdə yaxşı atmosfer vardı. Normal səsvermə üçün lazım olan hər şey edilmişdi. Olduğumuz məntəqələrin heç birində pozuntu şahidi olmadıq, hər şey qanuna uyğun təşkil olunmuşdu".
Qazaxıstan Məclisinin üzvü Maqerram Maqerramov də qeyd edib ki, onlar hansısa qanun pozuntusu ilə rastlaşmayiblar: "Biz Bakı və Sumqayıtda 10 məntəqədə olduq. Hər yerdə normal səsvermə gördük. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Bizə məntəqələrdə kimsə narazılıq bildirmədi".

Şanxay Əməkdaşlıq Təşkilatının missiya üzvü Rəşid Alimov Kutbidinoviç prezident seçkilərinin nəticələrinə həsr olunan brifinqdə deyib ki, Azərbaycanda seçkilər yüksək rəqabət şəraitində demokratik, şəffaf keçirilib. Azərbaycan xalqı öz gələcəyini müəyyənləşdirib və bu gələcək parlaqdır". R.A.Kutbidinoviç qeyd edib ki, 16 təcrübəli missiya üzvü Bakı, Gəncə, Sumqayıt şəhəri və Abşeron rayonunda müşahidələr aparıb. Missiya müşahidələrin nəticələrini bu gün MSK-ya təqdim edəcək, daha sonra isə təşkilatın saytında yerləşdiriləcək: "Azərbaycanda seçkinin keçirilməsi üçün bütün lazimi şərait yaradılıb, seçkidə əlillərin də iştirakı təmin edilib, məntəqələrdə videomüşahidələr aparılıb. Bu da istənilən vətəndaşa imkan verirdi ki, seçkini izləsin". Bu onu göstərir ki, seçki zamanı ciddi qanun pozuntuları baş verməyib. Bu barədə isə Mərkəzi Seçki Komissiyasından bildirilib. MSK-dan verilən məlumata görə, 2018-ci il aprelin 11-də keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə prosesi seçki subyektlərinin və seçicilərin azad davranışı şəraitində və ümumən qanunvericiliyin tələblərinə uyğun keçib. Ümumilikdə seçkilər dövrü və səsvermə günü hazırki vaxta qədər hər hansı qanun pozuntusunun olmasına dair Mərkəzi Seçki Komissiyasına heç bir rəsmi məlumat daxil olmayıb. “Lakin sosial şəbəkələrdə seçkilərin demokratikliyinə və şəffaflığına kölgə salmaq istəyən bəzi maraqlı qüvvələr (Meydan TV və onun yaydığı məlumatları tirajlayan 2-3 maraqlı subyekt) tərəfindən həqiqətə uyğun olmayan və heç bir fakta söykənməyən uydurma məlumatlar yayılıb. Belə saxta məlumatlara misal olaraq demək olar ki, guya 17 saylı Yasamal üçüncü seçki dairəsinin 5, 6 və 7 saylı seçki məntəqələrində seçki qutularının standartlara cavab verməməsi, komissiya üzvlərinin yuxarıdan tapşırıqla işlədiklərini etiraf etmələri, seçki qutusuna topa bülleten atılması kimi ciddi qanun pozuntularının baş verdiyi müşahidəçi Əli Zeynalova istinadən iddia edilir, halbuki həmin şəxs qeyd edilən dairənin ərazisində və məntəqələrdə ümumiyyətlə müşahidə aparmayıb. 52 saylı məktəb 15 saylı seçki dairəsinin ərazisində olduğu halda, həmin məktəbdə 17 saylı seçki dairəsinin 5, 6 və 7 saylı seçki məntəqələrinin yerləşməsi, 57 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi mövcud olmadığı halda həmin dairədə qanun pozuntularının baş verməsinin iddia edilməsi, anonim müşahidəçilər adından onlara maneələrin yaradılması da bu qəbildəndir”.

MSK hesab edir ki, bu kimi saxta məlumat yayan internet resurslarının və sosial şəbəkə profillərinin əsas məqsədi ölkəmizdə keçirilən azad, demokratik və ədalətli seçkilərə kölgə salmaq, eyni zamanda beynəlxalq və yerli müşahidəçilərə yanlış məlumat vermək və onları yanıltmaq məqsədi daşıyır. 60 000-dən artıq yerli və beynəlxalq müşahidəçinin heç bir maneə olmadan fəaliyyət göstərdiyi və 1000 veb-kamera vasitəsilə onlayn rejimdə birbaşa izləmə imkanı təmin edilən bir şəraitdə yayılan bu cür saxta məlumatların ciddi qəbul edilməsi qeyri-mümkündür.Komissiya xüsusi olaraq vurğulayır ki, Azərbaycan seçicilərinin hüquqlarının qorunması üçün zəruri olan bütün tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək, mümkün pozuntuların qarşısının almaq və hər hansı bir pozuntu baş verdiyi tədqirdə nəticələrinin aradan qaldırılması istiqamətində lazımi addımlar atacaq.
Bütün bunlar bir daha göstərir ki, seçicilər Azərbaycanın uğurlu gələcəyinə səs verdi.

 

Xəbər xətti