Azərbaycan və Rusiya arasında pul köçürmələrinin həcmi artıb

15:06 - 26 Mart 2018 - İQTİSADİYYAT

2017-ci ildə fiziki şəxslər tərəfindən pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında transsərhəd pulköçürmələrin həcmi 595,6 mln. dollar təşkil edib.   “APA-Economics” Rusiyanın Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2016-cı il ilə müqayisədə 30,6 mln. ABŞ dolları və ya 5,42% çoxdur.   2017-ci ildə Rusiya və Azərbaycan arasında pul köçürmələrin həcmi I rübdə 116,1 mln. dollar, II rübdə 165,2 mln. dollar, III rübdə 155,4 mln. dollar və IV rübdə 158,9 mln. dollar olub. Göründüyü kimi, ötən il Rusiya və Azərbaycan arasında pul köçürmələr  daha çox II rübdə, ən az isə I rübdə olub.     Hesabat dövründə Rusiyadan Azərbaycana 531,3 mln. ABŞ dolları məbləğində vəsait köçürülüb ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 48,3 mln. ABŞ dolları və ya 10% çoxdur. Ötən il şimal qonşumuzdan ölkəmizə hər əməliyyat üzrə orta hesabla 512 ABŞ dolları köçürülüb.   Rüblər üzrə Rusiyadan Azərbaycana pul köçürmələrinə nəzər salanda məlum olur ki, ötən il bu dövlətdən ölkəmizə ən az pul köçürmələri I rübdə, ən çox II rübdə qeydə alınıb. Belə ki, şimal qonşumuzdan ölkəmizə I rübdə 100 mln. dollar, II rübdə 149,6 mln. dollar, III rübdə 140,2 mln. dollar və IV rübdə 141,4 mln. dollar vəsait daxil olub.   Azərbaycandan Rusiyaya pul köçürmələrinə gəlincə, 2017-ci ildə ölkəmizdən şimal qonşumuza 64,3 mln. ABŞ dolları məbləğində vəsait daxil olub, bu zaman hər əməliyyat üzrə orta hesabla 469 ABŞ dolları köçürülüb. 2016-cı il ilə müqayisədə ötən il Azərbaycandan Rusiyaya pul köçürmələri 17,7 mln. ABŞ dolları və ya 21,59% azalıb.   Hesabat dövründə Azərbaycandan Rusiyaya I rübdə 16,1 mln. dollar, II rübdə 15,6 mln. dollar, III rübdə 15,2 mln. dollar və IV rübdə 17,4 mln. dollar pul köçürülüb. Beləliklə, ötən il Azərbaycandan Rusiyaya ən az pul köçürmə III rübdə, ən çox pul köçürmə IV rübdə olub. 

Xəbər xətti