“Kameralara özümüz də baxırıq, nöqsanları qeydə alırıq”

11:48 - 15 Fevral 2018 - SİYASƏT

Biz həmişə çalışırıq ki, seçkiləri yüksək səviyyədə keçirək.


"Ucnoqta.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar müşavirədə deyib. 
 

Z.Nağdəliyev bildirib ki, Azərbaycan prezidentininin siyasi iradəsi Azərbaycanda seçkilərin demokratik və şəffaf keçirilməsinə təkan verib: “Seçkilərdə şəffalığın təmin edilməsi məqsədilə Prezident İlham Əliyev mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında çox ciddi vəzifələr qoyub". 
 

O qeyd edib ki, Azərbaycanda hər dəfə seçkilərdə iştirak edənlərin ümumi çəkisinin artmasına nail olunub: “Əsas vəzifə ondan ibarətdir ki, qanunvericilik pozulmasın, heç bir qanun pozuntusuna, saxtakarlığa yol verilmədən proses şəffaf keçirilməlidir. Azərbaycan dairə seçki komissiyalarına yaradılan şərait baxımından dünyada bir nümunəvi ölkə rolunu oynayacaq, çünki dairə seçki komissiyaları çox yüksək şərait yaradıb, ən yeni binalar, ən yeni məkanlar təsis olunub ki, seçicilər rahat şəkildə səsvermədə iştirak etsinlər. Artıq biz maddi-texniki bazadan, şəraitdən danışmırıq, çünki bu məsələlər artıq öz həllini çoxdan tapıb”.

  
PA rəsmisi vurğulayıb ki, yerli icra hakimiyyəti orqanlarına tapşırıq verilib ki, namizədlərin təşqivat aparması üçün yerlərə baxış keçirilsin və siyahı KİV-də dərc edilsin.
 

Z.Nağdəliyev bildirib ki, Azərbaycanda seçkilərdə 1000 vebkameralar quraşdırılır və qarşıdan gələn prezident seçkilərində də 1000 vebkamera quraşdırılacaq ki, dünyanın hər yerindən hər kəs seçkiləri izləyə bilsin: “Kameralara özümüz də baxırıq, nöqsanları qeydə alırıq, səslərin hesablanması zamanı kameralar həmin nöqtəyə tuşlanır. Bir sözlə seçkilərin yüksək səviyədə keçirilməsində dairə seçki komissiyalarının sədrlərinin böyük rolu var. Əsas vəzifəmiz ondan ibarətdir ki, demokratik və şəffaf seçkilər keçirməklə ölkəmizin nüfuzunu qoruyub saxlayaq və daha da artıraq, əvvəlki təcrübəyə əsaslanaraq seçkiləri daha mütəşəkkil və şəffaf keçirək”.

Xəbər xətti