Saxta diplomların əksəriyyəti diaqnostik qiymətləndirmədə aşkar oldu

12:49 - 9 Yanvar 2018 - Müsahibə

Kamran Əsədov: “Özəl müəssisələrdə kifayət qədər problemli sənədlərdən istifadə edərək çalışanlar var”
Nadir İsrafilov: “Nə qədər ki cəzasızlıq sindromu davam edir, bu problem öz həllini tapa bilməyəcək”


“Ötən il səhiyyə sahəsində 36 saxta diplom aşkarlanıb və bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilib”. Bunu Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib. Onun sözlərinə görə, aşkarlanan saxta diplomların əksər hissəsi orta tibb ixtisası təhsil müəssisələri (tibb kollecləri) adından verilənlərdir.  Sektor müdiri əlavə edib ki, saxta diplomların sayında ötən illərlə müqayisədə azalma müşahidə olunur. Nazirlik rəsmisi qeyd edib ki, bu il aşkar olunan saxta diplomların 10 faizi xarici ölkələrdə oxuyub geri qayıdan şəxslərə aiddir.

 Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov bildirdi ki, 2014-cü ildə keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəhbəri Məleykə Abbaszadə çıxışlarının birində dedi ki, Azərbaycanda 25 mindən çox şəxs ali təhsil haqqında diplom alıb, amma onların heç biri TQDK-nın imtahanında yetərli balı toplamayıb: “Bu problemlər daha çox 2014-cü ildən etibarən Təhsil Nazirliyinin müəllimlərin diaqnostik qiymətləndirməsini həyata keçirməyə başlayanda sonra aşkar olundu. Diaqnostik qiymətləndirmə təkcə müəllimlərin biliklərinin deyil, eyni zamanda sənədlərinin yoxlanılması üçün vacib bir addım idi. Buna qədər kifayət qədər əyri yollarla sənəd alıb təhsil və səhiyyə sistemində çalışan adamlar var idi. Bunun da əsas səbəbi istər təhsil, istərsə də səhiyyə sahəsində çalışanların  işə qəbulunun mərkəzləşmiş qaydada həyata keçirilməməsi idi”.

K.Əsədovun sözlərinə görə, orta təhsil müəssisələrində işə qəbul 2009-cu ilə qədər fərdi qaydada həyata keçirilirdi. Amma mərkəzləşdirilmiş qaydada işə qəbul 2009-cu ildən sonra ilk növbədə Bakı şəhərində, 2011-ci ildən etibarən isə bütün ölkə üzrə keçirilməyə başladı: “Hətta bu il müəllim olmaq istəyən şəxslər arasında dövlət nümunəli diplomu olmayanlar müəllim olmaq üçün imtahana qatılmaq istəyirdilər. İmtahandan sonra məlum oldu ki, 5 minə yaxın müəllimin diplomu dövlət nümunəli deyil, onlar bu və ya digər formada hansısa yollarla diplom əldə ediblər. Onların təhsil almaları ilə bağlı arxivdə və ya həmin təhsil müəssisələrinin özündə belə heç bir məlumat yox idi. Bu proses eynilə səhiyyə sistemində də baş verdi. 2015-ci ildən etibarən səhiyyə sistemində çalışanların biliklərinin yoxlanılmasına başlanıldı. Bu yoxlanma zamanı təkcə onların bilikləri deyil, təhsil sənədləri də yoxlanıldı. Və məlum oldu ki, kimlərsə kolleclərdən saxta diplomlar alıblar. 2003-cü ilə qədər təhsil müəssisələrinin özlərinin daxili qaydada tələbə qəbulunu həyata keçirmək səlahiyyətləri var idi. Amma sonra bu qaydalar ləğv olundu və bundan sonra alınan diplomlar müəyyən qaydada qanuni hesab oluna bilir”.

Təhsil eksperti əlavə etdi ki, bütün bunlardan əlavə sənədlər  və diplomlarla bağlı başqa problemlər də ortaya çıxır: “Kimlərsə gedib Dərbənd, Dağıstan, Ukrayna, Rusiyanın və s. universitetlərində təhsil alırlar. Sonra isə köçürmə yolu ilə Azərbaycanın ali təhsil ocaqlarında - Tibb Universitetinin, Bakı Dövlət Universitetinin aparıcı ixtisaslarına gəlirlər. Onlar isə bazada qəbul olunmamış tələbələr siyahısındadırlar. Həmin şəxslər diplom alan zaman isə ortaya ciddi şəkildə qeyd etdiyimiz problemlər çıxır. Hesab edirəm ki, zaman-zaman çalışanların attestasiyasının, bilik və bacarıqların yoxlanılmasının həyata keçirilməsi bu kimi problemlərin aradan qalxmasına gətirib çıxaracaq. Təklif edirəm ki, çalışan şəxslərin sənədləri, bilik və bacarıqları ciddi şəkildə yoxlanılsın. Bu zaman belə problemlər ortaya çıxmayacaq. Təəssüf ki, yoxlanılma prosesi yalnız dövlət müəssisələrində həyata keçirilir. Özəl müəssisələrdə isə kifayət qədər problemli, dövlət nümunəli olmayan sənədlərdən istifadə edərək çalışanlar var. Təbii ki, onların yoxlanılması dövlət tibb orqanlarının səlahiyyətində olmadığı üçün onlar haqqında hər hansı bir qəti bilik və məlumatlara malik deyil”.

Təhsil eksperti Nadir İsrafilov bildirdi ki, saxta diplom məsələsi artıq neçə onilliklərdir ki, gündəmdə olan məsələdir: “Bir neçə il əvvəl keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komitəsi belə bir rəqəm işlətdi ki, 20 mindən çox saxta diplom var. Sonra bu rəqəmlər dəyişdi. Bir sıra diplomlarla bağlı təhsil naziri bir sıra ölçülər götürdü və bəzi diplomları ləğv etdilər. Təhsil naziri son aylarda diaqnostik qiymətləndirmə ilə əlaqədar saxta diplomla bağlı məsələni gündəmə gətirdi. Növbəti açıqlamalarda bu rəqəmlər 2 min həddində, daha sonra isə 550-600 civarında göstərildi. Saxta diplom məsələsi nə qədər gündəmə gəlsə də, bunun saxtalığının kriteriyası hələ müəyyənləşməyib”.

N.İsrafilovun sözlərinə görə, sabiq təhsil naziri son açıqlamalarının birində deyib ki, bütün bu diplomları saxta hesab etmək olmaz: “Çünki həmin tələbələr dərsə gedib gəliblər, sessiya imtahanları veriblər. Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həmin vaxt qəbul etdi ki, hansısa xaricdə oxuyan və təhsil alanlar TQDK-nın bazasından keçməyiblər. Ona görə də, onların diplomları bizdə qəbul olunmur. Bir qrup diplomlar var ki, hansısa universitetləri qurtarıblar və sonradan bu ali təhsil müəssisələrinin lisenziyası ləğv olunub. Burada həmin adamın günahı yoxdur axı... Həmin şəxs oxuduğu universitetin lisenziyasının sonradan ləğv olunacağını hardan biləydi. Əvvəllər “İxtisasartıma və yenidən hazırlanma” adlı institut var idi. Bu sonradan Müəllimlər İnstituna çevrildi və onun 11 filialı yaradıldı. Həmin filiallar da mərkəzdən ayrı düşdü deyə, ən çox saxtakarlıq halları burada oldu. Bəzi açıqlamalar oldu ki, bunların bir neçəsi korrupsiya yoxlanılması nəticəsində bağlandı. Saxta diplom müxtəlif formalarda ola bilər. Ola bilsin ki, bunun möhürü, imzası saxtadır və s.”. 

Təhsil eksperti vurğuladı ki, ədalət naminə demək lazımdır ki, bu sahədə işlər görülür, əvvəlki dövrlə müqayisədə saxta diplomla bağlı problemlərin sayı xeyli azalıb: “Saxta diplom şərəf və başucalığı gətirən bir məsələ deyil. Saxta diplomların əksəriyyəti diaqnostik qiymətləndirmədə müəyyən olundu, hazırda da araşdırılır. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya şöbəsində diplomları bizdə tanınan 500 universitetin siyahısı var. Xaricdə təhsil almaq istəyən şəxslər həmin bölməyə girib baxa və hansı universitetlərin diplomlarının bizdə tanındığını öyrənə bilərlər. Amma əvvəllər belə bir şey yox idi. Küçələrdə, vitrinlərdə, mağazalarda elanlar vurulurdu. Həmin elanlara əsasən tələbələr xaricdə təhsil almağa gedir və ordan qayıdanda da ortada qalırdılar”.

N.İsrafilovun deyir ki,  təhsil sahəsində diplom məsələsi ilə bağlı vaxtında ölçü götürülməyib. Nə qədər ki cəzasızlıq sindromu davam edir, bu problem öz həllini tapa bilməyəcək. Biz əsas diplom alanı cəzalandırırıq, ona iş vermirik, uzaqlaşdırırıq. Amma diplomu verənlər kənarda qalıb. Düzdür, hər dəfə elan olunur ki, korrupsiya idarəsində iş gedir. Amma mən şəxsən neçə ildə hələ nəticə görməmişəm ki, hansısa bir kəs saxta diplom verdiyinə görə məsələ ictimayiləşsin və həmin şəxs cəza alsın”. 

N.İsrafilov qeyd etdi ki, 90-cı illərdə müstəqillik qazandıqdan sonra ölkənin sosial, iqtisadi və digər sahələrində problemlər, boşluqlar yarandı: “Və bu boşluqdan istifadə edərək universitetlər,  kolleclər açıldı. Burada kolleclərin sayı göbələk kimi artdı. Loru dillə desək, kolleclərə qəbul nisbətən ucuz başa gələn sahə olduğuna görə saxtakarlıq halları çoxaldı. Son vaxtlar dünya təcrübəsində ayrıca kolleclər yoxdur. Kolleclər hamısı Universitetlərin tərkibindədir. Bizdə bir-birini təkrarlayan kolleclər var. Pedaqoji kollec Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) nəzdinə verildi, xeyli kolleclər bağlandı. Rasionallaşdırma və optimallaşdırma prosesi bu gün də davam edir. Kolleclər tədricən ali məktəblərin bazasına birləşdirilir”. 
Təhsil eksperti əlavə etdi ki, son zamanlarda belə bir təşəbbüs də irəli sürülüb ki, kolleci bitirənlərə universitetə qəbul olunarkən stimullaşdırıcı şanslar tətbiq edilsin: “Onların kollecdə aldığı təhsilin nəticələri nəzərə alınır. Bütün bunların əsas səbəbi keçid dövrü ilə bağlıdır. Əgər son nəticəyə gəlsək, təhsilimizi 70 il sovet təhsil sistemindənən, bu tuneldən tam çıxmamış, beynəlxalq təhsil sisteminə inteqrasiya etdik. Belə ki, nə bundan ola bildik, nə də ondan. Avropanı tam mənimsəyə bilmədik, ona görə də keçid dövründə bu kimi halların olması təbiidir. Lakin nədənsə keçid dövrü uzun müddət davam etdi. Təhsil elə bir sahədir ki, birdən sıçrayışla nəsə etmək olmur. Burada hər şey təkamüllə getməlidir. Mən hesab edirəm ki, sistem tam şəkildə oturuşana qədər bu problemlər – istər qaydalarda, istər diplomlarda, istərsə də digər sənədlərdə davam edəcək. 2012-ci ildə ölkə başçısının göstərişi ilə Təhsilin inkişafı üzrə Dövlət Strategiyası qəbul olundu. Burada bütün hədəflər  müəyyənləşib. Orada təhlildə var ki, bizim nöqsanlarımız nə olub? Və bunları aradan qaldırmaq üçün nələri hədəfləmişik? Bu strategiya ilə bağlı fəaliyyət planı da var. Əgər bu fəaliyyət planı strategiyaya uyğun həyata keçiriləcəksə, hesab edirəm ki, yaxın onilliklərdə bu problemlər öz həllini tapa bilər”.

Könül Əhmədova 

Xəbər xətti