Ana səhifə
17 Dekabr 2017

Emin Sabitoğlunun yubiley gecəsi keçiriləcək

 Azərbaycan Dövlət Akademik Filarmoniyasında  musiqi sənətinin istedadlı nümayəndələrindən biri görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Emin Sabitoğlunun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir. Ucnoqta.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, tədbir  dekabrın 1-də keçiriləcək.

Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və maestro Rauf Abdullayev, ikinci hissədə isə Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və tanınmış müğənnilərin ifasında bəstəkarın simfonik əsərləri və mahnıları səslənəcəkdir.

Musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan Emin Sabitoğlu bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazmışdır. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edirdi.

O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. “Şükriyyə”, “Ağ çiçək”, “Kəpənək”, “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları səmimiyyəti ilə dinləyici qəlbinə daxil olmuş, musiqisevərlərin dilində əzbər olmuşdur.

Emin Sabitoğlu “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş bir çox məşhur kinofilmlərə yazılan  maraqlı, yaddaqalan musiqi müəllifi kimi də tanınır. “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Ad günü”, “Dədə Qorqud”, “İstintaq”, “Dantenin yubileyi”, “Təhminə”, “Həm ziyarət, həm ticarət” kimi filmlərin musiqisi Azərbaycanın qızıl fonduna daxil edilmiş sənət incilərindəndir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tamaşalarına yazdığı musiqi isə Emin Sabitoğlunun yaradıcılığında xüsusi yer tutur. “Yalan”, “Gülüstanda qətl”, “Bizim qəribə taleyimiz”, “Gərgədan buynuzu”, “Fərhad və Şirin”, “Unuda bilmirəm”, “Yağışdan sonra”, “Əliqulu evlənir”, “Nişanlı qız” kimi tamaşalar uzun illər teatrın  repertuarını bəzəmişdir. Bəstəkar paytaxt teatrları ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına da musiqi bəstələmişdir.  Emin Sabitoğlunun Azərbaycan Dövlət Musiqili Komediya Teatrı üçün yazdığı operettalar milli kolorit, lirik və oynaq musiqi dili ilə səciyyələnmişdir. Onların sırasında  “Hicran”, “Bankir adaxlı”, “Nəğməli könül”, “Bildirçinin bəyliyi”, “Qırmızıpapaq”, “Bir dəfə Bağdadda” kimi musiqili komediyaları dəfələrlə səhnəyə qoyularaq tamaşaçıların dərin rəğbətini qazanmışdır.

Görkəmli bəstəkar 1978-ci ildə milli mədəniyyətimizin inkişafındakı uğurlarına görə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 1986-cı ildə Dövlət mükafatı laureatı, 1997-ci ildə “Şöhrət” ordeninə, 2000-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdür.

Tarix
20 Noyabr 2017 [23:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ