Diaspora təşkilatımız dostluq və əməkdaşlıq körpüsü rolunu oynayır

18:55 - 17 Oktyabr 2017 - KİVDF

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə, iqtisadi, elmi və mədəni əlaqələrin inkişafına dəstək verir


Norveçdə uğurlu fəaliyyət göstərəndiaspora təşkilatlarından biri də Norveç Azərbaycanlıları Gənclər Təşkilatıdır. 2005-ci ildə Norveçdə yaradılan bu təşkilatın əsas məqsədi orada yaşayan azərbaycanlıların Norveç ictimaiyyətinə inteqrasiya olunmasında yardımcı olmaq, onları təşkilatlandırmaq, hüquqlarını müdafiə etmək və sosial problemlərinin həlli istiqamətində işlər görməkdir. Azərbaycan xalqının mədəniyyətini, tarixini, problemlərini və nailiyyətlərini çatdırmaqla yanaşı, iki  ölkə arasında dostluq əlaqələrini möhkəmləndirmək, iqtisadi, elmi və mədəni əlaqələrin inkişafına dəstək verməklə dostluq və əməkdaşlıq körpüsü rolunu oynamaqdır. Norveç Azərbaycanlıları Gənclər Təşkilatı bu ölkənin yerli idarəetmə orqanlarına seçkilərdə yaxından iştirak edir. Ötən il bələdiyyə seçkilərini təbliğat kampaniyasında Azərbaycan diasporu fəal iştirak edib. Oslo Azərbaycan Evi və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı ilə bələdiyyə seçkisinə dair Saqene Bələdiyyə Evində böyük debat keçirilib. Norveçin ən böyük 7 siyasi partiyası - İşçi Partiyası (AP), Mühafizəkarlar Partiyası (H), Tərəqqi Partiyası (FrP), Liberallar (V), Sosialist Solçular (SV), Yaşıllar Partiyası (MDG) və Qırmızılar Partiyasının (Rødt) nüfuzlu siyasətçilərinin qatıldığı debat həm iştirakçılar, həm də siyasi partiya nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb. Görüşdə Azərbaycan icmasının qaldırdığı məsələlər, eləcə də seçki prosesində göstərdiyi fəallığın Norveç siyasətçiləri tərəfindən diqqətlə izlənildiyi vurğulanıb. Norveç Krallığında yerli idarəetmə orqanlarına keçirilən seçkidə Azərbaycan diasporunun da dəstəklədiyi namizədlər böyük səs çoxluğu ilə qalib gəlib. Seçkinin təbliğat kampaniyasında Oslo Azərbaycan Evi və Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) başda olmaqla, Norveçdəki Azərbaycan diasporunun nümayəndələri fəal iştirak edib. Oslo Azərbaycan Evinin sədri Ramil Əliyev bildirib ki, Norveçin siyasi həyatında fəal iştirak edərək bu ölkədə yaşayan azərbaycanlıların maraqlarını təmsil etmək və siyasi elitaya təşkilatlanmış, güçlü cəmiyyət olduğumuzu göstərmək baxımından bu debat mühüm əhəmiyyət kəsb edir: "Ümid edirik ki, bu tədbir eyni zamanda Azərbaycan icmasının Norveç siyasi elitası ilə münasibətlərinin möhkəmləndirilməsində böyük rol oynayacaq, Azərbaycan həqiqətlərinin gələcəkdə Norveçin siyasi arenasında səsləndirilməsinə zəmin yaradacaq və ölkələr arasında siyasi əlaqələrin güclənməsinə imkan verəcək".
Bundan başqa, Norveçdə fəaliyyət göstərən Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evi Xocalı soyqırımının ildönümlərində, fevralın 26-da Norveç parlamentinin binası qarşısında dəfələrlə mitinq təşkil ediblər. Aksiyada hər iki təşkilatın üzvləri, Azərbaycan diasporunun fəal nümayəndələri və Azərbaycan icmasına yaxın olan norveçlilər iştirak edirlər. Tədbirlərdə 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində günahsız insanların ermənilər tərəfindən soyqırımına məruz qalması yerli ictimaiyyətin diqqətinə çatdırılır və faciəyə Norveç parlamentinin hüquqi qiymət verməsi tələbi irəli sürülür.  Bundan başqa,  “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bır sıra tədbirlər də təşkil edili Məsələn,  Oslo şəhərinin Saqene meriyasında Xocalı soyqırımı ilə bağlı seminar keçirilib, Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış fotoların nümayiş olunduğu sərgi təşkil olunub və Qarabağ müharibəsinin dəhşətlərini özündə əks etdirən seminar təşkil edilib.
Xocalı soyqırımı qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan seminarda Oslo Azərbaycan Evinin sədri Ramil Əliyev çıxış edərək Xocalı soyqırımının ermənilərin insanlıq əleyhinə törətdiyi ən dəhşətli bəşəri cinayət olduğunu qeyd edib. O bildirib ki, rəhbərlik etdiyi diaspor təşkilatının qarşıya qoyduğu əsas vəzifələrdən biri erməni vəhşiliklərini Norveç ictimaiyyətinə, beynəlxalq aləmə çatdırmaqdır: “Bu dünya ictimayyətini bu cinayət haqda məlumatlandırmaqla yanaşı, ona hüquqi qiymətin verilməsini də tələb etməliyik. Xüsusilə xaricdə yaşayan azərbaycanlılar olaraq yaşadıqımız ölkələrdə böyüyən gənc azərbaycanlı nəslə erməni vəhşilikləri və ədavəti haqqında geniş məlumat verməli, eyni zamanda onların ölkəmizin daim güclənməsinə və inkişaf etməsinə yardım etməli olduqlarını anlatmalıyıq."
Qeyd edək ki. Azərbaycanla Norveç arasında əlaqələrin inkişafında, Azərbaycan həqiqətlərinin norveçlilərə çatdırılmasında ötən il Bakıda keçirilən tədbirlər də önəmli rol oynayır. “Flame Towers”da Nuridə Qurbanova Mərkəzi tərəfindən təşkil olunan "Azərbaycan-Norveç sülh körpüsü" adlı tədbir buna bariz nümunədir. Tədbirdə görkəmli ictimai xadimlər, mədəniyyət, incəsənət, elm, diplomatik missiyaların nümayəndələri, Norveçdən olan fəxri qonaqlar iştirak ediblər. Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev qeyd edib ki, Azərbaycan indi də çoxmillətli, çoxkonfessiyalı ölkədir, burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh şəraitində yaşayırlar: Q.Əliyev bildirib ki, Azərbaycan ərazisinin 20 faizi Xocalıda soyqırım törədən Ermənistan tərəfindən işğal olunub, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün doğma evlərinə qayıda bilmir.O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanması beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının Nizamnaməsinə, qətnamələrinə əsaslanmalıdır.
Sonda Q. Əliyev "Dobrıy svet” Akademiyasının və Mədəniyyət üzrə Beynəlxalq Qadın Şurasının prezidenti, UNCOPA sülh missiyasının səfiri, Rusiya Beynəlxalq Yaradıcılıq Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru Nuridə Qurbanovaya sülhməramlı fəaliyyətinə görə dərin minnətdarlığını bildirib, onun xalqlar arasında sülh və dostluğun möhkəmlənməsində ictimai fəaliyyətini yüksək qiymətləndirib. Daha sonra çıxış edən Norveçin sabiq Baş naziri Ş.M.Bundevik və parlamentin deputatı Ə.Şeyk qonaqpərvərliyə görə səmimi təşəkkürlərini bildiriblər, regional inkişaf və təhlükəsizliyə, sabitliyə və multikulturalizmə əhəmiyyətli töhfə verən Azərbaycanın sülhsevər siyasətini, ölkənin liderlik mövqeyini yüksək qiymətləndiriblər, ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik, ayrı-seçkilik, müharibə və terrora qarşı ciddi mübarizə aparmağa çağırıblar. Norveçli qonaqlar müxtəlif ölkələrin xalqları arasında sülhün möhkəmləndirilməsi və dostluq körpülərinin qurulması işində müsəlman qadını kimi N.Qurbanovanın rolunu xüsusi qeyd ediblər. Onlar bildiriblər ki,  N.Qurbanova iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə də öz töhvələrini verir.Sonda N.Qurbanova tədbir iştirakçılarına minnətdarlığını bildirib. N.Qurbanova deyib: “Mən bərəkətli Azərbaycan torpağı Qarabağda, hazırda işğalçıların əlində olan Şuşa şəhərində anadan olmuşam. Təqribən 25 ildir torpaqlarımız Ermənistan tərəfindən işğal olunub. Azərbaycan problemin sülh yolu ilə həllinin tərəfdarıdır və biz torpaqlarımızdan işğalçı qoşunların dərhal çıxarılmasını tələb edirik, bütün beynəlxalq ictimaiyyəti bu problemə olduqca ciddi yanaşmağa çağırırıq. Bütün insanlar ləyaqət hissi ilə yaşamaq, uşaqlarını dinc və təhlükəsizlik şəraitdə böyütmək istəyirlər. Bütün dinlər eyni dəyərlərin tərəfdarıdır - humanizm, mərhəmət, həmrəylik, sülh. Sülh naminə bütün mütərəqqi bəşəriyyəti birləşdirmək lazımdır. ”.

Xəbər xətti