Ana səhifə
27 Sentyabr 2017

Şimali Koreya hadisələri qızılın qiymətini artırır, bəs neft?

Vüqar Bayramov: “Növbəti dövrdə Şimali Koreya ətrafında baş verənlər qızılın qiymətinin müəyyənləşməsində həlledici olacaq”

İlham Şaban: “Əgər qarşıdurma soyuq haldan isti hala keçərsə, neftin qiymətinə təsiri daha çox ola bilər”


Şimali Koreya ətrafında baş verən hadisələr qızılın qiymətini son illərin maksimum həddinə çatdırıb. Belə ki, son günlər qızılın qiyməti çox sürətlə qalxır. COMEX-də sonuncu hərraclarda isə qızılın unsiyasının qiyməti 11,00 dollar artaraq 1 341,40 dollara çatıb. Bu son ilin ən yüksək qiymət göstəricisidir.
Ötən həftə isə qızılın qiyməti ümumilikdə 2,6 faiz artmışdı. Hətta bu həftə qızılın unsiyasının qiymətinin 1375 dollaradək qalxacağı proqnoz edilir. Hadisələrin fonunda qarşıdakı dövrdə qızılın qiymətində vəziyyət necə cərəyan edə bilər? Bu hadisələrin neftin qiymətinə hər hansı təsiri olması gözlənilirmi?
İqtisadçı alim Vüqar Bayramov “Üç nöqtə”yə açıqlamasında bildirdi ki, qızılın qiymətindəki artımın əsas səbəbi Şimali Koreya ətrafında baş verən hadisələrdən dolayı qızıla tələbin artmasıdır: “Qızılın dünya bazarında qiymətində artımlar müşahidə olunmaqdadır. Onun bir unsiyasının qiyməti 1330 dollardan bahadır və bu o deməkdir ki, bir qram qızılın qiyməti təxminən 42 dolları keçib. Bu da son dövrlər üçün çox yüksək qiymət kimi xarakterizə olunur. Son 6 ayda qızılın qiyməti 8 faizdən çox artıb. Bir ay ərzində isə qızılın qiymətində 5 faizdən artıq artım qeydə alınıb. Təbii ki bir əmtəənin qiymətinin ay ərzində 5 faiz qalxması kifayət qədər ciddi artımdan xəbər verir. Bu da onu göstərir ki, qızıla tələb artır. Belə ki Şimali Koreya ətrafında baş verən hadisələr Asiyadan olan, o cümlədən Şimali Koreyanın potensial hədəf ala biləcəyi ölkələrdən olan investorları vəsaitlərinin bir hissəsini məhz bazardan çəkərək daha riski az olan formada qızıla yönəltməyə məcbur edir. Bu da nəticədə qızıla tələbin artmasına gətirib çıxarır, qiymətlərə təsirsiz ötüşmür”.
İqtisadçı deyir ki, valyuta bazarındakı qeyri-müəyyənlik də qızılın qiymətinə təsir edən faktorlar sırasındadır: “Çünki dolların məzənnəsində azalmalar müşahidə olundu. Dollarlın avroya nisbətəm məzənnəsi proqnozlaşdırılandan daha çox dəyişdi. Bu konteksdə təbii ki valtuya bazarında qeyri-stabillik formalaşıb. FED-in son açıqlamaları və Ağ Evin, xüsusilə dolların məzənnəsinin aşağı düşməsində maraqlı olması faktı investorların valyutalara investisiya etməsində də müəyən bir tərəddüd formalaşdırdı. Bu da qızıla tələbi artırıb”.
V.Bayramovun sözlərinə görə, növbəti dövrdə Şimali Koreya ətrafında baş verənlər qızılın qiymətinin müəyyənləşməsində həlledici olacaq: “Birmənalı şəkildə qızılın qiymətini növbəti dövrdə müəyyənləşdirən faktorlardan biri Şimali Koreyanın ətrafında proseslərin necə dəyişməsi olacaq. Ümumiyyətlə, valyuta bazarındakı vəziyyəti də nəzərə alsaq, dünya bazarında qızılın qiymətində artımların olacağı proqnozlaşdırılır”.
İqtisadçı deyir ki, Azərbaycanda qızılın qiymətində artım qeydə alınsa da, Məhərrəmlik ayı ilə əlaqədar olaraq həmin dövrdə qiymətlər stabil qalacaq: “Azərbaycan istehlak bazarında qızılın qiymətində müəyyən artımlar müşahidə edilir. Bazar iştirakçıları qiymət artımlarının olmadığını bildirsələr də, bizim monitorinqlər göstərir ki, reallıqda idxal edilən ölkəyə görə 2017-ci ilin geridə qalan aylarında qızılın qiymətində 8-10 faiz həcmində artım müşahidə edilir. Amma bununla belə biz proqnozlaşdırırıq ki, hətta dünya bazarında qızılın qiymətinin artmasına baxmayaraq sentyabrın sonuna doğru, xüsusilə Məhərrəmlik ayının başlaması ilə əlaqədar Azərbaycan daxili bazarında qızıla tələb azalacaq. Bu da qızılın qiymətinin stabilləşməsinə səbəb olacaq. Çünki onsuz da qiymətlər yüksəkdir, tələb az olan dövrdə isə sahibkarlar müəyyən qədər qiymətləri stabil saxlayacaqlar ki, satışı davam etdirə bilsinlər. Amma ilin sonuna doğru Azərbaycanın istehlak bazarında  qızılın qiymətində artımların olacağı proqnozlaşdırılır. O baxımdan, növbəti dövrdə həm dünya bazarında, həm də ilin sonuna doğru Azərbaycan bazarında qızılın qiymətində artımlar gözləniləndi”.
V.Bayramov deyir ki, əgər  Şimalı Koreya ilə bağlı proses diplomatik yolla həll edilməsə, gərginlik davam etdiyi müddətdə qızılın qiymətində artım qeydə alınacaq: “Praktiki olaraq belə bir təhlükə var. Asiyada xüsusilə Cənubi Koreya və Yaponiyanın da cəlb olunduğu müharibə başlaya bilər. Belə bir təhlükənin olması nəticə etibarilə qiymətləri artırır. Növbəti dövrdə diplomatik yolla problemi həll etmək mümkün olacaqsa, o zaman qızılın qiyməti stabilləşəcək, yenidən investorlar qızıl bazarından valyuta və digər bazarlara öz vəsaitlərini yönəltməyə çalışacaqlar. Amma problem davam edərsə, ilin sonuna doğru gərginlik qaldığı müddətdə qızılın qiymətində artımın qeydə alınmasına gətirib çıxaracaq”.
İqtisadçı qeyd etdi ki, Şimali Koreya ətrafında baş verən hadisələrin neftin qiymətinə təsir edəcəyi gözlənilmir: “Çünki həmin ölkələr nefti istehsal yox, idxal edirlər. Buna görə neftin qiymətində artımlara gətirib çıxara bilməz. İnvestorlar neftə sərmayədə maraqlı deyillər. Uzunmüddətli dövr üçün proqnozlaşdırmaq çətindir, qısa və ortamüddətli dövr üçün isə qiymət artımları hələlik beynəlxalq təşkilatlar tərəfindən proqnozlaşdırılmadığına görə, neftin dünya bazarında qiymətinə ciddi təsir göstərməyib”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, hadisələrin neftin qiymətinə müəyyən təsirləri var: “Bu siyasi gərginliyin nəticəsi olaraq neftin bir barrelinin qiyməti son 10 gün ərzində 52 dollardan yuxarı, yaxud həmin rəqəm ətrafında cərəyan edir. Hər raket buraxılışından sonra qonşu ölkələrin, o cümlədəm Yaponiya, Çin, Cənubi Koreya və ABŞ-ın ona münasibətləri birjalarda qiymətə təsir edir. Çünki Koreya Yarımadası ətrafında hərbi qüvvələr cəmləşir, orada siyasi gərginlik artır”.
İ.Şaban bildirdi ki, əgər qarşıdurma soyuq haldan isti hala keçərsə, neftin qiymətinə təsiri daha çox ola bilər: “ Şimali Koreyanın Cənubi Koreya, yaxud ABŞ donanması ilə müharibəsi həm dənizdə, həm quruda baş verə bilər. Dənizdə müharibə ilk növbədə Yaponiyaya, Çinə gedən tankerlərin axınının qarşısını ya ala bilər, ya onu müvəqqəti tormozlandıra bilər. Əlbəttə ki, bu qısa zamanda neftin qiymətinə təsir edər. Həmin ərazidə Cənubi Koreya, Yaponiya, Çin kimi böyük enerji istehlakçıları yerləşir. Onların enerji ilə təminatında hər hansı problem yaranarsa - müharibə şəraiti həm də enerjiyə olan tələbatın artması deməkdir - bu da istər-istəməz obyektiv səbəbdən enerji daşıyıcılarının qiyməti artırması deməkdir. Məntiqlə belə olan vəziyyətdə neftin bir barrelinin qiymətinin 60 dollardan yuxarı keçməsi qaçılmaz ola bilər. Amma bu stabil dövr üçün yox, ancaq gərginliyin davam etdiyi müddətdə ola bilər”.

Aygün

Tarix
12 Sentyabr 2017 [13:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ