"Turan Ekspress" qəzetinin fəaliyyətində azərbaycançılıq ideyası durur

18:13 - 6 Sentyabr 2017 - KİVDF

Qəzet Qazaxıstanla Azərbaycan arasında körpü rolunu oynayır

"Bu gün əqidəsindən, dünyagörüşündən asılı olmayaraq Azərbaycanı özünə tarixi Vətən bilən hər bir azərbaycanlının vahid amal uğrunda birləşməsi, həmrəylik nümayiş etdirməsi tarixi missiya, dövrün tələbi və zamanın çağırışıdır. Milli birlik, vətəndaşlıq birliyi olmadan tərəqqiyə, əmin-amanlığa və firavanlığa qovuşmaq çətindir". Bunu Qazaxıstandakı Azərbaycan Diaspor Təşkilatları İttifaqının sədri Vidadi Salahov deyib. Onun sözlərinə görə, Qazaxıstanda Azərbaycan diasporunun fəaliyyəti hazırda çox güclüdür. Bu gün Qazaxıstanda yaşayanlar arasında yarım əsr ərzində iki dəfə deportasiyanın acısını çəkmiş, daha doğrusu, müharibədən əvvəl və müharibə illərində zorla öz doğma vətənlərindən sürgün edilən insanlar var. Onların bir hissəsi isə Özbəkistana sürgün edilibdi. Xatırladığınız kimi, vaxtilə burada məshəti türkləri ilə bağlı xoşagəlməz hadisələr baş vermişdi. Bu hadisələr azərbaycanlılardan da yan keçmədi və onlar bu dəfə Özbəkistandan qaçmağa məcbur oldular - kimi öz tarixi Vətəninə, kimi Rusiyaya, kimi isə Qazaxıstana. Diaspora sədri bildirib ki,Azərbaycanlı və türklərdən təşkil olunmuş diaspor ətrafında toplaşanlar o zaman, yəni 1937-43-44-cü illərdə Gürcüstandan və Azərbaycandan sürgün olunmuş insanların nəsillərindəndir. Ancaq hazırda Qazaxıstanda məskunlaşan azərbaycanlıların əksəriyyəti təhsillə əlaqədar olaraq və ya işləmək məqsədilə özləri könüllü şəkildə burada yaşayırlar. Ən sonuncu miqrasiya isə ermənilər tərəfindən zəbt olunmuş Dağlıq Qarabağ və onun ətraf şəhərlərindən məcburi köçüb gələnlərdir. Hazırda Qazaxıstandakı məcburi köçkünlərin sayı 10 mindən çoxdur".
Vidadi Salahov bildirib ki, milli birlik, vətəndaşlıq birliyi olmadan tərəqqiyə, əmin-amanlığa və firavanlığa qovuşmaq çətindir. "Uzun illərdir Qazaxıstanda yaşayıram və orada diaspor işi ilə məşğul olmağımla yanaşı Qazaxıstanda yayımlanan 20 min tirajlı, üç dildə (Azərbaycan, qazax və rus) nəşr edilən həftəlik və beynəlxalq "Turan Ekspress" qəzetinin baş redaktoru və təsisçisiyəm. İctimai işlər həyatımın ayrılmaz bir hissəsidir". Qəzetin ilk nömrəsi 2004-cü ildə işıq üzü görüb. Həmin dövrdə qəzetin təqdimat mərasimində Astana mətbuat mərkəzinin fəxri prezidenti Toleqen Muxamedcanov, Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov, qəzetlərin baş redaktorları, milli mədəniyyət mərkəzlərinin sədrləri, Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər. Bu gün “Turan-ekspress” qəzeti Qazaxıstanla Azərbaycan arasında körpü rolunu oynayır. Mətbuat orqanı iki dövlət arasında mehriban münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. “Turan Ekspress” qəzeti təkcə Qazaxıstanda deyil, qonşu ölkələrdə də yayılır və burada müntəzəm olaraq Ermənistanın Azəbaycana hərbi təcavüzü, azərbaycanlıların və türklərin soyqırımı haqqında geniş materiallar verilir. Bundan əlavə, 20 Yanvar faciəsi, Xocalı soyqırımının ildönümlərində qəzetin xüsusi nömrələri hazırlanır və pulsuz paylanır."Turan Ekspress” qəzeti ulu öndər Heydər Əliyev barədə müntəzəm məqalələr dərc edilir. Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaranmasında və möhkəmlənməsində, ölkəmizin neft strategiyasının inkişafında müstəsna xidmətləri ilə əlaqədar geniş materiallar verilir. Nəşrdə ulu öndərin müxtəlif vaxtlarda Qazaxıstan, Özbəkistan, Türkiyə və bir sıra digər dövlətlərin rəhbərləri ilə görüşlərini əks etdirən fotoşəkillər və yazılar da var.
Ümumiyyətlə, qəzetin fəaliyyətində azərbaycançılıq ideyası durur. Azərbaycanın zəngin tarixi, misilsiz mədəni irsi və görkəmli ziyalıları haqqında ətraflı məlumatlar verilir.Mətbuat orqanı hər il Azərbaycanla bağlı olan bayramlar və anım mərasimləri ilə əlaqədar olaraq soydaşlarımızla birgə silsilə tədbirlərdə yaxından iştirak edir və onları işıqlandırır. Bütün bu işləri həyata keçirməkdə məqsəd odur ki, Qazaxıstanda yaşayan və gələcəyimizin təminatçısı olan uşaqlara, gənclərə yaşadığı ölkənin adət-ənənəsini, dilini bilməklə yanaşı doğma vətəninə sevgi, xalqına, millətinə, dilinə həmişə sadiq qalmaları tövsiyə edilir. Bu komponentə sadiq qalmaq və onu qorumaq hər bir vətəndaşın mənəvi borcudur.
Qəzetdə Xoçalı soyqırımı barədə də geniş məlumatlar verilir. Diaspora sədri bildirib ki, güclü təbliğat olmalıdır. "Özü də təbliğat əyani vəsaitlər və dəqiq faktlar əsasında dünyaya çatdırılmalıdır. Fəaliyyətimin ilk dövrlərində, yəni qəzetimiz orada geniş yayılmayana qədər və mənim universitetlərdə çıxışlarım olmadığı zamana qədər qazaxıstanlıların çoxunun Xocalı hadisələri ilə bağlı heç bir məlumatı yox idi. Birinci dəfə olaraq redaktoru olduğum "Turan Ekspress" qəzetinin bir nömrəsini Xocalı faciəsinə həsr etdim və bu hal orada böyük bir rezonans doğurdu. Mən onu demək istəyirəm ki, indiki zamanda Azərbaycandan kənarda fəaliyyət göstərən diaspor təşkilatları birləşərək informasiya blokadasını yarmalı və Azərbaycan həqiqətlərini yaşadığı ölkənin dilində həmin ölkənin vətəndaşlarına çatdırmalıdır". O bildirib ki, Qazaxıstan azərbaycanlılarının diaspor təşkilatlarının birliyi Qarabağ məsələsini daim diqqətdə saxlayır. " Daim beynəlxalq təşkilatlara müraciət edir, onların diqqətini Dağlıq Qarabağ problemlərinə yönəltməyə çalışırıq. Bizim müraciətlərdə bildirilir ki, Qazaxıstanda yaşayan on minə yaxın Dağlıq Qarabağdan məcburi köçkün düşmüş azərbaycanlının torpaqları, evləri, maddi varlıqları zəbt olunub. Onların hüquqlarının pozulmasında Ermənistan hökuməti günahkardır". 

Diaspora sədri bildirib ki,Qarabağ haqqında artıq Qazaxıstanda lazımınca doğru məlumatlar alınır, çünki qəzetimiz buraxılır. "Bundan başqa, mən Qazaxıstan Texnologiya və Biznes Universitetinin müəllimi kimi bir çox universitetdə çıxış edir və minlərlə tələbə qarşısında Qarabağ münaqişəsinin yaranmasında kimin haqlı olduğu barədə dəqiq məlumat verirəm. Buna baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı yenə də geniş informasiya tələb olunur. Mənə elə gəlir ki, azərbaycanca yazıb yalnız öz ictimaiyyətimizi məlumatlandırmaq kifayət deyil. Sürətli şəkildə dünyada oxunan ingilis və rus dillərində, ən azından MDB dövlətlərində bu həqiqətlərin çatdırılması üçün rus dilindən istifadə etmək lazımdır. 
Əsas odur ki, nüfuzlu, cəmiyyətdə mövqe tutan, ən əsası Vətənə öz töhfəsini vermək istəyən soydaşlarımız könüllü şəkildə təşkilata üzv yazılaraq fəallıq nümayiş etdirsinlər və etdirirlər də. Məhz bunun nəticəsidir ki, Qazaxıstanın hakim dairələrində də təşkilatımız haqqında çox yüksək fikir formalaşıb".
Qeyd edək ki,Qazaxıstan həmişə bu məsələdə Azərbaycanla birlikdə olub. Hər iki ölkə ikitərəfli müstəvidə olduğu kimi, beynəlxalq və regional təşkilatlar çərçivəsində də daim bir-birini dəstəkləyir. Hətta fərqli siyasi və iqtisadi birliklərdə təmsil olunsalar belə qarşılıqlı dəstəyi nümunəvi adlandırmaq doğru olar. Bu mənada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qardaş Qazaxıstanın göstərdiyi prinsipial mövqe olduqca böyük əhəmiyyət daşıyır. Nursultan Nazarbayevin Moskvada keçirilən Avrasiya Ali İqtisadi Şurasının zirvə görüşündə Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması zamanı bu ittifaqın sərhədlərinin dəqiqləşdirilməsinin vacibliyi ilə bağlı nümayiş etdirdiyi mövqe bütün Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Bundan əlavə, 2016-cı ilin aprel ayında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni hərbi qüvvələrinin təxribatı nəticəsində baş verən hadisələr zamanı Qazaxıstan ictimaiyyətinin sosial şəbəkələr və mətbuat vasitəsilə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi iki qardaş xalqın hisslərinin təbii ifadəsi kimi qəbul olunur. Bu işdə "Turan Ekspress" qəzetinin də fəaliyyəti təqdirə layiqdir.
(Ardı var)
.

Xəbər xətti